"Onlar haqqımda yalan, şər və böhtan dolu məlumatlar
yaydıqları üçün məhkəmə qarşısında cavab verməli
olacaqlar".
Bu sözləri Axar.az-a Akademik M.A.Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev xəstəxananın mühafizə
xidmətinin şikayətində yer alan fikirlərlə bağlı danışarkən
bildirdi.
Baş həkimin sözlərinə görə, mühafizə xidmətinin işçiləri
imzaladıqları müqavilənin şərtlərini pozduqları üçün işdən
çıxarılıb.
Təkidlərimizə baxmayaraq, baş həkim işdən çıxarılan 12 nəfərin
müqavilənin hansı şərtlərini pozduğunu bildirmədi:
"Mənim adımdan istifadə edib pul aldıqları üçün onların işinə
xitam vermişəm. Özümüzdə olan mühafizə işçiləri kifayət edir".
Baş həkim şikayətçilərin ötən ay ürək əməliyyatından
anjo-stenddən 6 nəfərin ölməsi ilə bağlı dediklərini də yalan
adlandıraraq, 2 il ərzində bu əməliyyatdan dünyasını dəyişənin
olmadığını bildirdi.
Y.Əliyev həmçinin işdən çıxarılan mühafizə xidmətinin işçilərini
məhkəməyə verməklə hədələdi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova
Axar.az-a açıqlamasında nazirliyə Yusif Əliyevlə bağlı heç bir
şikayətin daxil olmadığını bildirdi.
Haqsız yerə işdən çıxarılan və hüquqları pozulan 12 nəfər işçi
isə baş həkimin onlara ümumilikdə 14 min 400 manat pul borclu
olduğunu deyir.
1 illik müqavilə əsasında işə qəbul olan, lakin cəmi 7 ay
çalışan işçilərin qovulmasına səbəb baş həkimin mühafizə xidmətinə
öz komandasını yığmasıdır:
"Biz onun komandasının haqsız yerə kimdənsə pul almasına imkan
vermədiyimiz üçün bizi oradan uzaqlaşdırdılar".
Mühafizə xidmətinin işçiləri ötən ay ərzində xəstəxanada
anjo-stenddən 6 nəfərin ölümünü təsdiqləyəcək şahidlərinin olduğunu
da deyir:
"Ürək əməlliyyatından anjo-stenddən vəfat edən şəxslər
Biləsuvar, Gəncə, Xaçmaz, Şamaxı, Ağsu və Bakı şəhərindən olanlar
idi. Xəstəxananın iki meyit daşıyanı var ki, onlar da bunu təsdiq
edə bilərlər. Dünyasını dəyişənləri apardıqları ünvanlara qədər
göstərə bilərlər".
Xatırladaq ki, xəstəxananın mühafizə xidmətinin keçmiş
əməkdaşları baş həkim Yusif Əliyevin Akademik M.A.Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzində özbaşınalıqla məşğul olması ilə bağlı
prezidentə şikayət məktubu ünvanlayıblar. Onlar baş həkimin öz
maraqlarına xidmət edən, dövlət qeydiyyatına alınmayan və qanunsuz
fəaliyyət göstərən mühafizə xidməti yaratdığını, xəstə
yaxınlarından pul istəməsini, xəstəxanada xəstə alveri etdiyini,
aptek və firmalarla faizə işlədiyini bildiriblər.