Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin
baş həkimi Yusif Əliyevlə bağlı şok faktlar üzə çıxıb.
Xəstəxananın haqsız yerə işdən çıxarıldığını iddia edən mühafizə
xidmətinin 12 nəfər işçisi Axar.az-a baş həkimin qanunsuz
əməllərini sübut edəcək sənədlər təqdim ediblər.
Onların sözlərinə görə, mediada baş həkimlə bağlı gedən
yazılardan sonra Y.Əliyevin köməkçisi mühafizəçilərlə əlaqə
saxlayıb və yazıların dayandırılmasını istəyib:
"Baş həkimin köməkçisi bizə bildirdi ki, yazıları dayandırın,
bir həftə ərzində əməkhaqlarınız veriləcək. 3 aydır bu sözləri
eşidirik. Bir həftə ərzində maaşlarımızı verəcəklərini demişdilər,
ancaq hələ də bir səs-soraq yoxdur".
İşdən çıxarılan 12 nəfər Qarabağ müharibəsi veteranı, şəhid
ailələri və müharibədə iştirak etmiş döyüşçülərdir. Baş həkimin
ümumilikdə 14 min 400 manat pul borclu olduğu 12 nəfər mühafizə
işçisi özlərinə qarşı haqsızlığa əvəz olaraq baş həkimi ifşa edən
sənədlər təqdim ediblər.
Qanunsuz dayanacaq
Onların sözlərinə görə, xəstəxananın həyəti qanunsuz şəkildə
dayanacaq kimi istifadə edilir. Burada maşın saxlayan həkimlər
aylıq ödəyirlər, xəstə yanına gələn qohumlar isə saatına görə.
Ödəniş edirlər: yığılan vəsait xəstəxananın direktoru və baş
həkiminə çatır.
Dayanacaqdan istifadə edərək aylıq pul ödəyən şəxslərin adları
və avtomobil nömrələri də məlumdur (Siyahı əlavə olunur).
Bir aya 7 ölüm
Mühafizəçilərin təqdim etdiyi növbəti sənəd isə daha dəhşətli
faktı əhatə edir: hər gün keçirilən əməliyyatların cədvəlindən
ibarət qovluqda təkcə ötən ay ərzində xəstəxanada anjo-stenddən 7
nəfərin öldüyü əks olunub:
"Ötən ay xəstəxanada əməliyyatdan çıxmayan xəstələr Kərimov
Firdovsi, Əlizadə Nicat, Hüseynov Ənvər, Kərimova Solmaz, Babacan
Arif, Ağayeva Rüxsarə və Həci adlı şəxsdir. Əməliyyatdan sağ
çıxmayan bu şəxslərin qohumları baş həkimə hücum edən zaman aranı
sakitləşdirmək üçün bizi çağırıblar. Dəfələrlə o xəstəxanada xəstə
yaxınları ilə davalar olur. Çünki əməliyyata girən xəstələrin
əksəriyyəti sağ çıxmır".
Xatırladaq ki, xəstəxananın mühafizə xidmətinin keçmiş
əməkdaşları baş həkim Yusif Əliyevin Akademik M.A.Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzində özbaşınalıqla məşğul olması ilə bağlı
prezidentə şikayət məktubu ünvanlayıblar.
Onlar baş həkimin öz maraqlarına xidmət edən, dövlət qeydiyyatına
alınmayan və qanunsuz fəaliyyət göstərən mühafizə xidməti
yaratdığını, xəstə yaxınlarından pul istəməsini, xəstəxanada xəstə
alveri etdiyini, aptek və firmalarla faizə işlədiyini
bildiriblər.
Davamı olacaq…