Onları millət vəkili Qənirə Paşayevanın evində gördüm.
Deputatla müsahibə üçün getdiyimiz yerdə Kərkükdən Bakıya pənah
gətirən soydaşlarımızı görüb onlarla söhbətləşməmək və bunları
yazmamaq ən azı vicdansızlıq olardı. Onları ata-baba yurdundan İŞİD
didərgin salıb. Yol yorğunluğu, vətən həsrəti, qucaqlarında bir
yaşındakı körpənin tez-tez ağlamağı...
Soydaşımızın təhlükəsizliyi üçün onu şərti olaraq Nicat
adlandıracağıq. Nicat əslən Kərkükdəndir. Bir neçə il əvvəl
Türkiyədə bakılı bir xanımla tanış olub. Sevginin gücü ilə bakılı
qızla evlənib. Qız da Kərkükə, Nicatın yanına köçüb. Bir il sonra
"Bakı-Kərkük" cütlüyünün balaca oğlan uşağı dünyaya gəlib. Uşağın
dünyaya gəlməsinə sevincləri elə də çox çəkməyib. Çünki bölgədə
İŞİD adlı yeni kabus dolaşmağa başlayıb... Nicatın ailəsi bir neçə
dəfə ölüm təhlükəsi ilə üzləşib. Bir neçə metr onlardan aralıda
bomba partlayıb, məsciddən çıxanda gülləbarana tuş gəlib...
Nicat uşağının təhlükəsiz yerdə olmasından nə qədər məmnun olsa
da, Kərkükdən doymaq bilmədiyi hər halından bəlli idi. Deyir, uşaq
olmasa, yenə də orda birtəhər qalmaq olardı:
"Biz orda yaşamağa alışmışıq. Hər necə olsa yaşayardıq,
vətənimizdir. Uşaq olandan sonra böyüklərimiz orda qalmağımıza
icazə vermədi. Dedilər, uşağı götürüb getməlisiniz. Orda hər şey
var yaşamaq üçün, bircə rahatlıq yoxdur".
İŞİD ilə bağlı hər gün yeni xəbərlər yayılır. Bu xəbərlərin nə
qədər doğru olmasını müəyyənləşdirmək üçün Kərkükdən pənah gətirən
soydaşlarımızla söhbətləşdik. İŞİD-də bir nəfər də iraqlı yoxdur
İŞİD-lə bağlı dediklərinin bir hissəsini Nicatın öz dilindən
dinləyin:
"Bilmirəm, kənardan necə görünür, ancaq İŞİD-də vuruşanların
arasında bir nəfər də olsun, iraqlı yoxdur. Hamısı kənar ölkələrdən
bura gətirilən vəhhabilərdir. Aralarında hər millətdən olan var.
Çeçen, kürd, ləzgi, ərəb, afrikalı... Hərəsinə aylıq 15 min ABŞ
dolları verirlər. Dəfələrlə İŞİD terrorçusu ələ keçirmişik. İndiyə
qədər bircə dəfə də olsun aralarnda iraqlıya rast gəlməmişik".
Bir qədər sonra isə Nicatın dedikləri təəccübümüzü gizlətməyə
imkan vermir:
"Bir dəfə birini ələ keçirmişdilər. Ərəb fars, kürd, türk
dillərini bildiyim üçün mütərcim (tərcüməçi) kimi məni çağırdılar.
Nə görsəm yaxşıdır? Tutduqları İŞİD-çi tər-təmiz türkcə danışır.
Donub qaldım. Əslən malatyalı idi. Deyirəm, burda nə gəzirsən, nə
itin azıb? Mənə dedi ki, İraqa gəlmişəm ki, mən də şiə
öldürüm..."
2 min türkiyəli İŞİD sıralarında
Kərküklü soydaşımız deyir ki, Türkiyədən 2 min nəfərə yaxın
insan İŞİD sıralarında döyüşür. Onlar bir komandanlıq altındadır.
Əksəriyyəti ərəb və kürdlərdir. Soydaşımız Türkiyənin məşhur
"Cəvahir" alış-veriş mərkəzinin terrorçular tərəfindən talan
edilərək içəridən necə partladıldığını ən xırda detalına qədər izah
edir:
""Cəvahir" alış-veriş mərkəzindən orda bizdə də açmışdılar.
Bunlar oranı elə ələ keçirib partlatdı ki, hamımız çaşıb qaldıq.
Orada çalışan dostlarla söhbətləşdim, onlar təfərrüatı danışdılar.
Deməli, əvvəlcə iki vəhhabi alış-veriş mərkəzində yer götürüb.
Deyiblər ki, tacirdir, o da yer almaq istəyir. Bunların dükanının
yuxarısında depo vardı, onu da icarəyə götürdülər. Hər dəfə bunlar
depoya dolu qutular yığırdılar. Biz zənn edirdik ki, satacaqları
məhsullardır. Ancaq depodan mağazaya heç nə gətirmirdilər. Buna
görə bir az özlərinə şübhə çəkmişdilər. Ancaq gec oldu. Alış-veriş
mərkəzini partladandan sonra qutularla depoya yığılanların dinamit
olduğunu anladıq..." Səhər ayılıb gördük ki, Mosulu tutublar...
Nicat İŞİD lənətindən hər kəsin zülm görməsini təsdiqləməklə
bərabər ən çətin durumda olanların məhz soydaşlarımız olduğunu
deyir:
"Ərəbli, kürdlü, türkmanlı bütün iraqlılar zülm yaşayır. Ən
çətin durumda olan isə, bizim türkmanlardır. Mosulumuzu bir gecədə
ələ keçirdilər. İnsanları necə didərgin saldıqlarını görsəydiniz,
dəhşətə gələrdiniz. İnsanlar səhra ilə, uzun-uzun yol gedirdilər
ki, bəlkə o biri şəhərlərə gedib çatsınlar. 45 dərəcə istidə
səhrada uşaqla yol getməyin nə demək olduğunu sözlə anlatmaq çətin
məsələdir. Çoxunun gecələməyə və istidən qorunmağa çadırı belə yox
idi. Səhrada qalmağa çadırı olan mosullu zəngin sayılırdı. Görün
bizi nə günlərə qoydular! İndi də Kərkükə göz dikiblər..."
Bakıda da İŞİD var, ehtiyatlı olun!
Kərkükdən ata yurdu olan Azərbaycana pənah gətirən soydaşımız
bizə ehtiyatlı olmağı tövsiyə etdi:
"Siz bəlkə onları tanımırsınız. Mən onların qiyafəsindən,
insanlara baxışından anlayıram. İŞİD-in dəstəkçiləri sizdə də az
deyil. Məscidlərinizə getmişəm, görmüşəm. Onlarla ehtiyatlı olun,
siz hələ onların necə cəllad olduğunu bilmirsiniz. İnsan başı
kəsmək onlar üçün gündəlik işdir".