İsmayıllı rayonunun Kürdmaşı kəndində baş verən
qalmaqala səbəb olmuş olayı yerindəcə araşdırmaq üçün yola
çıxdıq.
Yola başlamazdan öncə oxucularımıza xatırladım ki, İsmayıllı
rayonunun Kürdmaşı kəndində qaçqın məktəbinin direktoru Zahid
Namazovun azyaşlı qıza təcavüz etdiyi iddia olunur. Kənd
sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün
öncə açılıb.
A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən
bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması
ailənin narahatlığına səbəb olub. Anası Daxili İşlər Nazirliyinin
"102" qaynar xəttinə müraciət edib. Qız yoxa çıxandan 3 gün sonra
tapılıb və məlum olub ki, onu məktəb direktoru aparıbmış.
Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı
rayon Kürdmaşı kəndi yaxınlığında qaçqınların məskunlaşdığı 15-20
evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam
qaçqını olan direktorla hazırda 18 yaşı olan A.-nın 3 ildən çoxdur
ki, münasibət olduğu da iddialar sırasındadır.
Qız polisdə Zahid Namazovun ona atalıq etdiyini və nişanlandığı
oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün onun evdən qaçmasına
kömək göstərdiyini, izdivac pozulduqdan sonra isə evə qayıtdığını
bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən rəsmi
açıqlamada da Z.Namazovun A.-ya atalıq etdiyi barədə İsmayıllı
Rayon Polis Şöbəsinə izahat verdiyi bildirilirdi.
Kənd sakinləri isə ötən gün məktəbin yaxınlığında keçirdikləri
aksiyada azyaşlı qıza təcavüz etdiyini bildirdikləri 56 yaşlı
direktorun kənddən qovulmasını və həbsini tələb edirdilər.
İsmayıllıda kef, yoxsa hüzn
Şamaxının Muğanlı kəndindən sonrakı dairəvi yoldan İsmayıllı
istiqamətinə yönəlirik. Yolboyu sıralanan ağaclar və bu ağacların
altında tüstülənən manqallar belə təəssürat yaradır ki, burada
insanlar ancaq yeyib-içməklə, kef-damaqla məşğuldur. Ətraf
gözəldir. Buralar adama yaşıl rəngdə, meşə böyüklüyündə, dağ
əzəmətində qucaq açır, " Xoş gəldin" deyir.
Prokurorluqdan: "Polisə gedin"
İlk olaraq rayon prokurorluğuna gedirik. Növbətçiyə gəlişimizin
məqsədini deyirik:
- O işi polis aparır. Bizə hələ verilməyib. Onlara müraciət
edin.
Polis: "Rəhbərliyin xüsusi göstərişi var"
"Lələ" deyilən növbətçi polis baş serjantı kimə isə zəng
etdikdən sonra:
- Rəis Nizami Qocayev məzuniyyətdədir. Sizi birinci müavin
Şövlət müəllim qəbul edəcək, - deyir.
Polis şöbəsinin 3-cü mərtəbəsinə qalxırıq. Şövlət müəllimin
yanında adamlar olduğu üçün gözləməli oluruq. Bir müddət keçir,
rəis müavinin otağındakılar çıxır. Elə müavinin özü də otağının
qapısını bağlayaraq başqa bir polis əməkdaşına:
- Jurnalistləri qəbul elə, gör onları nə maraqlandırır, soruş,
mənə məruzə edərsən, - deyir və bizə üzünü tutur, - indi
vətəndaşların qəbulu başlayıb, üzrlü bilin.
İsmayıllı Polis Şöbəsinin Cinayət Axtarış şöbəsinin rəisi polis
mayoru Azay Ağayev olayla bağlı istintaq getdiyini və işi özü
aparmadığı üçün bu hadisə ilə bağlı heç nə deyə bilməyəcəyini
bildirir:
- Qabaqcadan deyim ki, sizə müsahibə verməyəcəyəm. Rəhbərliyin
xüsusi göstərişi var. O ki qaldı Ağdam rayon 30 saylı məktəbin
direktoru Zahid Namazovun kənd sakini olan A. adlı qızı aparıb ona
təcavüz etməsinə, bu, heç də kənd sakinlərinin dediyi kimi deyil.
Belə hadisə baş verməyib. Məktəbin direktoru Zahid Namazov
humanistlik edib. İntihar etmək istəyən, valideyni tərəfindən
sevmədiyi adama zorla verilən bir qıza yardım edib, onu stressdən
çıxarıb. Bakıya aparıb, qayını Vilayət Zamanovun evində saxlayıb.
