Yuxarı

Onlar öz-özünə əzab verir, əllərini kəsirlər...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

XXI əsrin psixoloji problemi sayılan autizm ölkəmizdə kifayət qədər yayılıb. Mütəxəssislərin fikrincə, autik uşaqları xəstə adlandırmaq olmaz. Çünki onlar qeyri-adi istedada malik olurlar. Bu gün də məhz onların günüdür. Aprelin 2-si Ümumdünya Autizmi Məlumatlandırma günü kimi qeyd edilir.

Autizm nədir?

Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Bu problem əsasən, erkən yaş dövründə başlayır və insan yaşa dolduqca həyatı boyu onu izləyir. Tibbi dillə desək, autizm sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur. Bu xəstəliyi ilk olaraq 1943-cü ildə amerikalı uşaq psixiatrı Leo Kanner aşkar edib və "Erkən Uşaqlıq Autizmi" olaraq adlandırıb.

Autizmin simptomlarını necə müəyyən etməli?

Bəzən uşağı öz adıyla belə cağırırlar, lakin cavab vermir. Bu onun diqqətini qətiyyən çəkmir. Yaxud nə istədiyini deməkdə çətinlik çəkir, bəzən başa sala bilmədiyi üçün hirsindən ağlayır. Bunlar autizmin əlamətləri sayılır. Eyni zamanda mütəxəssislər digər simptomları da qeyd edirlər:

- Danışıq inkişafı geridə qalırsa, sözləri tələffüz edə bilmir.

- Böyüklərin heç bir göstərişini izləmir, diqqət etmir, heç nə öyrənmək istəmir.

- Təbii ehtiyaclarını anaya demir və şalvarını islatmaqda davam edir. Xüsusən, 1 yaşında olarkən etməli olduğu heç bir hərəkəti etmir. Əl-qol atmaq, anaya qol açma kimi ilkin hərəkətlərdən belə məhrum olurlar.

- Belə uşaqlar tək oynamağı sevir, uşaqlardan qorxur.

- Bəzən öz-özünə əzab verirlər. Bilərəkdən əllərini kəsirlər, ayaqlarını cızırlar. Çünki onlar ağrı hiss etmirlər.

-Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirirlər.

Mənasız sözləri ardıcıl təkrarlayır.

- Predmetləri davamlı olaraq çevirməkdən xoşları gəlir.

- Yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər.

- Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verirlər.

- Davamlı olaraq eyni oyunları oynayırlar.

Əgər uşaqlarda bu xüsusiyyətləri müşahidə edilərsə, dərhal həkimə müraciət etmək məsləhətdir.

Problemi doğuran səbəblər

Autizm anadangəlmə xəstəlik hesab olunur və səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem kimi dəyərləndirilir. Bəzi mütəxəssislər isə autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edirlər.

Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Təkyumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər təkyumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70 faiz ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23 faiz təşkil edir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15 faizdir.

İstedadlarla peşəkarlar məşğul olsun

Autizm xəsləliyindən əziyyət çəkən uşaqlar eyni zamanda xüsusi istedadları ilə seçilirlər. Bizimlə söhbətində "Narınc" Uşaq Psixologiya Mərkəzinin Nizami filialı direktoru,psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı bu xüsusiyytləri xüsusilə vurğulayıb:

"Belə uşaqların böyüyəndən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur. Əgər terapiya erkən yaşda başlanırsa, o yaxşı effekt verə bilər. Aparılan tədqiqatlar göstərir ki, belə uşaqlarla valideynlər düzgün məşğul ola bilmirlər. Onlar ya peşəkarların proqramlarından istifadə etməli, ya da övladlarını peşəkarların öhdəsinə verməlidirlər. Bu zaman həmin uşaqların içində olan istedad üzə çıxacaq və onlar da başqa uşaqlara qoşulmaqdan artıq utanmayacaqlar".

Analardan böyük səbr tələb olunur

Psixoloq bu xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərində müəyyən davranış problemlərinin olduğunu da istisna etmir:

"Bəzən valideyinlər bu uşaqlara əsəbiləşir, hətta onları cəzalandırır, qəsdən belə etdiyini düşünür. Yaxud onu dərk etmədiyini düşünərək belə uşaqları oxşamır və xoş sözlər demirlər. Əslində isə bu belə deyil. Autik uşaqlar ana sevgisinə, nəvazişinə, diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar. Lakin onlar bunu biruzə verməyi bacarmırlar. Onlar analarından hər zaman bütün xüsusiyyətlərinə görə səbr və məhəbbət umurlar".

Bərpa mərkəzi yaradılsın

Autik uşaqların terapiyasında anaların rolu çox böyükdür. Məsələn, uşağı çağırarkən baxmır, lakin ana onu min bir metodlarla buna həvəsləndirməyi bacarmalıdır. Bu işlər səbrlə edildikcə nəticəsi də uğurlu alınır. Bir müddətdən sonra artıq uşaq onu çağıran anasına cavab verir, hər hansı göstərilən əşyaya diqqət yetirir və s. Ona görə də autizmdən əziyyət çəkən uşaqların analarına da ciddi maarifləndirmə və psixoloji dəstək lazımdır. Söhbət zamanı bu məsələyə toxunan R.Mehmanqızı onlar üçün bərpa mərkəzlərinə ehtiyac olduğunu vurğulayıb:

"Autik uşaqlar üçün psixoloji mərkəzlər deyil, günərzi bərpa mərkəzləri yaradılmalıdır. Yəni, səhər uşağı evdən alıb axşam evlərinə qaytarmaq şərti ilə fəaliyyət göstərməlidirlər. Çünki bu xəstəliyin reablitasiyası uzun müddətlidir. Amma təəssüf ki, valideyinlər bu işin öhdəsindən təkbaşına çətinliklə gəlirlər. Eyni zamanda günərzi mərkəzlər olarsa, analar da işləyə bilərlər".

Tarix
2014.04.03 / 01:15
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla