Elbəyi Həsənli yaşadığı Sürix şəhərində İsveçrəyə
sığınmış türkmənləri danışdırıb. Və ürək parçalayan, insanın qanını
donduran bir yazı hazırlayıb. Həmin yazını təqdim
edirik.
Bəri başdan sünni və şiə qardaşlarımdan üzr istəyirəm. Çünki bu
yazıda istər-istəməz bu ayrıntıları vurğulamaq gərəkdi. Yoxsa
mahiyyəti anlamaq zor olar. Onu da vurğulayım ki, bu
ayrı-seçkiliyin qəti əleyhinəyəm. Və İslam dünyasını birlik və
bərabərlik içində, mədəni və iqtisadi intibah dövründə görmək
arzusundayam. Ona da əminəm ki, xalqımız məzhəb savaşının dağıdıcı
qasırğa kimi ölkələri necə xaraba qoymasından gərəkən nəticələri
çıxarıb. Biz şərin hökmü ilə İslam aləmini qana çalxamış bu yabançı
dalğanın təsir dairəsindən kənarda qalmağı bacaracağıq...
Sürixdəki iraqlı qonşularım
Yaşadığım Sürix şəhərində 5-6 qonşum əslən İraqdandır. Bəziləri
sünni, bəziləri isə şiədir. Türkmən soylu Əli şiədir. Onun haqqında
ötən yazılarımın birində söhbət açmışdım. Bu dəfə isə onun haqqında
daha geniş danışmalı olacam. Əli bir müddət Bakıda yaşadığından
Azərbaycanı çox sevir. Söhbətimiz zamanı bizim türkcəyə xas olan
sözləri həvəslə işlədir. O gün onun qapısını ürək ağrısı ilə
döydüm. Qardaşının İraqda şəhid olması xəbərini yenicə duymuşdum.
Ağlamaqdan qan çanağına dönmüş gözləri şişmişdi. İçəri keçdim. Elə
yenicə oturmuşduq ki, qonşuluqdakı kürd əsilli iraqlı da öz xanımı
ilə məclisə buyurdu. Onlar öz aralarında ərəbcə danışırdılar. Arada
Əli etdikləri söhbətin məzmunu barədə mənə məlumat verirdi.
Dediklərindən bəlli oldu ki, kürd qonşumuz Bağdadda kürdlərə divan
tutulmasından bərk narahatdır. Sən demə, peşmərgələr vəziyyətdən
istifadə edərək Kərkükü ələ keçirdikdən sonra İraqın mərkəzi
hökuməti ilə kürd muxtariyyəti arasında münasibətlər kritik həddə
gərginləşib. Belə ki, İŞİD-in terrorçu bölmələri qarşılarına çıxan
şiələri qırıb-çatdığı bir vaxtda sünni kürdlərin Kərkükü işğal
etməsi vətənə xəyanət kimi dəyərləndirilib. Nəticədə hazırda
kürdlər kütləvi şəkildə Bağdadda qətlə yetirilir. Bu işi isə yeni
yaranmış "Əsəhülhəqq" adlı partiyanın tərəfdarları həyata
keçirirlər. İraqda dəngələr elə pozulub ki, kimin kimlə dost və ya
düşmən olması belə bəlli deyil...
Yaxşı ki, kürd qonşum xanımı ilə birlikdə bizlərdən tez ayrıldı.
Fürsətdən istifadə edib uzaq İraqda baş verən faciəli olaya
aydınlıq gətirməyə çalışdım.
Əlinin anlatdıqlarından...
- Həyatım, (türkmənlər ehtiram bəslədikləri şəxsə belə müraciət
edərlər), qardaşım İsam Eyvaz şəhid düşdü. 30 yaşı vardı. 2 yaşında
qızı yetim qaldı. Hələ üstəlik xanımı da hamilədir. İsam
xəstəxanada erkək xəstə baxıcısı qismində çalışırdı. Xanımına
söyləyib ki, bu gecə işdə olmalıyam. Xanımı deyib ki, axı bu gün
sənin iş günün deyil. "Arkadaş xəstədir, onu əvəzləməyim gərəkir",
deyib... Sən demə, iyunun 28-də 600 min əhalisi olan Duz Xurmat
şəhərindən (bu şəhər həm duzu, həm də xurması ilə məşhur olduğundan
belə adlanır) 30 nəfər yaraqlı-yasaqlı toparlanıblar. Təzə
Xurmatdan və Kərkükdən də xeyli adam onlara qoşulub.
"Cənazələr 50 dərəcə istidə ortada qalıb"
Bəşir şəhərindən qaçmış şiələr də Təzə Xurmatda bunlara qoşulub.
