Yol üstündəki izi ilə tanınar
Gördüm: insanlar eşitməyin acıdı. Beyləqanda, Xocavənddə,
Bərdədə, Tərtərdə, mötəbər adamlarla görüşdük. İlahi,
azərbaycanlılar neçə də yaxşıdırlar, necə həlim, istiqanlı,
söhbətcildirlər.
Vəzifələrindən asılı olmayaraq, onlar bizim hər sözümüzdən
pardaxlanır, günəşə boylanan novruzgülü kimi qanadlanırdılar. Onlar
bizdən hər şey haqqında soruşurdular, biz onlara hər şey haqqında
məlumat verirdik. Gözlər gülür, çöhrələr nurlanır, düşüncələr su
misalı axırdı.
Hə və hə... adamların ayağına getmək lazımdır. Onlara danışmaq,
hər şeyi danışmaq lazımdır. Gizlətmək olmaz. Bizim aramızda sirr
qalmamalıdır. Bir-birimizdən şübhələnməməliyik.
Gecə saat 2-ni keçib. Biz söhbətləşirik. Yuxu da həvəslə
dinləyir. Deyəcəklərimiz, eşidəcəklərimiz o qədər çoxuydu ki,
yatmadıq. Həyatımız çoxaldı.
Bütün bu gözəlliyi "Kitabi-Dədə Qorqud" dastanının izi ilə
bölgələrə etdiyimiz səfər çərçivəsində yaşadıq. Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin
rəhbərliyi və iştirakı ilə 3 gün 30 günə bərabər oldu. Yəni 27
günlük ehtiyat qazandıq. Hər səfərdə belə qazanc insanı min il
yaşadar.
Aprelin 11-13-ü tarixlərinə beynimizin rahat küncündə yer
ayırdıq. Beynimizin içini hər dəfə səyahətə çıxanda onunla
rastlaşacaq, hal-əhval tutacaq, zarafatlaşacaq, biz onu unutmayaq
deyə, daha nələr etməli olduğumuzu soruşacağıq, onun bizi həmişə
xatırlamasına geniş imkanlar açacağımıza söz verəcəyik.
Prezident sərəncamının ruhuna qoşulduq
Alman şərqşünas Haynrix Fridrix Fon Ditsin ruhunu ehtiramla
anacağıq. "Kitabi-Dədə Qorqud" abidəsini o, nəşr etdirərək dünya
aləminə tanıdıb – 200 il əvvəl. Qiymətini də alıb. Azərbaycan
Prezidenti İlham Əliyev 200 illik tarixin möhtəşəmliyinə hesablanan
Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin də adı çəkilib. Hər iki qurum Sərəncamdan əvvəl də
"Kitabi-Dədə Qorqud" dastanının Azərbaycan xalqının əxlaq,
mənəviyyat, yaşam, bir sözlə, varlıq dastanı olduğunu nəzərə
alaraq, xeyli sayda tədbirlər keçirib.
"Kitabi-Dədə Qorqud" − Haynrix Fridrix fon Dits − 200"
beynəlxalq kollokviumunun adını xüsusi çəksəm, yəqin oxucunu yormuş
olmaram. 15-ə yaxın xarici ölkənin alimləri Bakıya toplaşdı və belə
bir dastanı olan xalqın üstün cəhətlərindən danışmaqla yanaşı, bu
cəhətlərin, xüsusən də multikultural ənənəyə malikliyin dünyaya
töhvə olduğunu bəyan etdilər. Azərbaycan yaşam fəlsəfəsi ilə dünya
xalqlarına nümunə ola biləcək səviyyədədir. Bu, "Kitabi Dədə
Qorqud"u oxuyanda bir daha aydınlaşır. Məşhur alimlər də bu
aydınlığın işığına toplaşmışdılar.
Davamı öz bölgələrimizdə keçirildi.
Beyləqan-Xocavənd-Bərdə-Tərtər. "Kitabi Dədə Qorqud"un izinə düşüb
elə yollardan keçdi ki, hər addımda qarşımıza çıxanların
fərəhlərindən fərəhləndik. Səfər proqramını hazırlayanda Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşavirliyinin əməkdaşları: Anna Bayramova, Sərraf
Hüseynov, Ceyhun Məmmədov, Azər Fərzəliyev marşrutu dəqiqliklə
cızdılar. Sərraf müəllimlə və Ceyhun müəllimlə yol yoldaşı olduq.
Qayğımızı çəkdilər. Kaş imkan yarana, borclarından çıxa
bilim.
Müxtəlif xalqların bir dili - Vətən dili
Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Bakı Slavyan
Universitetinin müəllim və tələbələri, Bilik Fondunun könüllüləri 4
məktəbin şagirdləri də bizimlə idi. "Kitabı-Dədə Qorqud"
dastanındakı qəhrəmanların tarixi izlərinin olduğu güman edilən
Xocavəndə gəlmişdik. Bizi lap nağıllardakı kimi qarşıladılar. İcra
başçısı Eyvaz Hüseynov Kamal Abdullayevi və onun rəhbərlik etdiyi
nümayəndə heyətini bu ərazilərdə görməkdən məmnunluq duyduğunu dilə
gətirdi. Bir vaxtlar bu torpaq uğrunda şəhid olanların ruhu da,
dəqiq deyə bilərəm ki, zaldaydı. Onlar məhz bu gün üçün vuruşaraq
canlarından keçmişdilər. Müharibə adamı olan Eyvaz müəllim
Nərgiztəpə yüksəkliyi uğrunda gedən döyüşlərdən danışırdı.
Ermənilər Nərgiztəpəni nəyin bahasına olursa-olsun almaq
istəyirlərmiş. Qaraca Cobanın məzarının məhz burda olduğu güman
edilir. Məkrli düşmən tarixi xeyrlərinə dəyişib Dədə Qorquda sahib
çıxmaq istəyirlərmiş. Alınmayıb. Qəhrəman oğullar son damla
qanlarına qədər vuruşublar. "İndi başa düşürük ki, Dədə Qorqud
qəhrəmanlarının ruhları bizə güc veribmiş" – Eyvaz Hüseynovun
gəldiyi qənaət belə idi.
Səfərdə elə qənaətlər hasil oldu ki, xalqımızın keyfiyyətlərinə
heyran qalmamaq mümkünsüz idi. Udilərin təhsil aldığı Qəbələ rayonu
1 saylı Nic qəsəbə məktəbliləri, Bakı şəhəri İlyas Əfəndiyev adına
Elitar Gimnaziya, Xocavənd rayonu Salakətin kənd və Beyləqan rayonu
1 saylı tam orta məktəbləri arasında elə bir bağlılıq yaranmışdı
ki, Kamal Abdullayev ilk çıxışına başlayanda Ulu Öndər Heydər
Əliyevin kəlamını xatırlatdı:
"Azərbaycanın gücü əhalisini təşkil edən xalqların gücündən
ibarətdir". Onlar üç dildə - Azərbaycan, rus, udi dillərində
danışırdılar. Qulaqlarda isə bir dil eşidilirdi: Vətən dili.
Bilinməzin bilinən mətn
tərəfindən izahı...
Ardını Kamal müəllimdən eşidək:
"Belə bir ictimai bütövlük istər-istəməz mədəni bütövlüyə
gətirən yoldur. Azərbaycan xalqının qədim tarixi, bu günü ilə bağlı
mədəni, mənəvi sərvəti sayıla bilən hər bir dəyər dövlət,
ictimaiyyət səviyyəsində yüksək dərəcədə qeyd olunur. Prezident
İlham Əliyevin fevral ayında imzaladığı "Kitabi-Dədə Qorqud"un
öyrənilməsi, tərcüməsi və ilk dəfə nəşr edilməsinin 200 illiyinə
həsr edilmiş Sərəncam bunun çox gözəl bir göstəricisidir.
