Bir neçə gündür "New Life" çay evinin başının üstündən
qara yellər əsir. Çay evində əxlaqsızlıq yuvasının aşkarlanması
qısa müddətdə medianın əsas xəbər lentini işğal etdi.
Şəhərdə onlarla əxlaqsız yuvalarının olması, hər gün iki-üçünün
aşkarlanması xəbəri mütəmadi olaraq gündəmə gəlir. Lakin həmin
"yuvaların" aşkar olunandan sonra da rahat və reklam olunmuş kimi
fəaliyyətini davam etdirməsi də heç kəsə sirr deyil. Amma nədənsə
yuxarıda adı çəkilən çay evinin mətbuata bu qədər sürətlə yol
tapması diqqətimizdən yayınmadı. Səbəb, bəlkə də çay evinin gənc
müğənni Elçin Hüseynova məxsus olması idi. Xəbər portalları bir az
da uzağa gedib Elçin Hüseynovun müğənni Yusif Mustafayevin qaynı
olmasını xüsusi vurğu ilə qeyd edirdi.
Gərək bizimlə əlaqə saxlayaydılar
Axar.az olaraq yayılan xəbərdə adı hallanan tanınmışlarla əlaqə
saxladıq. Hər iki tərəf xəbərdən şoka düşdüklərini dedilər. Yusif
Mustafayev hal-hazırda rayonda olduğunu, bu çay evi ilə ümumiyyətlə
heç bir əlaqəsi olmadığını dedi. Elçin Hüseynov isə sadəcə burada
anlaşılmazlıq və qərəzin olması ehtimalını dilinə gətirməkdən
çəkinmədi:
- Jurnalistlər xəbəri yaymazdan qabaq bizimlə əlaqə saxlamalı
idilər. Bununla bağlı mətbuat konfransı keçirəcəyik, – dedi. - Bu,
onların peşə fəaliyyətinin tərkib hissəsidir...
Doğru söz idi. Amma nəzərə alsaq ki, məlumat DİN-in Mətbuat
xidməti tərəfindən yayılıb, xəbərin ciddiliyinə şübhə yeri
qalmırdı.
Çay evinin sahiblərinin obyektləri haqda arzuolunmaz
informasiyanın getməsini digər yerlərin sahibləri kimi susqu ilə
qarşılamamsı doğurdan da hansısa anlaşılmazlıqdan xəbər verə
bilərdi. Əks halda susmağa üstünlük verər, xəbərin yanlış olması
haqda danışmaz və mətbuat konfransı keçirməzdilər.
Foto reportyorumuz İsmi ilə mətbuat konfransına saat yarım
qalmış deyilən məkanda olduq. Həm kənardan, həm ərazidə
yaşayanlardan, həm də içəridən müşahidələr aparıb reportaj
hazırlamaq istədik.
Tanıyırıq, aşağıdadır...
Bir qədər kənarda dayanan taksi sürücüsünə yaxınlaşıb çay evini
soruşduq. Sürücü yolun əks istiqamətini göstərdi:
- Tanıyıram, aşağıdadır. Gedin görəcəksiz.
Getdik və gördük. Çay evi hündürmərtəbəli binanın birinci
mərtəbəsindədir. İçəri keçməzdən öncə yaxınlıqda müştəri gözləyən
taksi sürücüsünə yaxınlaşdıq:
- Qardaş, bizə istirahət etmək üçün yer lazımdır.
Yanımızda zərif məxluqlar da olacaq, yaxşı yer
tanımırsan?
Taksi sürücüsü bir neçə restoran və kafenin adını çəkdi:
- Buralarda şərait əladır. Yataq otağı, hamamı və sair.
Bu işi gizlində görənin dərisini soyarlar
Qiymətini də soruşuruq. Sürücünün məlumatından aydın olur ki,
qiymətlər heç də pis deyil:
- Otaqlar var ki, saatı 15-30 manatdır. Yemək-içməkdən
əlavə.
- Bəs, polis-zad ilişmir?
-Yox əşi, nə polis. O yerlər problemlərini çoxdan həll edib.
Hamısı sərbəst işləyir. Bu işi gizlində görənin dərisini
soyarlar.
Ətraflı məlumat versə də axırda:
- Amma inciməyin, mən elə yerlərə adam aparmıram. Yəni bu
niyyətlə gedənləri. Tobalıyam. Namaz qılıram. Yaxınlaş o oğlana
aparar. Hələ istəsən, əlinin altında ürəyin istəyən qadınların
telefonu da var. Ancaq mənlik deyil, – deyib bizi naümid qoymasına
görə üzr də istədi.
Bura hacılar, sənət adamları gəlir
- Bəs, "Nyu Layf" çay evi necə? Orda olmaz?
- Yox. Ora mədəni bir yerdir. Məşhurlar, hacılar, sənət adamları
gəlir... Ora getməkdənsə dediyim yerlərə gedin. Həm də...