Məqsəd bu imiş ki, Bəşirə hücum etsinlər. Çünki oranı İŞİD işğal
edibmiş və yerli şiələrə divan tuturmuşlar. Bu arada isə İraqda
dünya şiələrinin mənəvi rəhbəri kimi qəbul olunan Seyid Əli Sistani
fətva verdirib ki, bütün şiələr silaha sarılsın və İŞİD-ə qarşı
cihada qalxsın. Qardaşım da bir çoxları kimi bu fətfaya cavab
olaraq Bəşiri xilas etməyə gedənlərə qoşulub. Müxtəlif yerlərdən
şiələri bir yerə Əbu-Eyyub toparlayıb, Abbas Coma isə hərbçi
olduğundan onlara rəhbərlik edib. Plan belə olub ki, üç yerə
bölünmüş qruplar müxtəlif istiqamətlərdən Bəşir şəhərinə hücum
etsinlər. Gecə ilə yola çıxıblar. İsam özündən böyük olan qardaşım
Mühənnədə zəng vurub deyib ki, mən savaşa gedirəm. Salamat
qalın...
Qardaşımgil Bəşirlə Təzə Xurmatın arasındakı Şəmsə adlı balaca
bir kənddən keçiblər. Bir qədər irəlilədikdən sonra Şəmsə tərəfdən
onları atəşə tutublar. Sən demə, bu kənd İŞİD tərəfdarları
tərəfindən tutulubmuş. Onlar qardaşımgilin dəstəsinə öncə
bilərəkdən atəş açmayıblar ki, kənddən topa halında çıxanda
gülləbaran eləsinlər. Bəşir tərəfdən də atəş açmağa başlayıblar.
Beləliklə, qardaşımgil hər iki tərəfdən atəş altına düşüb. Nə
geriyə, nə də irəli yolları olub. Sağdan və soldan irəliləyən
qruplarla əlaqə saxlayıblar. Məlum olub ki, hər iki qrup minalanmış
sahəyə düşüb və xeyli itki verərək geri çəkilib...
Telefonlarını terrorçular götürdü: "Hamısını
qırdıq..."
Qardaşımgilin dəstəsində olan 30 nəfərin mobil telefonuna zəng
vururuq. Terrorçular götürür. Onlar da deyirlər ki, hamısını
qırmışıq, meyitləri də ortada qalıb. İraqdakı qardaşım Mühənnəd
terrorçularla danışıb. Deyib ki, bu mənim qardaşımın telefonudur.
O, hardadır? Deyiblər ki, öldürmüşük. "Niyə öldürdüz",-deyə sual
edib. Deyiblər ki, qardaşın Bəşirə hücum edib bizimlə savaşa çıxıb.
Biz də öldürmüşük. Hələ öləndən sonra da başına 8 güllə sıxmışıq.
Qardaşım deyib ki, axı siz gəlib Bəşiri işğal etmisiz, insanları
qırmısız. Hazırda 45-50 dərəcə istidə 400-500 meyit Bəşirin
küçələrində qalıb. İydən baş çatlayır. Nə özünüz onları dəfn
edirsiz, nə də meyitləri şiələrə verirsiz ki, özümüz
basdıraq...
Əli yenidən kövrəlir. Özünü ələ alıb söhbəti davam
etdirməyə çalışır...
- Bəşirdə ələ keçən qadınları zorladıqdan sonra asıblar, yaşlı
adamları güllələyiblər. Cavanlara isə heç aman verməyiblər.
Qardaşım da düşünüb ki, bizim də ana-bacımız var. Nə qədər gəlib
Duz Xurmatı tutmayıblar, biz terrorçuları elə kənardaca məhv edək.
Amma istəkləri baş tutmayıb. Qardaşım son anlarında Ərcan adlı
dostunu arayıb, deyib ki, biz bu savaşdan sağ çıxmarıq, haqqınızı
halal edin. Deyim ki, belə savaşlarda qardaşım öncələr də olmuşdu.
Ona görə bilib ki, burası sondu, qurtuluş yoxdu...
Yenə fikrə gedir. Qarşısında çoxdan soyumuş çaydan bir qurtum
alıb, sanki fikrini toparlamaq istəyir...
- Qardaşımla bir yerdə döyüşmüş Həmdi Çayçıoğlu da Ümid adlı
dostunu arayaraq, deyib ki, hər kəs ölüb, biz 3 nəfər qalmışıq.
Ancaq güllələri tükənib. Ona görə hərəmiz bir tərəfə tək-tək atəş
açırıq. Bizə güllə çatdırın. Ümid də geri dönən ikinci qrupda olub.
Deyib ki, biz oradan çox geridəyik, mümkün deyil...
Başqa bir qohumum Adnan - qardaşını aramış və o da deyib ki,
canımda 5 güllə var. Məni qan aparır. Haqqınızı halal edin. Bir
saata ölərəm. Sonra xanımını arayıb, deyib ki, mən sənə yalan
demişdim. Əslində savaşa gedirdim. Uşaqlar sənə əmanət. Haqqını
halal et, sonuma bir şey qalmadı...