"Kitabi-Dədə Qorqud" dastanlarının xalqımızın həyatında tutduğu
yeri sözlə ifadə etmək çətindir. Düz 200 il bundan öncə alman
şərqşünası və alimi, Hötenin yaxın dostu Haynrix Fridrix fon Dits
özündə əlyazması olan "Kitabi-Dədə Qorqud" dastanlarından "Basatın
Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə edərək ayrıca kitab
şəklində çap etdirib. Həmin kitaba yazdığı geniş önsözdə əsl
şərqşünas kimi dastanı yunan mifoloji mətnləri ilə müqayisə edib.
Avropa yunan miflərini yaxşı tanıyırdı, amma "Kitabi-Dədə
Qorqud"dan xəbərsiz idi. Bir bilinməzin bilinən mətn tərəfindən
izahı çox məqsədəuyğudur.
Xocavənddə yaşlı nəslin nümayəndələri "Kitabi-Dədə Qorqud"
dastanlarını oxumadıqları halda Qaraca Çoban, eləcə də dastandakı
bir çox nüanslarla bağlı bilgilərə sahibdirlər. Əgər rəvayətlər
yerli əhalinin qəlbində, beynində yaşayırsa, deməli, qan yaddaşı
ilə bağlıdır və bu qəhrəmanların mənsubiyyətinə şəkk gətirmək
olmaz. Məhz buna görə biz Prezidentin sərəncamının icrasına belə
bir müqəddəs yerdən başlamaq istədik. Bu gün biz sizin qapınıza
gəlmiş Allah qonağıyıq. Siz Allah qonağını yüksək səviyyədə
qarşıladınız".
Alimlərimizin saldığı işıq
Əlbəttə, alimlər də çıxış etdi. Dədə Qorqud irsinin
öyrənilməsinin xalqın bütövlüyündə vacib rol oynadığını
bildirdilər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
"Kitabi-Dədə Qorqud"un ölkədə və xaricdə təbliğatı üçün rəhbərlik
etdiyi qurumun böyük layihələr həyata keçirməyə hazır olduğunu
xüsusi vurğuladı.
Filologiya üzrə elmlər doktoru, BSU-nun professoru Rüstəm Kamal
"Kitabi-Dədə Qorqud" ruhumuzun və dilimizin abidəsi kimi",
filologiya üzrə elmlər doktoru, BSU-nun professoru Rəhilə
Qeybullayeva "Epos, tarix, yoxsa dini kitab?", filologiya üzrə
fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun əməkdaşı Ləman
Süleymanova "Xocavənddə yaşayan tarix", iqtisad üzrə elmlər
doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Əhməd
Qəşəmoğlu "Unikal Azərbaycan mədəniyyəti", hüquq üzrə fəlsəfə
doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Allahverdi
Teymurov "Kitabi-Dədə Qorqud"da hüquqi məsələlər", filologiya üzrə
fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor
müdiri Təvəkkül Əliyev "Nərgiztəpədə arxeoloji tədqiqatlar",
filologiya üzrə elmlər doktoru, AMEA Dilçilik İnstitutunun direktor
müavini Məhəbbət Mirzəliyeva "Repressiyaya uğramış abidəmiz",
filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunun
əməkdaşı Şəkər Orucova "Dədə Qorqud"un dili" mövzusunda dərin
məzmunlu çıxışlar ediblər, iştirakçıları Dədə Qorqud işığında
sağlam, qürurlu, vətənpərvər həyat tərzi keçirməyə çağırıblar.
Jurnalistlərimizdən möhtəşəm peşəkarlıq
Şagirdlər, tələbələr, Bilik
Fondunun könüllüləri, jurnalistlər belə bir dastana sahib
olduqlarına görə fəxr etdiklərini söylədilər. "525-ci qəzet"in
əməkdaşı, dəyərli jurnalistimiz Sevinc Mürvətqızının və Jurnalist
Araşdırma Mərkəzinin sədri Seymur Verdizadənin çıxışları isə əsasən
də mətbaut nümayəndələrinə xoş təsir bağışladı. Sevindik ki, həm
yazımız var, həm imzamız.
Tədbirdə həmkarlarım yüksək peşəkarlıq nümayiş etdirdilər.
"Kultura plyus" internet televiziyasının əməkdaşı Aida Eyvazova,
"525-ci qəzet"in əməkdaşı Sevinc Mürvətqızı, "Azadinforum" saytının
əməkdaşı Aytac Salahova, "Azərfax" saytının baş redaktoru Nicat
Dağlar, JAM sədri Seymur Verdizadə, "Ədalət" qəzetinin əməkdaşı
Subhan Mahmudov, Qarabağ bürosunun AzTV təmsilçisi Sənan Həsənoğlu,
İTV təmsilçisi Şöhrət Eyvazov bu tədbir çərçivəsində nümayiş
etdirdikləri mövqeyi juralistikadan xəbəri olmayan kim görsəydi
"mən də onlar kimi olmaq istəyirəm" deyərdi. Misallar gətirəcəm,
çünki onlar mənim əziz həmkarlarımdırlar.
Sevinc xanım səhərə qədər yatmayıb 10 min işarəlik reportaj
hazırladı. Sənan bəy tədbir bitməmiş "moyvideo"da görüntüləri artıq
bizə göstərdi. Nicat Dağlar düz 3 saat ayaq üstə dayanıb, rəhbərlik
etdiyi sayta 500-ə qədər şəkil yüklədi. Otura bilməzdi. İnternet
onun dayandığı ərazidə babat tuturdu. O ərazidə oturmaq imkanı yox
idi. İTV-nin Şöhrəti tədbirin şöhrətini bütün ölkəyə yayımladı.
Yeniyetməmiz Aytac xanımın əlindən telefon düşmürdü. Həmin gün
"Azadinforum"a bəlkə də ondan çox zəng edən olmadı. Aida xanım
səhərə qədər kameradan çəkilənləri dinləyib, sinxronları
müəyyənləşdirirdi. "Kitabi Dədə Qorqud" dastanının izi ilə
proqramının redaksiya heyəti əlində "silah" postda ayıq-sayıq
dayanmışdı. Yadigar Məmmədli ağsaqqalımız idi. Ağsaqqalımızdır.
Beyləqandayıq. Jurnalistlər yolların bərbad olduğunu görüb,
"bura Azərbaycandır?!" - deyərək, təəccüb edirlər. Sonradan
hörmətli icra başçısı Vaqif Abdullayevdən öyrənirik ki, şəhərə
kanalizasiya sistemi çəkirlər. Köhnənin məntiqidir: birini quranda
o birini dağıtmağa məcbursan. Yeni məntiqə böyük ehtiyac var. Elə
ona görə də Bilik Fondu yaranıb, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi fəaliyyət göstərir. Bu qurumlar paralellik məntiqi ilə yola
çıxıblar. Mahiyyəti insanlara rahatlıq gətirməkdir. Alınır.
İstisnasız olaraq, görüşdüyümüz hər kəs bizim fikrimizlə razılaşır.
Paralellik elə eyniləşməkdi. Bəli, paralel xətlər kəsişmir, yəni
üst-üstə düşmür. Heç düşməsi də lazım deyil. Hər adamın şəxsi fikri
var. Biz öz fikirlərimizlə yan-yana getməyin tərəfdarıyıq. Sən
mənim yanımdasan, mən onun, o, o birinin... Bir yerdəyik!
Qardaşlığımız mübarək
Azərbaycanda yaşayan müxtəlif
xalqların təhsil aldığı 4 məktəb də "Qardaşlaşma sazişi"ni
imzalamaqla bir yerdə olduqlarını göstərdilər. Nə xoşdur ki, tarixi
hadisədə Dövlət müşaviri, akademik Kamal Abdullayev də iştirak
etdi. Kaş görərdiz, Kamal müəllim uşaqlarla elə şirin münasibət
qurmuşdu ki, bu mənzərəyə baxıb, orta məktəb illərinə qayıtmamaq
mümkün deyildi. İlğım məni apardı: oğlanlar futbol oynamaq istəyir,
qızlar voleybol. Cəmi bir top var, o da futbol topu. Anındaca
razılaşırıq. Niyə qızlarımız kənarda qalmalıdır axı. Top ağır
olduğu üçün alınmır, amma oynayırıq. Düz 45 dəqiqə "bezdik"
ifadəsini nə dilimizə, nə beynimizə gətiririk. Hörmət; Qayğı;
Nəciblik − voleybol meydançasında hökm sürən vəziyyətin müxtəlif
bucaqlardan baxanda oxunan adlarıdır. Kamal müəllim də uşaqları
həmin bucaqlardan baxamağa dəvət edirdi. Belə deyirdi: "Bu, sadəcə
simvolik saziş deyil, son dərəcə mühüm bir vətənpərvərlik
aksiyasıdır. Biz bu gün ümummilli liderin qarşımıza qoyduğu
tolerantlıq, qardaşcasına münasibət, Azərbaycanda olan bütün
xalqların və dinlərin həmahənglik yolunu tutaraq əslində həm də Ulu
Öndərin ruhu qarşısında sədaqət andı içirik. Siz əbədi dostlara
çevrilirsiniz. Dərdinizi bölüşün ki, azalsın, sevincinizi bölüşün
ki, çoxalsın. Təklənmək faciədir. Həmişə bir yerdə olun.
Bir-birinzə kömək edin, arxa durun. Xalqımızın əxlaq və mənəviyyat
kitabı olan "Kitabi-Dədə Qorqud" dastanında əksini tapan dəyərlər
həyatınızdan heç vaxt əskilməsin. Əbədiyyətə qədər davam edən
bugünki qardaşlığınız mübarək olsun".
Ermənilər üçün şüar: "Azərbaycana qarışaq,
xoşbəxtliyimizə qovuşaq!"
Zal doludur. Tamaşaçıların arasında əsgərlər də var. Şagirdlər
səhnəciklər nümayiş etdirirlər. Aydın görünür: sərbəstdirlər,
kompleksin əsirinə düşməyiblər. Səhnədən zala yayılan xoş aura
""Kitabi-Dədə Qorqud" əxlaq və mənəviyyat dərsliyimizdir"
mövzusunda şagird, tələbə və müəllimlərin iştirakı ilə
elmi-praktiki konfrans boyu davam etdi. Kamal Abdullayev
repressiyaya məruz qalan dastanın 50-ci illərin axırlarında xalqa
qovuşa bildiyiini xatırladaraq dedi ki, daha bu iki varlığı
bir-birindən ayırmaq mümkün olmayacaq.
Konfransda alimlər maraqlı çıxışlar etdilər. Hər çıxış bir tarix
idi.
Beyləqandakı "N" saylı hərbi hissənin əsgəri, Bakı Slavyan
Universitetinin məzunu Elnur Mustafayevin çıxışı xüsusi ilə
seçildi. Eləcə bir cümləsini yazım, aydın olsun: "Əsgər vətənin
müdafiəsində Dədə Qorqud dastanlarındakı kimi şücaət göstərməyə
qadirdir".
Bir haşiyə çıxım: düşmən ermənilər bizimlə bir bayraq altında
xoşbəxtcəsinə yaşadığı illərdə dəqiqdir ki, "Kitabi-Dədə Qorqud"
dastanını oxuyublar. Əsgərimizin cümləsini avtomatın gülləsinin
əvəzinə göndərəsən onlara, ayılalar. Yazıqdırlar. Əvvəl-axır Qaraca
Çobanlarımız onları ağac kimi kökündən qoparacaqlar. Xalq yazıqdı,
ayılsın, despot rejimlərinə qarşı üsyana qalxsın. Şüar da verirəm:
"Azərbaycana qarışaq, xoşbəxtliyimizə qovuşaq!"