Üzünü yana çevirdi. Hiss etdim ki, bu mövzuda söhbət ürəyincə
deyil.
Qonşuluqdakı marketə giririk. Marketin məsul işçisi zənd etdiyim
bir nəfərlə söhbət edirəm və qonşuluqdakı "əxlaqsızlıq yuvası" ilə
necə yola getdiklərini soruşuram. Həmsöhbətim də bu xəbəri yanlış
hesab edir:
- Boş söhbətdir, o obyektin sahibi elə şeylə pul qazanmaz. Həm
də əxlaqsızlıq yuvaları belə yerdə olmur. Üstü və ətrafı yaşayış
binalarıdır. Elə yerlər bir qədər "qluxoy" yerdə olur. Mən özüm bu
binada oluram.
- Onların xidmətindən bəhrələnmisiz? Necədir, qiymətlər
münasibdir?
- Baxır kimə necə. Burda əsasən çay verirlər. Az olmuşam. İki
dəfə qonaqlarım gəlib, onlarla oturmuşuq. Bir dəfə də qızım birinci
sinfə gedərkən dost-tanışla ailəvi yığışmışıq. Burda o ab-hava ola
bilməz...
Həmsöhbətimlə sağollaşıram.
Bunlardan haqq istəyiblər
Bir nəfər özü marağımızı görüb yaxınlaşır:
- Jurnalist olduğunuzu bildim. Mən bura mal verən firmalardan
birinin işçisiyəm. O söhbəti belə eşitmişəm. Bunlardan haqq
istəyiblər. Çay evinin rəhbərliyi verməyib. Əslində, düz də
ediblər. İşçilərini müqavilə ilə işə götürüblər, vergidən
yayınmırlar. FHN-ilə problemləri yoxdur, "sanepidemiya" da
yoxlayır. Niyə versinlər? Qazanclarını hesablayırlar. Bilirsən,
bura məşhur müğənnilər, toy danışan müştərilər çox gəlir. Saat
12-dən sonra "manısların çoxu burdadır". Özü də o şalvarı cırıq,
qulağı sırğalılar yox e, Yusif Mustafayev, Abbas, Ədalət, Emil kimi
özünü tanıyanlar gəlir. O qaval götürüb oxuyanlar, xanəndələr var
ha, onlar gəlir.
- Bəs onlardan haqq tələb edənlər kim imiş?
- Nə bilim, amma öyrədilmiş bir oğlanı qızla müştəri kimi
göndəriblər bura. Xidmətçilər görüb ki, oğlan köynəyini soyunub,
deyiblər, qardaş, bura mədəni yerdir, belə olmaz. Elə bu moment də
polislər girib içəri. Yüz faiz öyrədiliblər də. Özü də günorta
vaxtı...
Ruhumuza yaxın adamların toplaşdığı yer
Çay evinin şüşəli qapısından içəri keçirik. Tanış simalar
görünür. Şair-publisist Vüqar Əhməd, xanəndə Səfər Məmmədov, gənc
müğənni Mir Kamil Kamilov foyedə oturub çay içirlər. Hər biri ilə
səmimi görüşürük. Vüqar Əhməd məni təqdim edir.
- Xeyir ola, burda, ay hacı? – Səfər müəllimə
ünvanladığım suala Vüqar bəy cavab verir:
- Boş vaxtlarımız olanda Hacı Səfərlə vədələşib bura gəlirik.
Düzdür, bunların vaxtı toydan sonra olur. Amma gündüzlər də vaxt
tapıb gəlirik.
Səfər bəy gənc oğlana İsmi ilə mənə stəkan gətirməyi tapşırır.
Otururuq.
Mir Kamil də sözarası vaxtının səmərəli keçirdiyi yerin bura
olduğunu deyir:
- Sənət dostlarımı görürəm. Söhbətimizi bura salırıq. Bu yer
bizim ruhumuza yaxın adamların toplaşdığı yerdir.
- Nə əcəb başqa, daha münasib yerlərə getmirsən? Bu
kişilər yaşlı nəslə mənsubdur. Sən ki gəncsən?
Bu dəfə isə Mir Kamilə ünvanlanan suala Hacı Səfər cavab
verir:
- Həmin "münasib" yerlər bizlərə, Kamil kimi tərbiyəli gənclərə
namünasibdir.
Hiss edirəm ki, hər üç sənətçi dostlarına dəstək üçün burdadır.
Elə ona görə də söhbəti əxlaqsızlıq yuvası mövzusuna gətirirəm. Hər
üç sənətkar bu sözü özlərinə təhqir kimi qəbul edir:
- Bu yaşımızda bizə heç yaraşar elə yerlərdə olaq? Düzü budəfəki
gəlişimiz Elçinə dəstək olmaqdır. Gözümüzün qabağında böyüyüb,
atasının, babasının, nəslinin əxlaqı, tərbiyəsi göz önündədir.
Yerlimdir. Sənətdə də ilk addımlarını elə bizim yanımızda atıb, –
bunları da Səfər Məmmədov deyir. O, Elçin Hüseynovun
həmyerlisidir.
