"Tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində
ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan
cinayət işi aradan iki ay yarım ötməsinə baxmayaraq, heç bir ciddi
istintaq hərəkəti aparılmayıb. Faktiki olaraq istintaq donmuş
vəziyyətdədir. Halbuki istintaq hərəkətlərini zəruri edən ifadələr
vermiş, iddialar qaldırmışam".
Bu sözləri həkim terroru nəticəsində dünyasını dəyişən Bakı
Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat
yoldaşı, zərərçəkən Anar Niftəliyev deyib.
İşin gedişi ilə bağlı prokurorluqda yaradılan istintaq qrupunun
rəhbəri Ələkbər Rzayev isə qısa açıqlama ilə kifayətlənib: "Hazırda
mümkün olan zəruri istintaq tədbirləri gedir. İstintaq başa
çatdıqda obyektiv qərar qəbul ediləcəyinə şübhəniz olmasın".
Qeyd edək ki, baş verən həkim məsuliyyətsizliyi ilə bağlı
müstəqil araşdırma aparılır. Bu barədə danışan zərərçəkmişin
vəkili, hüquqşünas Səməd Vəkilov səhiyyə mütəxəssislərinin rəyini
alacaqlarını bildirib:
"İstintaqa iddialar təqdim etmişik və araşdırmalar aparılmasını
gözləyirik. Təəssüf ki, yola saldığımız həftə o iddialarla bağlı
heç bir addım atılmadı. Həmçinin xəstəliklə bağlı tibb
ekspertlərinin müstəqil rəyinin alınması ilə də məşğuluq.
Bilirsiniz ki, mərhum Elnarə Tofiqqızının ölümündən əvvəl ölkənin
bir sıra xəstəxanalarında müayinələri həyata keçirilib. Aparılan
müayinə sənədləri əlimizdədir. Biz həmin müayinə sənədlərinə uyğun
müstəqil həkim rəyləri alacağıq".
Xatırladaq ki, 20 sentyabr 2013-cü ildə "Medi Sina" klinikasında
əməliyyat zamanı dünyasını dəyişən E.Tofiqqızının ölüm işi ilə
bağlı Nəsimi Rayon Prokurorluğunda 25 sentyabr 2013-cü ildə cinayət
işi başlanılıb. Hələlik həkimlərdən heç biri məsuliyyətə cəlb
edilməyib. Millət vəkili Çingiz Qənizadə də Elnarə Tofiqqızının
həkim səhlənkarlığı nəticəsində baş vermiş ölümü ilə bağlı mərhumun
həyat yoldaşının Milli Məclisə daxil olmuş ərizəsini baxılması üçün
Baş Prokurorluğa ünvanlayıb.