Yuxarı

Mircəfər və SSRİ-də kommunizmi ilk “quran” kənd - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərin tıxacından canımı qurtarmağın məqamı idi. İstirahət günlərinin bir neçəsini rayonda səmərəli keçirmək yaxşı olardı. Ölkənin cənubuna üz tutdum.

Qoşa yolu qurtarsaq...

Ələt qəsəbəsi arxada qalır. Yol boyu sıralanan yeniyetmə oğlan uşaqları qulaqlarından tutub havaya qaldırdıqları ağ dovşan balalarına müştəri axtarır. Dayanmadan şütüyən maşınların arxasınca əllərini əsəblə yelləmləri və ayaqlarını qəzəblə yerə çırpmaları gözümdən yayınmır. Eyni reaksiya məndən də yan keçmir.

Bir azdan qoşa yola çıxacağam. Əslində Lökbatan dairəsindən ta Salyan rayonunun ərazisindəki Şirvan dövlət qoruğuna qədər yeni, rahat yol elə iki tərəflidir. Lakin bir-neçə il bundan qabaq qoruqdan Ələt qəsəbəsinə qədər çəkilən ikitərəfli beton yola "qoşa yol" deyirlər. Həmişə rayona gedəndə fikirləşmişəm: Qoşa yolu qurtarsaq, mənzil başına çatmış olaram.

Kəşfiyyatçı

Bu da qoşa yol. Bir qədər qabaqda Sovetlər zamanı məşhur olan, indi isə xarabalığı xatırladan "Kəşfiyyatçı" restoranıdır. O çağlar bu restoran günün bütün saatları işləyərdi və əsasən iritutumlu yük maşınlarının sürücülərinə xidmət edərdi. Ətrafında heç bir yaşayış məskəni olmayan bu restoran səhralıqda bir yaşıl talanı xatırladardı. Burada hər yaşdan yüngül həyat tərzi keçirən qadınlar işləyər, yorğun və pullu sürücülərin xidmətində dayanardılar. İndisə buralar yaxından keçən Şirvan kanalında balıq tutanların maşınlarının dayanacaq və yolun kənarında hamam vannalarının içində diri balıq satmaqla güzəranlarını təmin edənlərin mərəsidir. Balıqçılarla bir qədər bazarlaşıb, qiymətlərin cibə münasib olmadığına görə yola davam etmək istəyirəm. Cavan satıcı əl çəkmir və qulaqlarına ip keçirib asdığı balıqların topasına bir qiymət deyir. Geri dönüb balıqların qəlsəmələrinə baxmaq istəyirəm. Əsəbi halda:

- Səndən balıq alan olmaz,- deyir və əlimi kənara itələyir.

Hər şey aydındır.

Bu da Salyan postu

Yolun kənarındakı kolluqlara diqqətlə baxıram. İşgüzar və fəndgir yol polisləri səyyar radar qurğularının kameralarını kolluğun arasında gizlədir və nəzərə çarpmadan sürət həddini aşan sürücünü Salyan postunda saxlayırlar. Avtopilotu 118 sürətə qururam ki, bu yol üçün nəzərdə tutulan, saatda 120 km sürət həddini aşmayım.

Salyan postuna az qalmış yolun sağında yaxınlarda haqq dünyasına qovuşmuş məşhur qarmon ustası Aslan İlyasovun tikdirdiyi məscidin yanından keçirəm və ürəyimdə bütün haqq dünyasında olan insanlara rəhmət oxuyuram.

Bu da Salyan postu. Yol patrul xidmətinin əməkdaşı qırmızı rəngli çubuğunu qaldırır və saxlamaq üçün işarə edir. Bir qədər qabaqda saxlayıram. Polis yaxınlaşana qədər sənədlərimi hazırlayıram və güzgüdə onu seyr edirəm. Əlindəki kağıza baxaraq, maşının dövlət nömrə nişanını ötəri nəzərdən keçirib mənə:

- İşçimiz növbədən sonraya qalıb, imkanın var, onu Sarvan kəndinə qədər aparasan?

Yol polisi söhbətcil adammış.