Otaqları gəzirik. Səliqəli və kifayət qədər komfort şəraiti olan
bir yerdir. Amma deyilən məqsəd üçün burada heç bir şərait yoxdur.
Buradan əxlaqsızlıq yuvasının iyi gəlmir.
Telefonum susmaq bilmir
Bir azdan çay evinin sahibi kimi təqdim olunan Elçin bəy də
gəlir. Söhbət edirik.
- Doğrusu, saytlarda bu məlumat getdikdən bəri telefonum susmaq
bilmir. Dostlar narahatdır. Axı bura məni tanıyanlar da gəlir. Bu
çay evinin mənə bağlılığı həm var, həm də yox. Bura mənim yaxın
qohumumundur. Amma mən həmişə burada oluram. Məşqlərimi burada
edirəm, hətta burada klip də çəkdirmişəm. Kliplərimin təqdimetmə
mərasimləri də burada keçirilib.
Adət-ənənəyə bağlılıq
Elçin bəy TV-lərin bəzi proqramlarından uzaq olduğunu deyir:
- Mənim xarakterim, mənsub olduğum ailə, nəslim, özümün
adət-ənənəyə bağlılığım imkan vermir bəzi verilişlərə çıxım. Bir
dəfə TB-lərin birindən zəng edib verilişə çağırdılar. Mövzu ilə
maraqlandım. Verilişə getdim. Görürəm tamam başqa şeydən, cinsi
əlaqədən, nikahsız yaşamadan və daha eybəcər şeylərdən bəhs
edirlər. Danışmadım. Reklam zamanı aparıcı deyir ki, niyə
danışmırsan? Dedim, axı mənə tamam başqa mövzu demisiz. Deyir, belə
mövzular aktualdır. İndi mən necə rəvac verərəm ki, mənə məxsus
olan çay evi əxlaqsızlıq yuvası olsun?
İnanclı ailədə böyümüşük. Atam Hacıdır. Mənim özümün biznesim
var və pis də dolanmıram. Hər gün də toydayam, normal qiymətə də
gedirəm. Bu çay evindən isə ofis kimi yaralanıram həm də. Dostlarım
məni axtarıb, harasa dəvət edəndə deyirəm ki, burdayam, bura gəlin,
özümüzündür.
Abbasın "hücrəsi"
Reklamını edirəm, danmıram. Niyə də etməyim? Axı bizimdir,
qardaşım oğlunundur. Demək, həm də mənimdir. Təsəvvür elə, bura
sənətçilərimiz üçün elə bir doğma məkana çevrilib ki. Məsələn, Xalq
artisti Abbas məni harasa çağırmışdı, dedim yox, gəl bura. İndi
həmişə gəlir. 6 saylı kabinənin üstündəki rəqəmin qarşısına iki
ədəd "0" yapışdırıb, olub "006". Maşınının nömrəsidir. Orda oturur.
Burda xoş əhval-ruhiyyə var.
Qanun qarşısında boynumuz tükdən də
nazikdir
İsmiyə baxıram. Gülümsəyir və otaqdan çıxır. Başa düşür ki, ona
həmin otağın da şəklini çəkməyə işarə etmişəm. Elçin isə davam
edir:
- Bir dəfə qardaşım oğluna deyiblər ki, saat 12-dən sonra
işləməsin. Mən də ordaydım. Dedim ki, qardaş, axı buranın
müştərilərinin əksəriyyəti müğənnilər, musiqiçilərdi. Onların
sərbəst vaxtı o zaman olur. Yox, əgər qanun bunu deyirsə, biz kimik
ki, qanun qarşısında boynumuz tükdən də nazikdir. Bir söz
demədilər. Getdilər.
Deyir, erməni toyu edibsən
Elçin Hüseynov özünə olan haqsızlıqlardan da bəhs etdi:
- Bir dəfə Moskvada yəhudi toyunda olmuşdum. Üstündən neçə
müddət keçəndən sonra məşhur saytlardan birinin baş redaktoru gecə
mənə zəng vurdu. Dedi ki, bizə deyirlər, Moskvada erməni toyu
aparıbsan. Deyirəm ki, yalandır. Həmin toyun diskini verim, özün
bax. Görərsən ki, heç də elə deyil. Deyir yox, baxmıram. Bizə
deyiblər belədir.
Mətbuat konfransı
Çay evinin vəkili Ceyhun bəy danışdı. İnformasiyanın DİN-in
Mətbuat xidmətindən yayıldığını bildirdi:
- Lakin bəzi saytlar həmin məlumatı təhrif ediblər. Bu çay
evinin Hüseynov Anar Əlibala oğluna məxsusdur, bütün hüquqi
sənədlər onun adınadır. Elçinin adının hallanması onun işgüzar
fəaliyyətinə mənfi təsir göstərir. Bu onun şərəf və ləyaqətinin
təhqir olunması deməkdir.