Sonra da sağ-salamat qaytarıb gətirib. Bu haqda qızın anasının və
özünün ifadələri var. Qız yazır ki, onu zorla istəmədiyi oğlana
veriblər və bu da çıxış yolunu ancaq qaçıb gizlənməkdə görüb.
Etiraf edib ki, dəfələrlə məktəb direktoruna müraciət edib, "məni
bu bəladan xilas etməsən, özümə qəsd edəcəm", - deyib. Direktor da
gənc bir qızı xilas edib. Qız Zahid müəllimi özünə ata kimi
gördüyünü yazıb ifadəsində.
- Azay müəllim, niyə qız yaxın qohumlarına, sinif
yoldaşına, rəfiqəsinə, ən nəhayət rayon rəhbərliyinə, polisə deyil,
məhz Zahid müəllimə müraciət edib? Bu, polisə inamsızlıqdan irəli
gəlmir ki?
- Şikayətçi yoxdur. Biz kimi nəyə görə mühakimə etməliyik? Qızın
18-dən çox yaşı var. Anlaqlıdır. Özünü ifadə edə bilir. Aparılan
gün anası və bacısı ilə əlaqə saxlayıb, "məni o oğlana verməyin, -
deyib, - yoxsa özümü öldürərəm". Anası da söz verib ki, nişanı
qaytaracam və bundan sonra Zahid müəllimin qohumları qızı
sağ-salamat gətirib təhvil veriblər. O prosesdə mən də iştirak
etmişəm. Deyib-gülə, yüksək əhval-ruhiyədə ana-bala bir-birinə
qovuşub. Bu gün rayon rəhbərliyi də o kənddə olub. Kənd sakinlərinə
söz verilib ki, məsələ obyektiv həllini tapacaq. O ki qaldı polisə
inamsızlıq məsələsinə, mən belə deməzdim. Müstəqil qərar verəcək
bir qızdır, o belə istəyib və müəllimə müraciət edib. Qohumları ilə
isə heç bir əlaqələri yoxdur. Qız əminliklə deyir ki, ona heç bir
cinsi toxunaqlıq olmayıb.
- Bəs ekspertizanın rəyində nə göstərilir? Onun həkimə
getməsini təmin etmisiz?
- Polis şöbəsi qızın ekspertizadan keçməsi haqda arayış-göndəriş
verib. Lakin qız ekspertizaya getməkdən qəti emtina edir. Bu onun
şəxsi işidir. Artıq yaşı 18-dir. Getməyə də bilər.
- İddia edirlər ki, bu münasibət bir neçə ildir davam
edir və o zaman qızın 13 yaşında olub. Bu isə həddi-büluğa çatmamaq
deməkdir. Ən azından, ekspertiza bunu müəyyən edə bilərdi ki, bu
hal azyaşlı olanda, yaxud həddi-büluğa çatandan sonra baş
verib.
- İş təhqiqatdadır. Təhqiqatçı Vüqar Qarayev bunları araşdırır.
Ona müraciət edə bilərsiz.
İH-də: "Hər kəs əməlinə görə cavab verəcək"
İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Valeh Salehov da
məlum olayla bağlı bizə heç nə deyə bilməyəcəyini söylədi:
- Bu iş polisin nəzarətindədir. İcra Aparatı polisin işinə
müdaxilə edə bilməz. Təhqiqat gedir. Təhqiqat, araşdırma başa
çatdıqdan sonra məlumat veriləcək. Hüquq-mühafizə orqanlarına
müraciət edin.
- Valeh müəllim, hadisə ilə bağlı dünən Kürdmaşı
kəndində böyük bir izdiham narazılıq edib. Bu gün də rayon
rəhbərliyi kənd sakinləri ilə görüşüb.
- Görüş olub. Amma bu hadisə olub, ya olmayıb demək böyük
məsuliyyət tələb edir. Şəxsən mən heç nə deyə bilmərəm. İnanıram
ki, bu əməli törədən məsuliyyətə cəlb olunacaq. Hüquq mühafizə
orqanlarına xüsusi tapşırıq verilib. Bu məsələdə hər kəs əməlinə
görə cavab verəcək. O qız mənim ailə üzvüm deyil, ona görə də mən
də sizin kimi çox şeyləri bilmirəm. Nəticələri araşdırmaq isə mənim
səlahiyyətimdən kənardır.
