Azərbaycanda əhalinin yaşam səviyyəsinin
göstəricilərindən biri də Sabunçu bazarıdır. Əhali arasında "rus
bazarı", "cındır bazarı", "bit bazarı" adları ilə tanınan bu
bazarın yanından laqeyd keçmək mümkün deyil.
Bazarın uzaqdan eşidilən səs-küyü, girişdən sonacan insanı
müşayiət edən üfunət qoxusu, mallarını sırımağa çalışan satıcılar,
boynubükük qiymət endirən alıcılar, yerlərə səpələnmiş köhnə
əşyalar, nimdaş paltarlar "Bit bazarı" haqqında ilkin təəssürat
üçün kifayət edir.
"Bit bazarı"nın tarixçəsi
Həftənin şənbə və bazar günləri saat 09:00 - 16:00 arası
fəaliyyət göstərən bu bazarın alıcıları əsasən Bakıətrafı
qəsəbələrdən və kəndlərdən gələn kasıb insanlardır.
Buranın "Bit bazarı" adlanmasının səbəbi isə köhnə paltarların
satılmasıdır. Satıcılar, belə adlandırılmasına baxmayaraq, burada
bit-birənin olmadığını deyirlər.
Bazarın yaranmasının tarixçəsinə gəlincə, satıcılar deyir ki, bu
adəti ilk dəfə Sovet dövründə ruslar Bakıya gətirib. Yaşlı və
imkansız ruslar köhnə əşyalarını gətirib burada sataraq, çörəkpulu
qazanırmışlar. Sonralar bu yolla pul qazanmağın mümkünlüyünü görən
yerli satıcılar da bazara axın etməyə başlayıb. İndi burada xırda
biznesini qurub lazımınca gəlir qazananlar az deyil.
"Bit bazarı"na kimi köhnə, atılmalı əşyalarını dəyər-dəyməzinə
satmağa, kimi də 3-5 manat pul ilə pal-paltar almağa gəlir. Satıcı
və alıcıların əksəriyyəti orta yaşlılar və qocalardır.
Bazarda ev əşyaları- xırdavat, yataq dəstləri, yorğan-döşək,
qab-qacaq, oyuncaqlar, film diskləri, kitablar, xalça, pərdə,
samovar, ayaqqabı və pal-paltar səliqəsiz vəziyyətdə, yerə
səpələnmiş şəkildə alıcılara təqdim olunur.
Zir-zibildən pul çıxaran satıcılar
15 ilini bu bazarda satıcı işləməklə keçirən Şəhriyar Bəxtiyarov
burada alver etməyin onlar üçün sərfəli olduğunu deyir: "Burada yer
pulu çox aşağıdır, gündəlik bir-iki manat veririk. Ticarət üçün elə
də böyük sərmayə qoymağa ehtiyac yoxdur. Köhnə paltarları
insanlardan kilo ilə 1-2 manata alıb, bir az düzəliş etdikdən sonra
hər birini 1-2 manata, bahalı paltarları isə 5-6 manata
satırıq".
İş stajı bazarla yaşıd olan satıcı qadının dediyinə görə,
buradakı alverin hesabına ikimərtəbəli ev tikdirənlər, xarici maşın
alanlar da var. Ancaq köhnə, səliqəsiz geyinmək, kasıb görkəm bu
bazarın əvvəlki adətlərindəndir. Bir çox alıcılar imkanlı
şəxslərdən atılmalı olan əşyaları alıb, burada 2-3 manata
satırlar.
Köhnə elektrik avadanlıqları satanlar da digərləri ilə
müqayisədə yaxşı qazanır. Atılmış qızdırıcı pilətələrdən,
kondisionerlərdən, televizorlardan 40-50 manat qazanan peşəkar
satıcıları var "bit bazarı"nın...
Alıcılara gəlincə, onların üzündəki kədərli ifadədən burada
alış-veriş etməkdən məmnun olmadıqlarını görmək olur. Ancaq
qiymətlərin dəfələrlə ucuz olması bu bazarı onlar üçün də
əvəzolunmaz edir.
50 qəpiyə nələr almaq olar...
Bazarda söhbətləşdiymiz alıcılar, buraya imkansızlıq səbəbindən
gəldiklərini, qiymətlərin onların büdcəsdinə uyğun olduğunu
deyirlər. Qiymətlər isə insanı təəccübləndirəcək qədər aşağıdır.
Burada manatdan deyil, qəpiklərdən söhbət gedir. 10-20 qəpiyə
köynək, 50 qəpiyə ayaqqabı, 1 manata cins şalvar almaq
mümkündür.
Təzəsi 40-50 manata satılan qazanları burada 3-4 manata ala
bilərsiniz. 20-30 manatlıq yataq dəstlərinin qiyməti isə 50
qəpikdən başlayıb, 5 manatda bitir.
Başqalarının alt paltarını kimlər geyinir?
Bazarda köhnə mətbəx əşyalarının, kitabların, disklərin,
pal-paltarın satışı insanı təəccübləndirməsə də, dəhşət yaradan
məqamlar da var. Piştaxtalar arasında yerə tökülmüş, geyilmiş qadın
və kişi alt paltarları bunların alıcıları haqqında suallar yaradır.
Satıcıların sözlərindən məlum olur ki, köhnə alt paltarlarına
tələbat heç də az deyil.
Bununla belə, ikinci əl alt paltarlarının, uşaq paltarlarının və
ya oyuncaqların hansı xəstəliklərə səbəb ola biləcəyini təsəvvür
etmək üçün həkim olmağa ehtiyac yoxdur. Satıcılar özləri də köhnə
paltarlar vasitəsilə yoluxucu xəstəliklərə tutulma ehtimalını
istisna etmir.
Onların sözlərinə görə, burada paltarlar elə gətirildiyi kimi,
yuyulub-təmizlənmədən satılır. Onu necə istifadə etməksə alıcıdan
asılıdır. Ancaq söhbət etdiyimiz qadın satıcılar arasında
paltarları yuyub-ütüləyib gətirdiklərini deyənlər də az
deyildi.
Kitabların burada da bəxti gətirmir
Hər yerdə olduğu kimi "Bit bazarı"nda da kitablarla maraqlanan
alıcıların sayı çox azdır. Digər əşyalar, xüsusən də geyimlə
müqayisədə kitab satışı demək olar ki, gəlir gətirmir. Sadəcə,
evindən köhnə kitabları çıxarmaq istəyən insanlar onları gətirib
satıcılarına verirlər. Kitabların qiyməti də qəpikdən manata
çıxmır.
Səhər saat 9-da açılan bazar günorta saat 4-də satıcılarını və
alıcılarını yola salır. Üstündən bir saat keçəcək və heç kim
"cındır bazarı"nda olduğunu xatırlamaq istəməyəcək.
"Bit bazarı"ndakı mənzərəni daha ətraflı, təqdim etdiyimiz
videodan izləyə bilərsiniz.