21:05
Bir neçə dəqiqə öncə Feysbuk sosial şəbəkəsində qorxunc
bir xəbər yayılıb.
Feysbuk sosial şəbəkəsindəki "Yığışın - Söhbət Var" səhifəsində
belə bir xəbər paylaşılıb: "ŞOK XƏBƏR ALDIQ İNDİCƏ ! Lökbatanda
zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır -
deyirlər. Lökbatandan olanlar qazı AÇMIYIN. Dəqiqləşdirməyə
çalışırıq xəbəri"
Biz hazırda bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə
çalışırıq. ("Musavat.com")
21:28
Lökbatanda kütləvi qaz zəhərlənməsinin olması barədə məlumatlar
təsdiqləndi.
Lökbatan qəsəbəsində təbii qazın veriliş zamanı əlavə edilən
qatqılar normadan bir qədər yüksək olub. Ona görə də, insanlar
arasında zəhərlənmə halları baş verib.
Rəsmi mənbələr ölənlərin olması barədə məlumatları təsdiqləmir.
Və zəhərlənən insanların təcili yardım maşınlarıyla Qaradağ rayon
xəstəxanasına daşındığı bildirilir.
Hadisə ilə bağlı fotolar və əlavə məlumatlar tezliklə saytımızda
olacaq. ("Musavat.com")
22:31
"Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakının Qaradağ
rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib.
Hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu
küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə
olub.
Sakinlər bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib.
Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu
vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb
olub.
Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri
zəhərlənib. Hadisə yerunə ilkin olaraq 30-a yaxın təcili tibbi
yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi
avtomobillərlə xəstəxanalara müraciət edirlər.
Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov da gəlib.
İcra başçısı bildirib ki,özü məsələ ilə məşğuldur: "Rayon
hüquq-mühafizə orqanlarının, eyni zamanda "Azəriqaz"ın rayon
idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma
aparılandan sonra ətraflı məlumat veriləcək".
Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin Qaz Satışı
İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin
araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının
qədərindən artıq olduğu müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə
gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji
səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya
başlayıblar.
Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə
bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu
zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması
yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin
vəziyyəti normallaşır.
22:58
Lökbatanda qazdan zəhərlənən 18 nəfər Taksikoloji Mərkəzə
aparılıb, onlardan biri hamilə qadındır.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata
görə, hazırda 18 nəfər Lökbatan sakini Taksikoloji Mərkəzə
aparılıb. Onların içində bir nəfər hamilə qadının olduğu
deyilir.
Stansiyadan sayta onu da deyiblər ki, Lökbatanda 15-ə yaxın
təcili yardım briqadası çalışır. Xəbərdə o da bildirilir ki,
vəziyyət həddən artıq kritikdir. Təcili Tibbi Yardım Stansiyasından
verilən xəbərdə daha sonra bildirilir ki, Bakının Yasamal, Səbail,
Qaradağ və başqa rayonlarının təcili yardım briqadaları Lökbatana
göndərilib. Stansiyadan zəhərlənənlərin arasında ölən olmadığı
bildirilib. ("Musavat.com")
23:39
46 yaşlı Lökbatan sakini Nataşa Məmmədova evində qazdan
zəhərlənərək dünyasını dəyişib. Qəsəbə sakinləri təşviş içindədir.
Bu arada Qaradağ İcra Hakimiyyəti zəhərlənmənin qarşısını almaq
üçün əhaliyə pusuz ayran paylayır. ("Aznews.az")
00: 55
"Minval.az" saytı Lökbatanda zəhərlənmə nəticəsində ölənlərin 8
nəfərə çatdığı barədə xəbər yayıb. Ölənlərdən 4-nün uşaq olduğu
bildirilir.