Baş həkim bizi niyə qovdu?
Ölkəmizdə həkim terrorunun baş alıb getdiyi vaxtda bir də dövlət
xəstəxanalarında bütün müayinələrin - həkim məsləhətindən tutmuş
analizlərə qədər hər şeyin pullu olmasıyla bağlı şikayətlər daxil
olur.
Xatırladaq ki, dövlət xəstəxanalarında vətəndaşlara göstərilən
bütün səhiyyə xidmətləri dövlət hesabına həyata keçirilməlidir və
Səhiyyə Nazirliyinin bu haqda sərəncamı 2008-ci il fevralın 1-dən
qüvvəyə minib.
Bu sərəncama nə dərəcədə əməl olunur, şikayətçi vətəndaşlar nə
qədər haqlıdır?
Vəziyyəti öyrənmək üçün M.A.Topçubaşov adına Klinik Cərrahiyə
Elmi-Tədqiqat İnstitutuna üz tutduq.
Talan başlayır
Qapıdan içəri daxil olan kimi qeydiyyat şöbəsindəki xanım
gəlişimin səbəbini soruşdu. Müayinə olunmaq üçün gəldiyimi
dedim.
Şikayətimin daxili orqanlardan olduğunu bildirdikdən sonra
qeydiyyat şöbəsində çalışan tibb işçisi heç bir sənəd tələb etmədən
məni qeydiyyata aldı və birinci mərtəbədə yerləşən 8 nömrəli otağa,
Mətanət həkimin yanına göndərdi.
Otağa keçib həkimə ağzımdan qan gəldiyini dedim. O da öz
növbəsində bir-iki sual verib cavab aldıqdan sonra məni ağ ciyərimi
yoxlatdırmaq üçün tomoqrafiyaya göndərdi.
Artıq xəstəxananın vahiməsinə qapılmışdım və özüm də inanmağa
başlamışdım ki, vəziyyətim heç də yaxşı deyil. Görünür,
narahatlığım üzümdə çox aydın əks olunmuşdu. Həkimin sual dolu
baxışlarından sonra dilləndim: "Çox ümidsiz bir vəziyyətdə gəlmişəm
bura. Kaş ki, hər şey qaydasında olsun".
Mətanət xanım da məni qeydiyyata saldı.
Qeydiyyatı bitirdikdən sonra ayağa qalxdım. Tomoqrafi olan otağa
girmək istəyəndə həkim xanım dilləndi:
- 65 manat ödəməlisiz.
Niyəsini soruşdum? Üzümdəki narazılıq həkimi narazı saldı:
- Başqa xəstəxanada 80-100 manatdır, biz hələ ucuz edirik.
Pulsuz müayinə üçün arayış
Buranın dövlət xəstəxanası olduğunu və Səhiyyə Nazirliyinin
sərəncamını xatırladıram.
Yenidən həkimin qəbuluna qayıdıram, 65 manatın çox olduğunu
deyirəm. Həkim nə qədər imkanımın çatacağını soruşur, ümumiyyətlə
pulum olmadığını deyirəm.
- Pulsuz müayinə və müalicə istəyirsənsə, göndəriş gətirməliyəm,
- həkim bildirir.
Ümidsiz halda arayış gətirə bilməyəcəyimi bildirirəm və
sağollaşıb ayrılıram.
Cavansız, bu yollara düşmüsüz
Mühafizəçidən baş həkimin otağını soruşuram. İkinci mərtəbəni
göstərir.
Növbə tutub gözləyirəm.
Nəhayət, bir saatdan sonra baş həkim Yusif Əliyevin qəbuluna
gedirəm.
Özümü təqdim edirəm və jurnalist olduğumu deyirəm.
- Dövlət xəstəxanasında həkim məndən 65 manat pul istəyir, bunu
necə izah edə bilərsiniz?
Baş həkimin əsəbiləşdiyi dərhal sezilir:
- Təxmini olaraq mən sizi eşitdim, nə istədiyinizi başa düşdüm.