Kürdmaşıda: "Guya mənəm günahkar"
Kürdmaşı kəndi Göyçayla sərhəddədir. Narahat yolu var. Kəndin
mərkəzi yolunda bir neçə kənd sakini toplaşıb. Salamlaşıram. Kənd
icra nümayəndəsi Hafiz Abbasovu soruşuram.
- Onu bu gün işdən çıxartdılar, – deyib, Hafiz müəllimi nişan
verirlər. Bax bu gələn "Jiquli" onundur.
Maşın bərabərimizə çatdıqda işarə verirəm, saxlayır. Gəlişimizin
məqsədini deyirəm.
- Mənim bu gün ərizəmi aldılar. Guya mənəm günahkar. Mən
camaatın ürəyinə, içinə girən deyiləm ki, - və maşının sürüb
gedir.
"Bu adam kəndin namusuna təcavüz edib"
İsgəndər adlı sakin kənd adamlarının qəzəbli olduğunu deyir:
- Dünən burada 200-dən çox adam vardı. Bu gün də başçı Mirdaməd
müəllim gəlmişdi. Camaatı arxayın elədi ki, hər şey obyektiv
araşdırılacaq. Qardaş, bu hadisə kəndin adına ləkədir. Gəlmə bir
məktəb direktoru burada at oynadır, tərbiyəsizlik edir. Bu adam bu
boyda rayonda az qala hər kəsi satın alıb. Heç kəs ona qaşın üstə
gözün var demir. Tələb edirik ki, o, kənddən çıxsın. Toyu olan qızı
aparıb, sonra da deyir ki, atalıq qayğısı göstərmişəm. Bu kəndin
kişisinə, atasına, anasına nə gəlib? Qızın əmiləri, dayıları var,
niyə o qız ona üz tutmalıdır? O, qız uşağını yoldan çıxarıb. Hamını
qorxudurlar. Bizim tələbimiz o insanın kənddən qovulması,
direktorluqdan çıxarılmasıdır.
Kənd sakini Etibar:
- Bu, kəndimizin, rayonumuzun, Azərbaycanımızın adına ləkədir.
Biz tələb edirik, həqiqət üzə çıxsın. Bu adam kəndin namusuna
təcavüz edib.
Az müddətdə 50-dən çox adam toplaşır. Hamısının fikri eynidir.
Kənd sakinlərindən direktorun və onun apardığı qızın yaşadığı evin
yerini soruşuram.
Direktorun evində: "Axı, mən pedaqoqam..."
Zabil Namazov kəndin qurtaracağında yaşayır. Qaldığı daş ev
bağ-bağatlıdır. Direktor özünə məxsus 02 BF 622 dövlət nömrə
nişanlı VAZ - 099 avtomobili ilə harasa getməyə hazırlaşır. Bizi
görüb ayaq saxlayır. Özümüzü təqdim edirik.
Direktor bütün bunları özünə qarşı təxribat kimi xarakterizə
edir:
- Mənim məktəbimdə bu il göstəricilər çox yüksəkdir. 2 şagirdim
700-ə yaxın bal toplayıb. Ümumilikdə qəbul olunan uşaqlarımın da
sayı çoxdur. Məni ləkələmək üçün bu yola əl atdılar. Adını
deməyəcəm. Bunun arxasında bir müəllim durur.
- Siz A.-nı anasından xəbərsiz aparmısız?
- Hə, bu olub. Amma ölkə başçısının yürütdüyü siyasət mənə imkan
verir deyəm ki, təhsilimizdəki acınacaqlı hallar hələ də davam
edir.
- Zahid müəllim, siz tamam başqa bir məsələdə -
əxlaqsızlıqda, azyaşlı qıza təcavüz etməkdə günahkar
bilirlər...
- Ailəm də bilir ki, mən o qızı himayə etmişəm. Demək olar ki,
kimsəsizdir. Mənə müraciət etdi. Kömək istədi. Yoldaşımla
məsləhətləşdik. Apardım qayınım gilə. Zəng etdi anasına dedi ki,
nişanım geri qayıtmasa, yerimi deməyəcəm. Mən ona ancaq ata kimi
qayğı göstərmişəm. Çox zəng etdi, "özümü yandıracam", - dedi. Bəs
mən Ağdam qaçqınıyam, mərhumiyyət görmüş adamam, necə etinasız qala
bilərdim? Axı, mən pedaqoqam...
Zahid müəllimin həyat yoldaşı Şükufə xanım söhbətə müdaxilə
edir:
- Əgər burda pis niyyət olsaydı, mən heç razı olardımmı onu
qardaşımın evinə aparsın? Bu, ancaq xeyirxahlıqdır. Adımıza
şər-şəbədə qoşurlar.
Zahid müəllim deyir ki, 1998-ci ildən burda məskunlaşmışıq:
- Hamıya diqqətli olmuşam. Milliyətcə ləzgi olan iki bacını - 11
yaşlı Sonaxanım və 13 yaşlı Ülviyyəni himayəmə götürdüm. Böyütdüm,
hər ikisini ərə verdim. İndi hər ikisi anadır. Bu qız da onları
bilirdi deyə, mənə müraciət etdi.
Direktor söhbət zamanı qeyd edir ki, elə indicə rayona çıxırdım,
çağırıblar, siz gəldiniz.
Zahid müəllimin telefonuna zəng gəlir. Maşınında oturub xeyli
danışır. Çölə çıxır:
- Siz qızgilə də getmisiz. Gərək getməyəydiz.
- Yox, getməmişəm, amma gedəcəm, – deyirəm.
Məsləhət görmədiyini deyir.
Qızın həyətində: "Apardılar təzədən ifadə
almağa"
Zərərçəkmiş A.-nın yaşadığı evin həyət qapısını döyürəm. Səs
gəlmir. Qapını ehmalca aralayıram. Ağacın altında bir qadın, iki
gənc qız oturub. Qadın qəzəblə gəlib qapını çırpıb bağlayır:
- Evdə yoxdurlar. Apardılar təzədən ifadə almağa, – deyir.
"Bir-neçə qızı belə yoldan çıxarıb, sonra ərə
verib"
Zərərçəkmiş A.-nın qohumu Mahizər Yadigarova:
- O, çox pis hərəkət edib. Özü də bugünün söhbəti deyil. Qızı
çoxdan yoldan çıxarıb. Hələ onun adını xalçaçılıq məktəbinə də
yazdırmışdı. Pis əməllərlə məşğuldur. Bundan qabaq da bir-neçə qızı
belə yoldan çıxarıb, sonra ərə verib.
Bir anda Mahizərin başına kənd arvadları yığışır. Hamısı üzünü
bizə tutur:
- Həqiqəti yazın!
Mahizər xanım:
- Mahmudov Arzu var, buranın sahə müvəkkilidir. Əvvəl gəldi
dedi, bu bizim namusumuza toxunub. İndi nə olubsa, qızım anasını
qorxudub, ifadəsini dəyişdiriblər ki, guya şikayətləri yoxdur.
Kənd sakini Qasımova Əzizə də eyni fikirdədir.
Kəndin çayxanasında olan 20-dən artıq kişi qarşımızı kəsir. Hər
kəsin fikri eynidir. Kənd sakini Qasımov Zülfüqar Məhəmməd oğlu
deyir ki, bu cinayəti kimlərlə ört-basdır edir.
Yenidən Polisdə: ""Turan" kafesində"
Polis polkovnik-leytenantı Şövlət Kərimov bizi yenə də qəbul
etmir. Növbətçi onunla əlaqə saxladıqdan sonra deyir ki, mən artıq
evə gedirəm. Təhqiqatçı Vüqar Qarayevə telefon açıram, "Turan"
kafesində olduğunu deyir və bizi ora dəvət edir.
Gedirik və ilk nəzərimizi çəkən 02 BF 622 dövlət nömrə nişanlı
maşın olur. Polis kapitanı Vüqar Qarayev bizi kafenin qarşısında
qarşılayır. Onunla oturduğu kabinetə getməmizi xahiş edirəm,
qonağının kim olması mənim üçün maraqlı idi. Lakin o bizi başqa
kabinetə dəvət edir. Əvvəlcə müsahibə verməyə razı olsa da, gələn
qəfil zəng onu fikrindən daşındırır:
- Gərək bizə DİN-in mətbuat xidməti icazə versin. Mən heç nə
deyə bilmərəm. Təhqiqat gedir.
- Mənə dedilər ki, siz burda adı bu qalmaqalda hallanan
Zahid müəllimlə oturmusuz. Ananı qızı ilə dəvət
etmisiz.
Vüqar müəllim çaşqın halda:
- Yox, səhv deyiblər. Mən tamam başqa adamlarlayam...
..."Turan" kafesinin xidmətçilərindən Vüqar müəllimin kiminlə
oturduğunu soruşuram.
- Tanımırıq, – desələr də, Zahid müəllimin maşınına baxıb
gülümsəyirlər...