Nəsimi bazarının yanında siqaret, paket satan bir əlil var. Heç
normal danışa da bilmir. Ancaq öz zəhməti ilə işləyib pul
qazanır.
Yaxınlaşıb həm siqaret almaq, həm də söhbət etmək istədik. Sözün
açığı, satdığı əsasən bahalı siqaretlər idi (ən azından bizə görə).
Ancaq sağ olsun, üç manata satdığı "Marlboro"nu bizə 2.5 manata
satdı.
11 yaşımda avtomobil qəzasına düşmüşəm
Nitqində də qüsur olmasından dolayı sözləri aydın deyə bilmir.
Ancaq demək istədiyi sözləri təkrarlamaqla ünsiyyət qura bilərsən.
Söhbət zamanı məlum olur ki, adı Tahirdir. 27 ildir ki, "Nəsimi"
bazarının girişində siqaret satmaqla ruzi qazanır:
"11 yaşımda avtomobil qəzasına düşmüşəm. Ondan sonra belə oldum.
27 ildir ki, burada siqaret satıb, dolanıram. Evliyəm. İki oğlum
var. Balacasının 17 yaşı var, "kamera çəkir". Böyüyü 18 yaşındadı,
tibb universitetində oxuyur. Həkim olacaq".
Ayda 50 manat polisə pul verirəm
Tahir Yusifov bizə gündəlik qazancı və polisə verdiyi aylıq haqq
barəsində də danışdı:
"Gündə 10-15, bəzən 20 manat qazanıram. Ancaq burada dayandığım
üçün polis ayda 50 manat məndən pul alır. Baxmayaraq ki, mən hər
gün burada olmuram. Açıq havada işlədiyimə görə soyuq havalarda işə
çıxmıram. İndi hava yaxşıdır deyə, gəlmişəm".
İki nəfər peyda olub söhbətimizə qulaq kəsilən kimi,
həmsöhbətimiz anındaca dediyi sözü danır. Yəni, yox, polis ondan
pul almırmış. Biz də vəziyyəti anlayıb daha üstünə getmir, söhbəti
dəyişirik.
Ayda 150 manat əlillik pensiyası alıram
Ancaq ilıq havalarda işlədiyinə görə, bəs görəsən qışda necə
dolanır, başqa gəlir yeri varmı?
- Avtomobil qəzasına düşdüyümə görə ayda 150 manat əlillik
pensiyası alıram. Hava soyuq olanda işə çıxmasam da, şükür allaha,
dolanırıq".
Nə olsun ki, əlil qalmışam, normal danışa
bilmirəm?..
Hər gün küçədə əlil insanların diləndiyini görmüşük. Hətta
fiziki qüsurlu olmayanlar var ki, özünü əlilliyə vurub dilənir. O
isə, dilənməyi özünə ayıb sayır:
- Həmişə dilənçiliyi özümə ayıb bilmişəm. Nə olsun ki, qəzaya
düşüb əlil qalmışam, normal danışa bilmirəm?.. Ancaq siqaret
satmaqla da olsa, öz halal zəhmətimlə pul qazana bilirəm axı. Bir
də ki, bayaq dediyim kimi, aya 150 manat pensiya alıram. Min şükür
dolanırıq...
Nahar fasiləsi
Artıq nahar zamanı idi. İstədik Tahir bəylə bir yerdə nahar
edək. Əli ilə minnətdarlıq öpüşü uçurub, istəmədiyini, naharını
özüylə gətirdiyini dedi. Elə bu zaman həmin o söhbətimizi dinləyən
iki nəfərdən biri söhbətə qoşuldu:
"Naharını bəzən oğlanları, bəzən özü gətirir. Elə işə gəlib, evə
getməsinə də oğlanları yardımçı olur".
Reportajımızın qəhrəmanının bir-iki fotosunu çəkib,
sağollaşırıq. O da elə həminki kimi, əli ilə öpüş göndərib bizi
yola salır.
Adam həyat dolu idi.