Əslində "haşiyə" ifadəsi artıqdır. Olsun, yazdığını pozmaq Dədə
Qorqud nəslinin davamçılarına yaraşmaz. Yuxarıdakı abzası
"haşiyəsiz" yazmaq olardı, ona görə ki, növbəti səfərimiz əvvəl
əsgərlərlə görüşə, sonra erməniləri qandırmağa yönəlmişdi. Yəni
"haşiyəsiz" də keçid yerinə düşür. "Kitabi-Dədə Qorqud"un izi ilə
mükəmməl istiqamət tutmuşuq.
Azərbaycan Ordusu. Müasir texnikamız və silah-sursatımız.
Qürurlu əsgərlərimiz. Kəşfiyyat tağımının şücaəti. Əsgər
yeməkxanasında dadlı nahar. Bizi göz bəbəkləri kimi qoruyanların
qonaqlarla birlikdə yallı getməsi...
Silahlarla şəkillər çəkdirdik. Tankların üstünə qalxdıq.
Əsgərlərlə söhbətləşdik. Qürurverici idi. Bütün bu ardıcıllıq meh
kimi ürəklərə sərinlik gətirirdi.
Rahatlandıq. Həmin ordu deyil: kazarmanın təmizliyi göz
qamaşdırır, yataq yerləri səliqəli, ağappaq və yumşaq. Geyimləri
duruşları kimi şax, baxışları sərt və mənalı. Onlar hazırdırlar.
Akademik Kamal Abdullayev əsgərlərlə bir süfrə arxasında çörək
kəsməmişdən əvvəl unudulmayacaq fikirlər səsləndirir: "İndi bu
əsgərlər konkret kimləri qoruduqlarını gördülər, yaxından
tanıdılar. Əsgərlərin qoruduğu insanlar onların görüşünə gəlib.
Artıq bizi hansı əsgərin qoruduğunu dəqiq bilirik. Əmin idik, bir
daha gördük: siz bizi ləyaqətlə qorumağa qadirsiniz. Biz sizə
güvənib yaşayırıq".
Sözümüzün əvvəli də "Allah sizi qorusun" idi, sonu da. Yağış,
yorğunluq, həyəcan... sanki heç biri olmamışdı. Əsgər müqqəsmiş,
adama pis olan hər şeyi unutdurur. Əsgər onda güclü olur ki, tarix
də ona dəstək göstərir. Buyur, cənab əsgər, gecələr səni narahat
edən düşmənin yersiz-yurdsuz çaqqal olduğunu bil. Bəli, məhz
"çaqqal". Sən əsgərsən, belə sözləri eşitmək və işlətmək təbiidir.
Yazdım ki, işğalçılara doğru hücuma keçəndə öldürdüyün hər düşməni
adam qismində saymayasan.
Bizim ərazilərə qovulan düşmən
Ağdərə rayonunun Marağa kəndinə İrandan ilk dəfə 200 erməni ailəsi
köçürülüb. Hadisənin 150 illiyi münasibətilə1978-ci ildə
abidə də ucaldlıb.
Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə
qondarma erməni iddiasının buynuzu bir daha görünəndə yoxa
çıxıb.
Bəzi mənbələrə görə, "Marağa-150"-nin dağılmağa məruz qalmasına
baxmayaraq, hazırda mövcuddur və Azərbaycan Silahlı
Qüvvələrinin nəzarətində olan Tərtərin Şıxarx qəsəbəsində yerləşir.
Bax, cənab əsgər, səninlə görüşüb ayrılandan sonra həmin tarixi
alimlərimizin təqdimatında xatırlatmağa yollandıq. Böyük konfrans
oldu. Düşmənin kimliyinə bir daha aydınlıq gəldi. Kitab
hazırlanacaq. Faktlar dillərə tərcümə olunacaq. Səndən sonra
dünyanı monapoliyaya alanlar bilsin ki, silah gücünə qovacağın
toplum buralara qovulmuşlardır.
Bilik Fondunun Bərdə İmamzadəsində aşkarladığı
tarix
Tərtərdən Bərdəyə qayıdırıq. Əvvəl rayonun icra başçısı Müstəqim
Məmmədova minnətdarlığımı yazım. Qonaqpərvərliyini qabartmadan
deyim ki, böyük səmimiyyət göstərdi. Jurnalistlərin masasına
yaxınlaşıb, bəyan etdi ki, nə vaxt istəsək, onunla görüşə, rayon
barədə geniş məlumat ala bilərlər. Yəni qapısı jurnalistlərin üzünə
həmişə açıqdı.
Bərdəyə İmamzadə üçün gəldik. Bilik Fondunun ilk layihəsi olan
"Dini abidələrdə tarixin izləri" Bərdə İmamzadəsindən başlamışdı.
Proqramın ideya müəllifi Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
Kamal Abdullayevdir. Layihənin icrasına dair fəaliyyət planı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı
direktoru Oktay Səmədov tərəfindən 05 avqust 2014-cü ildə
təsdiqlənib.
Məqsəd: Azərbaycan ərazisindəki tarixi
abidələrdə: məscid, ziyarətgah, kilsə, sinaqoq və məbədlərdə
tarixi-elmi tədqiqatlar aparmaq; abidələr barədə dəqiq məlumatları
aşkarlayıb təbliğatını qurmaq; tarix üçün faydalı məqamları üzə
çıxartmaq; ehtiyac olduqda müəyyən bərpa və abadlıq işləri həyata
keçirtmək.
Mahiyyət: Azərbaycanda və Qafqazın digər
bölgələrində yaşayan əhalinin maarifləndirilməsi; ziyarətgahlar
barədə düzgün elmi; tarixi, dini biliklərin verilməsi; milli-dini
dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə
ötürülməsi.
Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi,
Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynovun
iştirakı ilə AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın
müxbir üzvü Möhsün Nağısoylu qəbirlərin üzərindəki ərəb və fars
dilindəki mətnləri sözbəsöz dilimizə çevirib. Bərpadan sonra bu
mətnlər lövhələrə həıkk olunaraq, hər qəbrin yanına vurulub.
Yazıldığı formada təqdim edirəm:
O, diridir və heç zaman
ölməz.
Kəcrəftar fələyin yaratdığı
bu naxoşluqdan
Dəvasız dərdə düşənə nəzər
yetirdik.
Lakin onun xəstəliyinə əlac
tapa bilmədik.
Xəstə yatağında can
verdi.
Son nəfəsinə qədər öz
yoldaşına məhəbbətini əldən vermədi.
Ruhu bədənindən ayrıldığı
zaman gözlərini açmadı.
Onun yoldaşı Kəlbəli
Niknəfs
Xanımının yolunda
varını-yoxunu fəda elədi.
Hər kəs onun dəyərli vücuduna
iftixar edərdi.
Bəyim xanım nəcabətli,
həcərqiyafəli və vüqarlı birisi idi.
Bu məzar Bəyim xanımın
müqəddəs məzarıdır.
Pənah xan Cavanşirin
nəslindəndir.
İbni Cəfərqulu xan ibni
Məhəmmədhəsən Ağa ibni ... (İbrahim) xan
Vəfat tarixi: 16 zilhiccə,
1328/1910-11
Mətnlərin oxunması asan başa gəlməyib. Təvazökarlığı İmamzadənin
açılış mərasimində etdiyi çıxışa elə hakim kəsilmişdi ki, Möhsün
müəllim bu işi hansı əziyyətlər bahasına gördüyünü dilinə
gətirmədi. Görünən dağa nə bələdçi. İmamzadənin əvvəlki görnüşü də
fotolarda qalıb, indiki vəziyyəti də göz qabağındadır.
