"StarMed" klinikasında ölən tələbə qızın atası yeni
açıqlamalar verib.
Axar.az yada salır ki, Maliyyə-İqtisad Kollecində təhsil alan
Leyla Mürsəlova martın 17-də burnundan plastik əməliyyat olunan
zaman dünyasını dəyişib. Leylanın narkozun düzgün verilməməsi
səbəbindən öldüyü ehtimal edilir, mərhumun həkimi cərrah Sənan
Mehdiyev olub, faktla bağlı araşdırma aparılır.
Atası Namiq Mürsəlov isə virtualaz.org saytına açıqlamasında
cərrahı və klinikanı ittiham edib. Onun sözlərinə görə, həkim sadə
əməliyyat olacağını söyləyib: "Sənan Mehdiyev üzünü mənə tutub dedi
ki, sən bizim qiymətləri bilirsənmi? Sonra da əlavə etdi ki,
bizdəki plastik əməliyyat sizə 1800 manata başa gələcək - 1500
manat əməliyyat üçün, 300 manat da analizlərə və təyin olunan
dərmanların alınmasına. Bu dərmanlar isə əməliyyatdan qabaq
alınmalı idi".
Mürsəlovlar ailəsinin ehtiyat etdiyi bir məsələ də olub. Onlar
cərrahdan həkimlərin nə tibbi kitabçada, nə də jurnalda qeyd
etmədiyi məqamlara diqqət yetirməyi xahiş ediblər. Məsələn,
pasiyentin orqanizminin allergik xüsusiyyətlərinin analizi
aparılmayıbmış.
Əməliyyatda iştirak edəcək tibb bacısı Leyla Mürsəlovanı
əməliyyat otağına aparır. Həmin otaqda iki nəfər olur - cərrah
Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə.
Cərrah Mehdiyev Mürsəlovlardan görəcəyi işin zəhmət haqqını
almaq üçün əməliyyat otağından çıxır və 1500 manatı alır. Əvəzində
hər hansı sənəd, qəbz vermir. Mürsəlovlara yalnız onu bildirir ki,
Leylaya narkoz verilib.
Bunu deyib yenidən əməliyyat otağına qayıdır. Anestezioloq Emin
Quluzadə narkoz altında uzanan Leyla Mürsəlovanın fonunda
çəkdirdiyi fotoşəkilini öz Feysbuk səhifəsində paylaşır.
Mehdiyev əməliyyat otağından çıxıb kabinetinə keçir və onu
gözləyən xəstələrini qəbul etməyə başlayır.
Namiq və Rəsmiyyə Mürsəlovların, həmçinin digər tibb işçilərinin
sözlərinə görə, elə bu vaxt klinikada qəribə şeylər baş verməyə
başlayır. Mehdiyev qəbulu dayandırır və tələsik şəkildə əməliyyat
otağına gedir.
Həmin an isə anestezioloq Emin Quluzadə əməliyyat otağından
çıxır. Leylanın anası Rəsmiyyə Mürsəlova ondan qızının narkozdan
ayılıb-ayılmadığını soruşur. Quluzadə əlüstü "hələ yox" deyə cavab
verərək küçəyə qaçır.
Yanında da bir nəfər tez də qayıdır. İkisi də əməliyyat otağına
girirlər. Həmin şəxs həkim-reanimatoloq və "StarMed" klinikası
həkimlərinin dostu imiş. Cərrahla anestezioloq ondan təcili
"StarMed"ə gəlməyi və yaranmış vəziyyətdə onlara kömək etməyi,
məsləhət verməyi xahiş edibmişlər.
Leyla Mürsəlova isə özünə gəlmir: qan təzyiqi kritik həddə
düşür, bədəninin temperaturu 42 dərəcəni aşır.
Əlindən gələn yardımı göstərən reanimatoloq klinikanı tərk edir.
Cərrah Mehdiyev Mürsəlovlar ailəsinə Leylanın "bir balaca
probleminin yarandığını" xəbər verir. Sonra da valideynləri
cidd-cəhdlə inandırır ki, qızın həyatına heç bir təhlükə
yoxdur.
Həkimlər Mehdiyev və Quluzadə nə həmin vaxt, nə də sonra - ta
saat 15:00-a qədər heç bir iş görməyiblər, artıq ölməkdə olan
xəstəni xilas etmək üçün mərkəzi tibb müəssisələrindən daha
təcrübəli mütəxəssilər dəvət etməyə heç cəhd də göstərməyiblər.
Əgər yardım və ya konsultasiya üçün başqa həkimlər çağırılsaydı,
vəziyyəti dəyişmək mümkün ola bilərdi...