Təxminən saat yarımdan sonra Cəlilabaddayam. Axşam doğmalarla bir yerdə olub səhəri rayon mərkəzinə yola düşürəm. Rayon fermerləri, kəndlilərlə görüşüb, söhbət etmək, Cəlilabad ədəbi mühiti ilə bağlı yazı hazırlamaq planım var.

Hikmətin çayxanası...

Qış öz sözünü deyir. Cəlilabadda məşhur olan "Hikmətin çayxanası"nın həyətinə girirəm. İçəridə bir-iki nəfər istisna olmaqla, çayxanada demək olar ki, heç kəs yoxdur...

Deyim ki, bu rayonun ən çox müştərisi olan çayxanalarındandır. Şəhərin parkındakı çayxanalarda əsasən musiqiçilər və təqaüdçülər toplaşırsa, Hikmətin çayxanasına yazı-pozu adamları, güclü mütaliəsi olan, yerli teatrın aktyorları, icra nümayəndəliyin işçiləri, bank işçiləri yığışır. Yazarlardan kimi görmək istəsən, onunla günün müxtəlif vaxtlarında burda görüşmək olar. Bura həm də yeni çıxan kitabların, yeni imzaların müzakirəsi, qəzet və jurnallarda dərc olunan məqalələrin, prezidentın yeni sərəncam və təyinatların müzakirə olunduğu yerdir.

Şair Əlirza Həsrət bayırdakı stolların birinin arxasında əlini çənəsinə söykəyib oturub. Fikirlidir, görünür kimi isə gözləyir. Məni görcək gülümsəyir. Şəklini çəkib, yaxınlaşıram.

- Hiss edirdim ki, uşaqlardan kimisə görəcəyəm, sən gəldin.

Var-gəl edirik. Razılaşırıq ki, yazıçı Meyxoş Abdullahı arayaq. Zəng edib evdə tapırıq. Bir azdan o da bizə qoşulur. Çayxanadakı söhbətin ləzzəti də tamam başqadır.

Dağı arana, aranı dağa daşıyırıq. Abbasağa Azərtürkü, Qasid Nağıoğlunu, Əhməd İspəri xatırlayırıq. Allahdan hər üç dəyərli qələm adamına rəhmət diləyirik. Salamın köşə yazıları və şeirləri, Saday Şəkərlinin sosial şəbəkədəki fəallığını və yeni dərc olunan kitabını, Ədalət Salmanın "Sözün işığı" dərgisinin, Bilal Alarlının, Faiq Hüseynbəylinin son yaradıcılığı, Aqşinin şeirləri və rəhbəri olduğu "1937.az" saytı, Əlizadə Nurinin "qeybə çəkilməyi", İbrahim Selin masonlarla bağlı yazıları söhbətimizin əsas mövzusu olur. Sözsüz ki, ədəbi mühitin ağsaqqalı Böyükxan Bağırlını unutmuruq. Sonra "qeybə çəkilən" Əlizadə Nuriylə tapşırıq.

Burda qara günümüzlə əlləşirik

Rayonda yaz əkininə indidən hazırlıq gedir. Torpaqlar şumlanıb, arat torpaqlara su verilir. Taxılın, günəbaxanın, kartofun əkini üçün yerlər tam hazırdır. Üzümlüklərdə payız-qış budamaları yekunlaşıb. Əhalini dolanışığı əsasən torpaqdandır. Bir azdan kartof əkini başlayacaq. Havaların xoş keçməsini gözləyirlər. Torpaq ki təpidi, palçıq qurudu, fermerlər sahədə olacaq.

Sabirabad kənd sakinləri ilə kənd çayxanasında görüşürəm. Şıdırğı domino və nərd oyunu gedir. Oyunçulardan çox tamaşaçılar həyəcan keçirir. Söhbətə çəkirəm.

- Yox, bu il pis olmadı. Kartofun kilosunu 35-40 qəpiyə verə bildik. İnişil isə məhsulumuz bol olsa da, qiymətinə satılmadı. Kilosu 3-4 qəpikdən verirdik. Bakıya maşın tutub məhsulu aparırdıq, satırdıq, heç sürücünün pulunu ödəmirdi. Çox adam müflisləşdi. Malını-heyvanını satıb fəhlənin, nisyə götürdüyü toxumun pulunu ödədilər. Bu il Allah kərimdi, görək necə olacaq. Yanacağın qiymətinin qalxması belimizi qırdı. Azotundan tutmuş, silifinə qədər hər şeyin qiyməti qalxıb. Sən ki bilirsən, burda doğulub-böyüyübsən, əkirik, məhsulu yığırıq, satmaq isə çox çətindir. Əvvəllər məhsul Rusiya bazarlarına gedirdi. Son iki ildir ki, süni maneələr var. Biz burda qara günümüzlə əlləşirik, məhsulumuzu alanlar isə elə bilir bəxtəvərik.

