"Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika
Psixiatriya Xəstəxanasından ruhi xəstələrin qaçmasından sonra
xəstəxananın mühafizəsini təşkil edən polis əməkdaşlarının sayı
artırılmasa da, keyfiyyət yüksəldilib". Bu barədə cümə axşamı 1
nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən
Rəsulov deyib.
Baş həkim hadisənin baş verməsində müəyyən səhlənkarlığa yol
verildiyini də istisna etməyib: "Hər kəs öz işini vicdanla
aparsaydı, heç bir şey olmayacaqdı. Ya səhlənkarlıq ediblər, ya
bilmirəm nə ediblərsə, bu hadisə baş verib. Həmin xəstələr xeyli
müddət xəstəxanada müalicə olunublar. Psixologiyada belə bir
sindrom var ki, girov götürülən şəxs vaxt keçdikcə cinayətkara
polisdən daha çox hörmət edir. Hətta polis cinayətkarı vurmaq
istəyəndə cinayətkarı müdafiə edir. Yəni, insanlar yanaşı işləyəndə
bir-birinə qarşı sayıqlığı itir".
A.Rəsulov qeyd edib ki, bunun üçün sadəcə təcrübə lazımdır: "Bizdə
təcrübəli mühafizəçilər var. Tibb bacısı gəlir dəmir barmaqlıqlı
qapının yanına, mühafizəçi görür ki, yaxınlıqda xəstə var, xəstəyə
deyir ki, 3-4 addım geri çəkil. Xəstə geri çəkiləndən sonra qapını
açır, tibb bacısını içəri işçi zonaya buraxır, sonra bağlayır.
Xəstə isə 1-2 saniyəyə özünü qapıya çatdıra bilmir və mühafizəçi
qıfılı bağlayır.
Bu hadisə baş verən zaman isə tibb bacısı içəri girəndə 3 nəfər
xəstə düz onun yanında olub. Qapını açan kimi xəstələr cumublar
üstünə. Bununla da istədiklərinə nail olublar". Onun sözlərinə
görə, Azərbaycanda ruhi xəstələr barədə insanları maarifləndirməyə
ciddi ehtiyac var: "Bu tipli ruhi xəstələrdə yaddaş pozulmur.
Təfəkkürdə çox cüzi miqdarda pozuntular olur ki, bu da
planlaşdırmaya heç bir təsir göstərmir. Bu xəstələrdə davranışda
güclü pozuntular olur, özünü cəmiyyətdə normal apara bilmir.
Yəni, ruhi xəstə o demək deyil ki, heç nə başa düşmür, heç nə
tanımır. O yalnız qocalıq psixozları və ya alzheimer xəstəlikləri
zamanı olur. Camaatda belə bir fikir formalaşıb ki, ruhi xəstələr
zəncirli dəlilərdir. Xüsusilə də, Maştağanın adı gələndə buranı
dəlixana adlandırırlar. Bu, düzgün deyil. Bu istiqamətdə insanları
maarifləndirməyə ehtiyac var".
Baş həkimin sözlərinə görə, qaçan xəstələrdən biri - 23 yaşlı Elvin
Nəsrullayev bir neçə gün əvvəl polisin müşayiəti ilə könüllü
şəkildə geri qayıdıb. Hazırda digər 4 xəstənin geri qaytarılması
istiqamətində ciddi işlər aparılır.
Qeyd edək ki, noyabrın 15-də saat 06:15 radələrində Bakının Maştağa
qəsəbəsində yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasında müalicə
olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə
təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət
Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev,
Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan
şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov
orada xidmətdə olan Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları -
polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir
Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını
sındıraraq oradan qaçıblar. Psixiatriya Xəstəxanasından xəstələr
qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü
Rəşad Nurəddin oğlu Həsənov bir gün sonra - noyabrın 16-da özünü
binadan ataraq intihar edib. (Trend)