"İŞİD başını kəsib, videonu youtubeyə qoydu, anası
baxdı, havalandı"
Əli İphonundakı qətlə yetirilmiş insanların fotolarını mənə
göstərir: "Abi, bu fotoları terrorçular özləri youtubeyə qoyublar.
Bax, bu şəkildəkilər mənim qardaşımla bir dəstədə olublar. Biz də
interneti ələk-vələk etmişik, hələ ki İsamın fotosu çıxmayıb. Bu
arada isə terrorçular bu fotoları səhifələrindən sildilər. Hələ bu
fotolar yaxşıdır. Bizim qonşuluqda bir ailə var. Əri də, xanımı da
həkimdir. Çox hörmətli insanlardı. Onların bir oğlu vardı, Murtaza,
20 yaşındaydı. O da Bəşərə yardıma gedənlərə qoşulub. Ömründə silah
görməmiş adam. Əsir düşüb və İŞİD terrorçuları onun başını necə
kəsdiklərini videoya çəkib internetdə yayıblar. Ata-anası o videonu
görüb havalanıb. Bu, deyiləsi dərd deyil. Bir ailə isə İrandan
qonaq gəlibmiş. Ata oğluna zəng vurub ki, dərhal ananı, bacılarını
maşına qoyub, şəhərdən çıx, terrorçular hər tərəfdən gəlirlər. Gənc
də atası deyən kimi edib. Elə maşın yerindən təzə tərpənib ki,
terrorçular maşının qabağını kəsiblər. Ananın gözünün önündə 20
yaşlı oğlunu güllələyiblər, 4-5 yaşlı qızları da vurublar. Bu
mənzərəni gözü ilə görən şəxs mənə dedi ki, Əli, terrorçular sonra
oğlanı da, onun iki bacısını da maşına qoydular. Elə anasının
gözünün qarşısında da maşına od vurdular. Dünyada belə müsibət
olmayıb. Vallah. olmayıb... "
"Türkiyə türkmənlərə arxa çevirib və onu düşmənlərin
əhatəsində yalnız buraxıb"
- Eşitdim ki, meyitləri döyüş meydanlarından götürmək
olmur...
- Kərkükdəki sünni ərəblərlə anlaşıblar ki, onlar İŞİD-lə
danışsınlar, şiələr öz meyitlərini götürüb basdıra bilsinlər. Öncə
50 min dollar istəyiblər. İraqda 50 min dollar böyük paradır. Nəsə,
onu toplamışıq. Amma Bəşiri tutan İŞİD qüvvələrinin komandiri əslən
Əfqanıstandan olan birisidir. O, deyib ki, para gərəkməz. Şiələrin
meyiti elə çöllərdə də qalmalıdır...
Kürdlər Kərkükü necə tutdular...
- Əli, kürdlərin Kərkükü tutması necə olub?
- Gəlib hökumət nümayəndələrinə deyiblər ki, silahı qoyub gedin,
biz sizinlə savaş istəmirik. Buralar bizim torpaqlardı. Hökumətin
ordusu da silahı kürdlərə təhvil verib, mülkü paltarda ərazini tərk
edib. Topları, tankları, iri çaplı silahları qoyub gediblər.
Ailəmizin yaşadığı Duz Xurmatlı da kürdlərin nəzarətinə keçib.
Hazırda bizim şəhərdə Bağdad hökumətinin təmsilçisi yoxdur, sadəcəb
kürdlər var. Kürdlər xalqa deyirlər ki, bizə tabe olmasanız, dərhal
geri çəkilərik. İŞİD gəlib kökünüzü kəsər. Sevinin ki, biz sizi
öldürmürük. Bilirsən, biz şiəyik, türkmənik, kürdlər bizi heç
sevməz. Heç biz də onları sevmərik. Onlar İranın kəndlərindən bizim
torpaqlara ayaq açdılar. Gəlib oralarda məskunlaşdılar. Öncə önəm
vermədik. Bir də gördük ki, bunlar bizim torpaqlarda ağalıq
edirlər...
İraqdakı sünnilər İŞİD-in hücumunu alqışlarla
qarşılayırlar
- İŞİD-lə yerli sünni ərəblərin münasibəti necədir?
- İraqdakı sünnilər İŞİD-in hücumunu alqışlarla qarşılayırlar,
elə bil ki, xilaskarları gəlib. İŞİD də onlara ciddi dəstək verir.
Düzü budur ki, öncə şiələr sünnilərə zülm etdilər. Hökumət
sünniləri aşağıladı. Ona görə də sünnilər özlərini haqlı bilirlər.