Bizi qazladılar, qaz vermədilər

Kəndlilər dolanışıqdan gileylənir. İstiliyin olmaması, qışda yandırmaq üçün satılan odunun bahalığı və sair. Yaşlı kənd sakini:

- Bizi qaz yerinə qoydular. Dedilər, yaxın günlərdə kəndlərə qaz veriləcək. Yoxsa kənd ağsaqqalları yığışıb prezident rayona gələndə şikayət edəcəkdilər. İnandıq. Amma qonşu Qarazəncir, Ocaqlı, Uzuntəpə, Alar, Günəşli kəndlərinə çoxdan qaz verilib. Bayxanlıya – İranın sərhədinə qədər qəşəng, rahat yol çəkilib. Kəndimiz Rayon mərkəzinin burnun ucundadır, amma hələ bu tərəfə baxılmır.

"Zato" məktəbimiz təzədir

Rayonun Sabirabad kəndində iki orta məktəb var. Nizami Məmmədov adına 1 saylı tam orta məktəb yenidir. İkimərtəbəli bu məktəb yeni dərs ilində istifadəyə verilib. Bu məktəblərin məzunları arasında ölkədə kifayət qədər tanınan, sayılıb-seçilən ziyalılar, alimlər var.

Kim isə giley dolu söhbətə son qoyur:

- "Zato" məktəbimiz təzədir. Əsas elmdir, təhsildir. Bu köpək uşaqları torpağın zülmündən gedib Bakıda məktəbə girib, axırı kəndi boş qoyacaqlar...

Kəndin yeganə istirahət parkı var ki, sakinlərlə söhbət etdiyim çayxana da elə bu parkda yerləşir. Park Mirzə Ələkbər Sabirin adını daşıyır. Kənd sakinlərinin işi olanı da, olmayanı da boş vaxtlarını burada keçirir.

Mircəfər Bağırov bu kənddə olub

Bu haqda geniş yazmaq gərəkdir. Ayrı bir söhbətin mövzusudur. Qısaca onu demək olar ki, Mircəfər Bağırov bu kənddə iki dəfə olub. Köhnə məktəbin yerində təyyarəçi oğlu Vladimir Bağırovun heykəli varmış. Həmin heykəli kolxozun kəlinə qoşdurub və aşırdıb. Məktəbin həyətində həmin heykəlin postamenti bizim vaxtımızacan dururdu. Və biz məktəblilər həmin postamentin üstündə dəfələrlə şəkil çəkdirmişik. Bağırovun kəndə ikinci gəlişi isə kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı, kolxoz sədri işləyən Dünyamalı Məmmədov tərəfindən bu kənddə kommunizmi elan etməsindən sonra olmuşdu. O boyda SSRİ-nin kommunizm ideyaları ilə çabaladığı bir vaxtda adi kolxoz sədrinin Moskvaya artıq kommunizmin qurulması haqda car çəkməsi Bağırovun gözlənilməz səfəri ilə nəticələnmişdi. Və bu gəlişin nəticəsi olaraq Dünyamalı Məmmədov Sibirə sürgün olunmuşdu.

Yazının davamında oxuyacaqsınız:

Mircəfər Bağırov kənddə ilk dəfə kiminlə görüşdü?

Kolxoz sədri, köhnə inqilabçı Dünyamalı Məmmədov kəndə gələn qərib, zəhmli kişinin kimliyini necə fəhm etdi?

Bağırov oğlunun heykəlini niyə aşırtdırdı?

Kənd məktəbin həyətindəki qocaman tut ağacını kim və nəyə görə doğradı?

Dünyamalı Məmmədov sürgün edildikdən sonra onun savadsız bacısı Zərri nənə Kremldə kiminlə görüşdü?

Tarix
2014.01.11 / 15:08
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor

AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla