Fevralın 20-21-də bir qrup jurnalistin Qəbələyə səfəri
təşkil edilib. Azərbaycanda daxili turizmin inkişafına dəstək
məqsədilə düzənlənən tədbir Azərbaycanın ən müasir və peşəkar otel
brendlərindən olan "Qafqaz" hotellərinin təşkilatçılığı ilə baş
tutub.
"Turizmin inkişafında KİV-in rolu və funksiyası" mövzusunda
keçirilən tədbirə Azərbaycanın əksər aparıcı kütləvi informasiya
vasitələrinin, o cümlədən Axar.az-ın əməkdaşı da qatılıb.
Qeyd edək ki, Azərbaycanda 13, Qəbələ rayonunda 8 oteli olan
"Qafqaz" Otellər Qrupu milli brend olaraq həm ölkə daxilində, həm
də xaricdə böyük nüfuza malikdir.
Yengicədə "Thermal və SPA"?
Ekskursiyaya "Qəbələ Yengicə Thermal and SPA" oteldən başlayan
KİV nümayəndələri nahar etdikdən sonra otellə tanış olublar.
Onlara məlumat verilib ki, 2014-cü ildən həm istirahət, həm də
müalicə məkanı kimi fəaliyyətdə olan "Yengicə Thermal and SPA"
oteli bir çox üstünlüklərə malikdir.
Təbiətin sakit güşəsində, Yengicə isti su vannalarının
mənbəyində yerləşən otel şəhər stresindən uzaqda dincəlmək və
peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkandır.
Otelin ən cazibədar tərəflərindən biri isti su vannaları ilə yanaşı
Naftalan vannalarının da mövcudluğudur.
Mütəxəssislərin fikrincə, daim təmizlənən və yenilənən Naftalan
nefti rəngi və keyfiyyəti ilə bu xidməti göstərən alternativ
müəssisələrdən seçilir.
Burada istirahət və müalicə alan hər müştərinin vaxtını
əyləncəli keçirməsi üçün də şərait yaradılıb. Məsələn, balıq
həvəskarları yaxınlıqdakı göldən balıq tutaraq onu öz zövqünə uyğun
şəkildə manqalda bişirib istirahət və əyləncənin dadını çıxara
bilər.
Qafqaz Sport Oteldə qarlı gecə gəzintisi
"Yengicə Thermal and SPA"dan sonra 5 ulduzlu Qafqaz Sport Otelə
gələn KİV nümayəndələri bölgənin turizm imkanları barədə müəyyən
fikir mübadiləsi apardıqdan sonra şam yeməyinə qonaq ediliblər.
Qarlı havada axşam gəzintisindən sonra isə oteldə
gecələyiblər.
Səfərinin ikinci günü Qafqaz Sport Oteldəki möhtəşəm səhər
yeməyindən sonra bütün heyət Qafqaz Tufandağ Otelə yollanıb.
Tufandağda xizək macərası
Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan
Tufandağ oteli müasir infrastrukturu ilə xizəksevərlərin
əvəzedilməz məkanlarından biridir. İstismara ötən il verilən otel
mövqeyi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir
addım öndədir. Tufandağ oteli həm həftəiçi, həm də xüsusi həftəsonu
paketləri ilə müştərilərinə cazibədar istirahət təklifi edir. 2
nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda
gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək
dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı,
eyni zamanda, oteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec
çıxış (16:00-a qədər) imkanları əldə edə bilirlər.
Xidmətlərdən jurnalistlər də yararlanıb. Əvvəlcə sadəcə görüntü
vermək üçün xizək geyim dəstini əyninə geyinən jurnalistlər
sonradan həvəslənərək sürüşkən meydançaya girməyə cəsarət ediblər.
Xüsusi təlimçilərdən sürüşməyin sirrini öyrənəndən sonra isə qar
üstündə yıxılmaqdan ləzzət alıblar.
Sadəcə yıxılmaqdan yox, elə dəniz səviyyəsindən 2000 metrə qədər
yüksəklikdə kanatlarda gəzməkdən, quşlar kimi havada uçmaqdan, gah
dumanın üstünə qalxıb, gah içərisində gizlənməkdən həzz
alıblar.
Müştərilərə sazlı-sözlü Novruz boğçası
Onu da vurğulayaq ki, Novruz bayramı günlərində bu əyləncələrə
bir Novruz boğçası da əlavə ediləcək. Belə ki, burada 19-28 mart
tarixlərində xüsusi kompaniyaya start veriləcək. Artıq arzu edənlər
72 manatdan başlayan iki nəfərlik otaq qiymətləri ilə (gecələmə,
səhər yeməyi, internet, SPA və fitness qiyməti daxildir), 22-23-24
mart tarixlərində isə 116 manatdan başlayan 2 nəfərlik otaq
qiymətləri ilə (gecələmə, səhər yeməyi, SPA, bayram şou proqramı –
musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük şousu,
klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola
bilərlər.
Bakıya qayıtmaq vaxtıdır
Tufandağda keçən əyləncə, həyəcan dolu günün sonunda KİV
nümayəndələri Qəbələ rayonundan ayrılıb.
Bakı-Qəbələ-Bakı