Kim sizi öyrədib bura göndərib, çox təəssüf edirəm. Cavansız, bu
yollara düşmüsüz. Əgər kimsə qanunu pozubsa, hüquq-mühafizə
orqanlarına yazarsınız. Vəssalam, məsələ bitdi.
Həkim bunları deyəndən sonra qapını bağlayıb çıxır, mən isə onun
ardınca. Və suallarımı davam etdirirəm:
- Burda konkret qiymətlər var. Məsələn, USM-in qiyməti 20
manatdır, buna nə deyə bilərsiniz?
- Elə bir şey yoxdur, bu, başdan-ayağa sizin uydurmanızdır.
- Deməli, verilən sərəncama burda məhəl qoyulmur?
- Heç kim qaydanı pozmur, qanunu pozan sizsiz ki, camaatı
aldadırsız. De ki, jurnalistəm, özünü təqdim et. Oğurluq gəlib
burda reportaj edirsən. 647 nəfər işçinin yanında baş həkim durub
onların nə işlə məşğul olduğunu bilə bilməz. Sağ olun, mənim sözüm
bu qədər.
Baş həkim əsəbi halda məndən canını qurtarmağa çalışır, çıxış
qapısını göstərib çıxa biləcəyimə işarə edir.
Qan təhlili 10 manat, tomografiya 60
Xəstəxanada adam əlindən tərpənmək olmur. Yavaş-yavaş xəstələrə
yaxınlaşıram.
Tomoqrafiyaya gələn xəstələrdən nə qədər pul ödədiklərini
öyrənmək istəyirəm. Məlum olur ki, yanaşdığım ilk xəstə tomoqrafiya
üçün 60 manat pul ödəyib.
Dəhlizdə üstünə "Qan təhlili" yazılan qapıya yaxınlaşıram.
Qapının yanında iki xəstəni söhbətə tuturam.
Onlar da qan təhlilinə 10 manat ödəyəcəklərini deyirlər.
Başqa xanım xəstəyə yaxınlaşıram.
- Həkim müayinəsindən keçəndə pul ödəmisiz?
- Əlbəttə.
- Nə qədər?
Xanım ağzını açmaq istəyəndə ağ xələtli ucaboy bir xanım bizə
yaxınlaşır, müsahibimlə arama keçir.
- Nə istəyirsiz? – acıqla, qışqıra-qışqıra soruşur. - Niyə bura
gəlmisiz? Nə soruşursuz?
Xəstə olduğumu deyirəm. O isə mənim jurnalist olduğumu başa
düşüb, bəlkə də artıq onlara xəbərdarlıq edilib. Əlilə mənə
toxunmaq istəyəndə kənara çəkilirəm. Mühafizəçini çağırır.
Mühafizəçi məndən xəstəxananı tərk etməyi tələb edir.
Xəstəxanadan çıxıb həyətdə oturan xəstələrə yaxınlaşmaq
istəyəndə yenidən iki mühafizəçi və məni dəhlizdən çıxartmağa can
atan ağ xələtli xanım qışqıra-qışqıra mənə tərəf gəlir.
Yaşamaq da, xəstələnmək də çox çətindir
Qadın çox əsəbi halda mühafizəçilərə məni xəstəxana darvazasına
qədər təqib etməyi tapşırır. Oradan uzaqlaşıram. Darvazadan çıxanda
bir xəstə mənə yaxınlaşır və danışmağa başlayır:
- Şəkidən gəlmişəm, boğazımda balaca bir şiş var. Amma səbəbini
tapa bilmirlər. Neçə vaxtdır bura gəlib-gedirəm. Həkim müayinəsi
15-20 manatdı. Mədəmə boru salmışdılar (endoskopi – red.), 30 manat
istədilər. Çox çətindir - yaşamaq da, xəstələnmək də... USM 20,
tomoqrafiya 65, ümumi qan təhlili 10 manat... Hələ Allah bilir
sonra hansı analizlərə göndərəcəklər. Bilmirsən altından necə
çıxasan. Yox, deyəsən kasıb təcili ölməlidi...