Tiflisi gəzərkən hər küçədə
dilənçi görmək olar. Şəhər infrastrukturuna nəzər salsaq, görərik
ki, yeni tikililər azdır, nəqliyyat yenilənməyib. Bir sözlə, səni
kasıb şəhər qarşılayır. Lakin şəhər özünün tarixiliyini qoruyub
saxlaya bilib. Yeni tikililər azdır və yaşıllıq olduğu kimi
qorunub.
İlk baxışda tarixi Avropa şəhəri görünüşünü əks etdirən Tiflis
şəhər mədəniyyəti və təmizliyi ilə göz oxşayır. Təsadüfi deyil ki,
turistlər ilk növbədə Qafqazın düşünən beyni və mədəniyyət paytaxtı
olan Tiflisə üz tutur.
***
Gürcüstanda iqtisadi vəziyyətin getdikcə daha da ağırlaşması
ölkəni təhlükəli situasiya ilə üz-üzə qoyub.
Larinin sürətlə ucuzlaşması fonunda dolların bahalaşması,
iqtisadi islahatların demək olar ki, dayandırılması və narazı
kütlənin gün-gündən artması Qafqazın demokratiya beşiyinin iflasına
yol açıb.
Paytaxt sakinləri ilə qısa söhbətimiz zamanı məlum oldu ki,
hökumət bir müddət öncə insanların iqtisadi vəziyyətinin qismən
yaxşılaşdırılması və problemlərin bir müddət unudulması üçün əməli
addımlar atıb. Belə ki, cari ilin dövlət büdcəsindən xərclənməyən
vəsait dövlət işində çalışan müəllimlərə, polislərə, həkimlərə və
digər peşə sahiblərinə əlavə vəsait şəkilində ödənilib.
Ümumilikdə "Gürcüstan iqtrisadi böhran dövrünü yaşayır" deyə
bilərik. Əhali sosial problemlərdən yaxa qurtara bilmir, maaş az,
gəlir yeri yox. Demokratik islahatların ardından sosial
problemlərlə üzləşən gürcü xalqı hazırda müstəqil, Rusiyadan üz
döndərmiş ölkədə yoxlulluqdan şikayətçidir. Ac xalqın demokratiya
arzusunun absurd fikir olduğunu söyləyən şəhər sakinləri birmənalı
olaraq düşdükləri çətin və çıxılmaz vəziyyətin qurbanı sayıla
bilər.
Ukrayna böhranı və Krımın ilhaqından sonra Qərbin sanksiyaları
ilə üzləşən Rusiya cavab olaraq Qərbdən idxal olunan bütün
məhsullara embarqo tətbiq edib. Bu embarqo səbəbindən daxili bazar
tələbini ödəmək üçün şimal qonşumuz digər ökələrlə olduğu kimi,
Gürcüstanla da əlaqələrə yenidən nəzər yetirməyə məcbur olub. Şəhər
sakinləri ilə söhbət zamanı məlum oldu ki, Rusiya-Gürcüstan
müharibəsindən sonra gürcü mallarının Rusiyaya idxalına qoyulan
embarqo artıq ləğv olunub. İndi gürcülər rahat şəkildə öz mallarını
Rusiya bazarında sata bilir.
5 milyonluq gürcü xalqının təxminən üçdə birinin Rusiyada
immiqrant olması nəticəsində ölkəyə gələn kapital axını və
embarqonun ləğvi xalqın sosial rifahına elə də ciddi təsir etməyib.
Məsələn, hazırda Tiflis küçələrində 1 dollar 2 lariyə satılır. Bu,
xalq üçün olduqca ağır durumdur. Azərbaycan manatının dollardan
xırda fərqlə satılması bu ölkəyə qonaq gələn vətəndaşlarımız üçün
olduqca əlverişli fürsət yaradır. Qiymətlərdə də ucuzluq müşahidə
olunur. Əlbəttə ki, bu, hökumətin yürütdüyü siyasətlə yox, iqtisadi
nizamsızlıqla bağlıdır.
***
2013-cü ildə Mixail Saakaşvili hakimiyyəti sona çatdıqdan sonra
xalq böyük problemlərin qucağına düşdü. Qərbə inteqrasiya və
müəyyən islahatlar reallaşsa da, Rusiya ilə çəkişmə, qısa müharibə,
ölkənin parçalanması və nəticədə iqtisadi böhran ölkəni ağır duruma
salıb. Hazırda əhali Georgi Marqvelaşvili hakimiyyətindən elə də
narazı deyil. Bu xalqın indi yeganə dərd-səri sosial
problemlərdir.
Bakı-Tiflis-Bakı