Yuxarı

Gənci əməliyyatda öldürən həkimi kim qoruyur? - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin oktyabrında adi arı sancmasına görə həkimə müraciət edən 24 yaşlı gəncin ölümünə səbəb olan həkim hələ də heç bir məsuliyyətə cəlb edilməyib.

Bu barədə Axar.az-a müraciət edən həkim səhlənkarlığının qurbanı olmuş Cavid İmanlının atası Filman Həsənov bildirib. Toyuna 2 ay qalmış nişanlı oğlunu itirən ata bu faciədə ancaq həkimi günahlandırır.

F.Həsənovun sözlərinə görə, 24 yaşına qədər oğlunu dəfələrlə arı sancıb və onun buna qarşı heç bir allergiyası olmayıb:

“2017-ci ilin oktyabr ayında oğlumu qolundan arı sancmışdı. Heç bir ağrı, narahatlığı yox idi. Adi arı sancmasında olduğu kimi qolu bir az şişmişdi. Nişanlısı ilə harasa gedəcəkdilər deyə, istəmirdi qolunda şişkinlik görünsün. Dedi gedim həkimə, iynə vursunlar, şiş tez getsin.

Özü Sabunçu rayon 3 saylı Kliniki Tibbi Mərkəzə müraciət edib. Həkim Tağı Əliyevin qəbulunda olub və həkim bildirib ki, bir gün xəstəxanada qal, sabah sistem edərik, çıxıb gedərsən evə. Vəziyyəti yaxşı olan uşağı niyə xəstəxanada saxlayıb bu həkim? Əlbəttə, palatada yatması və pul ödəməsi üçün.

Səhər isə oğluma və anasına həkim bildirib ki, qolunda çirk var, yarılıb çıxarılmalıdır. Yoxsa çirk bədənə yayılar, qolun çürüyər, şok keçirə bilərsən, təcili əməliyyat olunmalısan.

Anası xəstəxanada olub və buna qəti şəkildə etiraz edib. Hətta yoldaşım bildirib ki, qolunda çirk varsa, bunu yerli keyitmə ilə edin, narkoz verməyin. Mənə heç bir məlumat vermədən, həyat yoldaşımın etirazına baxmadan oğluma elə palatada, digər xəstələrin yanında narkoz veriblər.

Heç bir analiz və tibbi yoxlama olmadan, anestezoloqsuz, heç bir əməliyyat üçün şəraiti olmayan adi palatada, digər xəstələrin yanında oğluma narkoz verib əməliyyat etməyə cəhd edib Tağı Əliyev. Analizsiz və yoxlanışsız oğluma vurulan narkoz onun şok keçirməsinə səbəb olub. Cərrahiyyə otağı olmadığına görə də oğlumu şokdan çıxarmaq üçün heç bir tibbi ləvazimat olmayıb. Həkim Tağı Əliyev vəziyyətdən çıxmaq üçün guya oğlumu şokdan çıxarsın deyə qolunu neçə yerdən kobud şəkildə cırıb. Sonra da heç nə olmamış kimi bizə bildirib ki, oğlunuz dünyasını dəyişib”.

C.İmanlının atası qeyd edib ki, oğlunun qolunu arı sancmasına baxmayaraq, onun əməliyyat olunmasını şərtləndirən heç bir analiz kağızı yoxdur. Atanın sözlərinə görə, həkim C.İmanlını fleqmona, yəni toxumaların hüdudlanmış iltihabı diaqnozuna əsasən əməliyyata alıb, lakin bu diaqnozun qoyulduğunu sübut edən heç bir sənəd verməyib. Həmçinin C.İmanlını arı sancdıqdan sonra 3 gün müddətində, həkimə gedənə qədər onun heç bir şikayəti olmayıb. Hətta qolundan götürülən analizdə də bildirilib ki, heç bir iltihab baş verməyib:

“İltihab yoxdursa, analiz cavabları yoxdursa, niyə mənim oğlumu əməliyyata salıb? Adi sistem vurulacaqdısa, niyə oğlumu bir gün xəstəxanada saxlatdırıb? Əgər əməliyyat zəruri idisə, nəyə görə xəstə dərhal əməliyyata alınmır, bir gün sonra əməliyyat olunur? Bu əməliyyatı adi yerli keyitmə ilə də etmək olardı. Əgər narkoz verilibsə, bunu niyə anestezioloq yox, həkim edib? Əgər əməliyyat vacib idisə, niyə analiz etməmisiniz, niyə cərrahiyyə otağında etməmisiniz bu əməliyyatı? Palatada əməliyyatmı olar? Bütün bu suallara cavab verəcək biri yoxdur. Həkim Tağı Əliyev mənim oğlumun ölümünə öz tamahı ucbatından səbəb olub. Tibbi əməliyyata görə əgər xəstəyə fleqmona diaqnozu qoyulubsa, ona narkoz verilməməliydi. Ancaq verilib və elə oğlumun ölümünə də o səbəb olub”.

Ölümündən artıq 8 ay keçən gəncin ailəsi bu faciəyə hüquqi qiymət verilməsini tələb edir. Lakin Bakı şəhər Prokurorluğunda baxılan şikayət təmin edilməyib. Ailəni narahat edənsə baş vermiş hadisəylə bağlı heç bir cinayət işinin açılmamasıdır:

“Mənim oğlum artıq dünyasını dəyişib və onu geri qaytarmaq mümkün deyil. O həkimin cəzalandırılmasını oğlumun qanının yerdə qalmaması və günahsız yerə kimlərinsə Tağı Əliyevin qurbanı olmaması üçün istəyirəm”.

Məsələ ilə bağlı açıqlama verən gəncin ölümünə səbəb olan həkim Tağı Əliyev Cavid İmanlının xəstəxanaya müraciət edərkən orta-ağır vəziyyətdə olduğunu bildirib. Öz ayağı ilə xəstəxanaya gedən xəstəni “orta-ağır” qiymətləndirən həkim bildirib ki, hətta arının zəhəri gəncin bədəninə nüfuz etdiyindən bəzi orqanları sıradan çıxıb. Yekun rəy isə belə olub ki, xəstə əməliyyat olunmalıdır.

Ölüm faktı ilə bağlı Axar.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, gəncin arı sancmasından sonra ölməsi faktı mütləq araşdırılmalıdır.

A.Qeybulla bildirib ki, gəncə fleqmona diaqnozu qoyulubsa və əməliyyata alınıbsa, ardınca ölüm qeydə alınıbsa, bu, olduqca təəccüblü məqamdır:

“Məlumdur ki, arı sancmasından sonra gənc dərhal ölməyib. Fleqmona diaqnozu toxumalarının hüdudlanmamış iltihabı deməkdir. Yəni dərialtı toxumalara infeksiya keçməsi və yayılmasıdır. İnfeksiya yayılır və tədricən geniş bir yeri əhatə edir. Bir müddət sonra isə o aktivləşir. Fleqmona cərrahi infeksiyadır. Xəstəyə bu diaqnoz qoyulubsa, cərrahi əməliyyat olunmalıdır. Qəribəsi odur ki, fleqmonanın inkişafı üçün müəyyən vaxt lazımdır. Üzərinə düşülməsə, insan ölə bilər. Ancaq gəncə bu diaqnoz qoyulub və əməliyyata alınıbsa, ardınca ölüm qeydə alınıbsa, bu, olduqca təəccüblü məqamdır. Burada arı sancan şəxs xəstəxanaya müraciətindən və ona fleqmona diaqnozu qoyulduqdan sonra neçə saat müddətinə əməliyyata alındığı öyrənilməlidir. Ola bilər ki, xəstə əməliyyata gec salınıb və ölüm baş verib. Belə hallarda xəstə dərhal əməliyyata salınmalıdır”.

A.Qeybulla bildirib ki, əgər xəstə artıq əməliyyata götürülübsə, bu o deməkdir ki, o, aneflaktik şok keçirməyib və ölümün səbəbi bu deyil:

“Demək, arı sancan şəxs aneflaktik şokdan dünyasını dəyişməyib. Bu səbəbdən fakt mütləq araşdırılmalıdır ki, şəxs niyə əməliyyata götürülüb və məqsəd nə olub? Həmçinin ölümün səbəbi nədir, aydınlıq gətirilməlidir”.

Tarix
2018.07.05 / 15:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla