Bir neçə gün sonra geridə qoyacağımız 2014-ci ildə
ölkəmizin avtomobil bazarında ötən illərə nisbətən durğunluq
yaşandı. Avtomobil satışı ilə məşğul olan sahibkarların əksər
hissəsi isə alıcı sayının azalmasını cari ilin əvvəlində
kreditlərin dayandırılması ilə əlaqələndirdi.
Axar.az olaraq durumu ətraflı müşahidə etmək üçün paytaxtın
Badamdar qəsəbəsində yerləşən maşın bazarına yollandıq.
İlk olaraq bazara daxil olarkən müşahidə etdiyimiz mənzərə Sovet
istehsalı olan avtomobillərin rəqabətdə Avropa avtomobillərinə
uduzduğunu göstərdi. Alıcıların əksər hissəsinin Almaniya və Koreya
istehsalı olan avtomobillərə maraq göstərdiyi aydın görünürdü. Ötən
illərlə müqayisədə bazardakı alıcı sayının azlığı isə kredit
sisteminə tətbiq olunan sanskiyanın avtobazara təsirsiz
ötüşmədiyinin əsas göstəricisi idi.
Artıq üç həftədir ki, şəxsi VAZ 2107 markalı avtomobilini satmaq
üçün bazara gətirən Aslan Həsənov da alıcı sayının azlığından
şikayətləndi:
"Saat 09:00-dan bazardayam, artıq saat 13.00-dur. Bir nəfər
yaxınlaşıb soruşmayıb ki, maşını neçəyə satırsan? 3 həftədir bazara
gətirirəm maşını. Bu müddət ərzində yalan olmasın, uzağı iki nəfər
ciddi alıcı kimi yaxınlaşıb. İndi hələ bayram ərəfəsi olduğuna görə
bazarda müəyyən qədər canlanma var.
Ümumilikdə Sovet istehsalı avtomobillərə maraq azalıb. İndi
insanlar yanacaq sərfiyyatı daha qənaətli və təhlükəsiz
avtomobillərə həvəs göstərir. Misal üçün, mənim avtomobilim 2006-ci
il buraxılışıdır. Qiymətini 4900 $ demişəm. Ancaq bu qiymətə
bazardan "Mersedes" də almaq olar. Adətən bu cür seçim arasında
qalan alıcılar alman avtomobillərinə üstünlük verir. Nəticə də
belədir… Sovet istehsalı olan avtomobillər bazarda tökülüb
qalıb".
Bazardaxili avtomobil satışı ilə məşğul olan sahibkarlar da
satışın ürəkaçan olmadığından şikayətlənir.
Satıcı Ayaz Cəfərov bəzi avtomobillərin 3-4 aydır ki, satılmadığını
və satışın geriləməsinə səbəb kimi kreditlərin dayandırılmasını
göstərdi:
"Ötən il ilə müqayisədə builki satış çox zəif oldu. Kreditlərin
dayandırılması satışa ciddi şəkildə təsir etdi. Ümidvarıq növbəti
ildən hər şey yaxşı olacaq".
Bazara alıcı kimi gələn insanlar isə qiymətlərin qalxdığını
bildirir.
Artıq neçə həftədir bazara avtomobil almaq üçün gələn Orxan Vəliyev
xarici ölkələrin istehsalı olan avtomobillərin qiymətlərinin
yüksəldiyini deyir:
"Ötən ayla müqayisədə qiymətlərdə 1000 dollara yaxın artım var.
Misal üçün, keçən ay 23.400 dollara bazara çıxarılan "Mitsubişi"
markalı avtomobili indi 24.400 dollara satırlar. Bu böyük fərqdir.
Bu kimi digər avtomobillərdə də artım müşahidə olunur.
VAZ-2107, VAZ-2106 markalı avtomobillərin isə qiyməti ötən
aylara nisbətən ucuzlaşıb".