Bizim bir dərdimiz də odur ki, indi sünni ərəblərlə sünni kürdlər
arasında mühasirədə qalmışıq. Bu işin axırı necə olacaq, bunu kimsə
bilmir. Düzdür, indi türkmənlər silahlanıb. Çünki hər kəs bilir ki,
İŞİD hara girirsə oranı xaraba qoyur və insanları zülmlə məhv
edir.
Türkiyə arxamızdan çəkildi, bizi tək qoydu
- İraq Türkmən Cəbhəsi nəsə bir iş görə bilirmi?
- Əvvəllər Türkiyə İraq Türkmən Cəbhəsinə ciddi dəstək verirdi.
Bizdəki məktəblərdə uşaqlarımız Türkiyə türkcəsində təhsil alardı.
Müəllimlərin maaşını Türkiyə verərdi. Çox şeydə Türkiyənin dəstəyi
vardı. Amma indi Türkiyə açıq şəkildə bu dəstəkdən imtina edib.
Məktəblər qapadılıb. Səbəb də odur ki, Türkiyə İraqdakı kürdlərlə
anlaşıb. Onlardan su qiymətinə neft alır. Onlarla biznes qururlar.
Yəni bizim şiə olmağımız bu məsələ də bizə problem yaradır. Öncə
Türkiyə deyirdi ki, Kərkük qırmızı cizgidir. Onu keçən olsa, biz
varıq. Amma indi o vədlər çoxdan yaddan çıxıb. Türkiyə türkmənlərə
arxa çevirib və onu düşmənlərin əhatəsində yalnız buraxıb.
Qızları aparıb, zorla yatağa basırlar, sonra
da...
- Ərəbcə cihadi-nikah deyilən bir nəsnə ortaya atıblar...
- İŞİD-in İraqda həyata keçirdiyi əməllərdən biri də budur.
Gəlirlər, soruşurlar, neçə qızın var, özü də ancaq qız olmalıdır.
İkidirsə birini verməlisən. Xoşluqla versən, işləri olmaz. Etiraz
etsən, həmən qafana sıxarlar. Apardıqları qızları da zorla yatağa
basarlar. 3-4 gündən sonra da gətirib geri verərlər. Bu şərəfsizlər
bütün bunları İslam adından yapırlar...
Bütün türbələri, şiələrə aid müqəddəs yerləri yerlə-yeksan
etdilər. Xristianlardan heç danışmağa dəyməz. Onların kilsələrini
göyə sovurdular. Xristian qızlarını isə elə şəhərin ortasında
zorlayırlar. Deyirlər ki, bunların malı da, qadınları da bizə
halaldır.
Bir şeyi də deyim. İŞİD xalqın rəğbətini qazanmaq üçün gör nə
edir. Kim harada işləyirsə yenidən işini davam etdirməlidir.
İnsanlara alacaqları maaşın üç mislində para paylayıblar. Deyiblər
ki, bu sizin 3 aylıq paranız, işinizi davam etdirin. Əlbəttə ki, bu
paralar Səudiyyədən, Qətərdən gəlir...
İraqdakı evimizin pəncərələri...
- Söhbətlərimizin birində demişdin ki, İraqdakı evinizin
pəncərələri ayda heç olmasa 2-3 dəfə partlayışdan sınıb
tökülür...
- Hə, düşün ki, elə ay olub ki, bizim ərazidə terrorçular 25
dəfə partlayış törədiblər. Elə yerdə şüşəmi qalar. Həmişə para
göndərirdim ki, heç olmasa şüşələri yeniləsinlər. Axırda anam dedi
ki, oğul, bu iş düzələn deyil, sənin qazançın elə bu sınan şüşələrə
gedir. Daha pəncərələrimiz şüşəsiz qalsa yaxşıdır...
Abi, indi vəziyyət tamam başqa, daha Kərkükdə partlayış yox.
Yaşadığımız Duz Xurmatda da partlayışdan əsər-əlamət gözə dəymir.
Çünki bu partlayışları kürdlər törədirdi. İndi Kərkükü tutublar,
daha partlayış onların işinə yaramaz. Bu iş o qədər aşkar ki, yaşlı
anam da bundan danışır...
Seyid Əli Sistaninin fitvası olmasaydı...
- Seyid Əli Sistaninin fitvası nəyi dəyişdi?
- O fitva olmasaydı, Bağdad da əldən getmişdi. O ki insanları
cihada səslədi, şiələr ayağa qalxdı. İndi İŞİD İraqda daha
irəliləyə bilmir. Çünki müqavimət çox gücləndi. İŞİD-in istəyi o
idi ki, İraqı bütövlükdə ələ keçirsinlər. Şiələrin Kərbəla və Nəcəf
kimi müqəddəs yerlərini darmadağın etsinlər. Seyid Əli Sistani bir
fətva ilə bunun qarşısını aldı...
Musavat.com