Ramazan Hüseynov, Bilik Fondunun Bərdə nümayəndəsi Vidadi
Süleymanov, rayonun baş memarı, din xadimləri, ziyalılar, yerli
gənc fəallarla birgə İmamzadə Kompleksində görüləcək işlərin
siyahısı hazırlanaraq, abadlıq işləri Bərdə bölgəsinin tanınmış
inşaatçı-bərpaçısı, "Fərid-İnşaat" şirkətinin rəhbəri Sübhan
Həsənova tapşırılıb.
Sübhan müəllimə "çox böyük iş görmüsünüz" deyəndə, cavabı bir
söz olur: "Savabdır".
İmamzadədə böyük zəhmət bahasına görülən işlərin birinci
mərhələsi yekunlaşıb. İmamzadədə olub ürək açan mənzərəni
gözlərimizlə gördük.
Görüşdə Bərdə ictimaiyyəti ilə yanaşı, müxtəlif bölgələrdəki
dini ocaqların nümayəndələri, yerli ziyalılar, tələbələr, şagirdlər
də iştirak edirdilər. Bərdənin icra başçısı Vidadi İsayev olduqca
razı qaldığını bu işdə əməyi keçən hər kəsə minnətdarlıq etdiyini
dedi. Akademik Kamal Abdullayev Bilik Fondunun "Dini abidələrdə
tarixin izləri" layihəsinin bütün dini abidələrdən keçəcəyini
bildirdi. Yerli sakinlərdən də danışanlar oldu. İmamzadənin
görünüşü onlarda xoş təsir oyatmışdı.
Fakta bax:
Şiə ziyarətgah sünnilərin
məscidini təmir edir
Karvan dayanmaq fikrində
deyildi. Nümayəndələr Kamal Abdullayevlə birgə Qaxa, ordan da
Zaqatalaya getdilər. Yanlarında deyildim. Alimlər, jurnalistlər,
könüllülər, tələbələrlə birgə Bakıya gəlirdik. Bir məqamı qeyd
edim: bizim alimlərlə yola çıxmaq gözəldir. Onların söhbətləri yolu
xeyli yaxınlaşdırır.
Amma fikrimiz Qaxa və Zaqatalaya gedənlərin yanında idi. Səhər
açılan kimi, mətbuatdan oxuduq. "Kitabi-Dədə Qorqud"un izinə
düşənlər Qaxda Bilik Evinin binasına baxış keçirib, Qax Cümə
məscidini Kürmük məbədində "Kitabi-Dədə Qorqud" qəhrəmanı Bəkilin
qəbri ziyarət olunub. Zaqataladasa ingiloylar yaşayan Əliyabad kənd
məscidinə Mir Möhsüm Aga ziyarətgahının hədiyyələri və təmirlə
bağlı etdiyi maddi yardım − 30 min manat verilib. Bizə hər səfərdə
yol göstərən Prezident Administrasiyasının əməkdaşı Sərraf
Balaxanın bu hadisəyə facebook səhifəsində göstərdiyi reaksiyanı
yazmamaq olmur: "Təsəvvür edin, bir şiə ziyarətgah sünnilərin
məscidini təmir edir".
Multikultural dəyər. Tolerant münasibət. Bunlar birgə yaşayışı
şərtləndirən yeni terminlərdir. Tarixcə köhnə, mahiyyətcə əbədi
olan termin isə belədir: ADAM KİMİ YAŞAMAQ. Biz hər bir fərdin adam
kimi yaşamasına imkan verən cəmiyyət qururuq. Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti ilə proses daha
da sürətlənib.
Dədə Qorqud demiş, görəlim nə demiş: "Haqq yandıran çırağınız
sönməz olsun!
Bakıdayıq. Səfər yoldaşlarımdan birindən mesaj alıram. Yazır:
""Savalan" qrupunun musqisi, hörmətli Novruz Novruzlunun səsi
qulaqlarımdan çəkilmir. Necə də gözəldir". Eşidirəm:
Mən belə yaşadım,mən
belə gördüm
Bir canın bir cana ehtiyacı var
Cahilin kamilə, dərdlinin təbibə
Təbibin dərmana ehtiyacı var