Bakı Slavyan Universitetinin dekanı, ədəbi tənqidçi
Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı dünyasını
dəyişməsi ilə bağlı əməliyyatda iştirak edən həkimlərin
açıqlamalarına cavab olaraq mərhumun həyat yoldaşı Anar Niftəliyev
səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Müraciətdə
deyilir:
"Hörmətli cənab nazir!
Artıq məlumunuz olduğu kimi, həyat yoldaşım, ədəbi tənqidçi,
Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı (Niftəliyeva)
20 sentyabr 2013-cü ildə "Medi Sina" klinikasında cərrahiyyə
əməliyyatı zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi üzündən
dünyasını dəyişib və faktla bağlı 25 sentyabr 2013-cü ildə Nəsimi
Rayon Prokurorluğunda cinayət işi açılıb.
Sentyabrın 20-də Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyində verilən ilkin, daha sonra yekun və komisyon
ekspertizanın rəyində ölümün səbəbi kimi "nəfəs çatışmazlığı"
göstərilib.
Dekabrın 26-da isə Səhiyyə Nazirliyindən Nəsimi Rayon
Prokurorluğunda açılan cinayət işinə əlavə olunması üçün göndərilən
rəydə bildirilir: "E.Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb
müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi
faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə
Nazirliyinin baş onkoloqunun və baş
anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb.
Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya "Medi Sina Klinikası"
özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili
papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin
aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında,
anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin
tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol
verilmişdir".
Bütün ekspert qənaətləri bir daha təsdiqləyir ki, bu ölüm həkim
səhlənkarlığının nəticəsi və həkim qətliamıdır.
Hörmətli cənab nazir!
9 yanvar 2014-cü il tarixdə E.Tofiqqızının ölümünə bais olan
həkimlərdən biri – Firuz İbrahimov APA informasiya agentliyinə
açıqlamasında ölkənin baş ankoloq və anestezioloq-reanimatoloqları
da daxil olmaqla, ekspertlərin verdiyi bütün rəyləri şübhə altına
aldığını və əməliyyatın doğru keçdiyini bildirir, günahsızlığını
sübut eləmək kimi absurd iddiaya düşür.
Əgər bir həkim bütün Azərbaycan səhiyyəsi mütəxəsislərinə meydan
oxuyurcasına doğru etdiyini bildirirsə və onun doğru bildiyi üsul
insan ölümünə səbəb olursa, hardan əminlik var ki, bu həkim adına
ləkə olası Firuz İbrahimov sabah yenə "doğru bildiyini" etməyəcək
və nəticədə yenə növbəti qətllərin baiskarına çevrilməyəcək?
Bu həkim və bununkimilər yanlışlıqlarını etiraf etmək əvəzinə
müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışırsa, vicdanını
itirmiş belələrinin sayəsində Azərbaycan səhiyyəsinin hansı uçurum
qarşısında olduğunu təsəvvür etmək çətin deyil.
Hörmətli cənab nazir!
Əvvəlki məktubumda da Sizə müraciətlə, heç olmasa, istintaq
müddətində qətli həyata keçirən hər üç həkimin fəaliyyətinə
məhdudiyyətlər qoyulmasını xahiş etmişdim. Çünki Baş Prokurorluq
istintaq müddətində bu səlahiyyətə sahib deyil, bu hüquqi
səlahiyyətlər yalnız Səhiyyə Nazirliyinə və şəxsən Sizə aiddir.
Ancaq təəssüf ki, Səhiyyə Nazirliyi "əməliyyatdan əvvəl
müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına
hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına
tibbi sənədlərin tərtib edilməsində nöqsanlara yol verdiyini"
bildirdiyi həkimlər - onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Klinik
xəstəxananın onkoloqu), Fərəcullah İdrisov (Topçubaşov adına
Elmi-Təhqiqat Klinik xəstəxanası) və Firuz İbrahimov (1 saylı Şəhər
Klinik xəstəxanası) heç nə olmamış kimi öz fəaliyyətlərini davam
etdirirlər və Səhiyyə Nazirliyi öz rəyinə uyğun olaraq onlar
haqqında hər hansı ölçü götürmür.
Xatırladıram ki, əməliyyatda iştirak edən hər üç həkim heç bir
yanlışlığa yol vermədiklərini isbatlamağa cəhd də edirlər və
Azərbaycan səhiyyəsinin mütəxəsislərinin ümumi rəyini vecə
almamaqda israrlıdırlar. Bunlar vicdansız, xəstədən yalnız pul
qazanmaqdan başqa heç nə düşünməyən, etdikləri yanlışlıqları dərk
etməyəcək səviyyədə savadsız adamlardır. Bu şəxslərin Azərbaycan
səhiyyəsində mövcudluğunun bizə hansı faciələrə səbəb olduğunu izah
etməyə isə heç bir ehtiyac yoxdur.
Necə ola bilər ki, bu qədər yeni, müasir xəstəxanalar tikildiyi
və ən yeni tibbi avadanlıqlarla təchiz edildiyi halda Azərbaycan
səhiyyəsində həkim terroru hökm sürür, insanlarımız xarici
ölkələrə, o cümlədən İran kimi dünyadan təcrid olunmuş ölkənin
xəstəxanalarına axışır?
Bunun bir səbəbi də bu cür yanlış diaqnoz və əməliyyatlarla
canımızı alan həkimlərin özlərinə arxayınlığı, cəzasız
qalacaqlarına əminlikləri, Azərbaycan səhiyyəsinin mütəxəsislərinə
meydan oxuyub, yenə də Azərbaycan səhiyyəsində işləməkdə davam
etmələri və yeni-yeni potensial qətllərə psixoloji olaraq hazır
olmalarıdır.
Hörmətli cənab nazır!
Bu cür düşüncə ilə yaşayan və "həkim terroru" kimi ifadəni
gündəmdə saxlayan savadsız və vicdansız həkimlərdən 3 nəfərinin
kimliyi Sizin gözünüz önündədir. Onların istintaq başa çatana qədər
fəaliyyətlərinin məhdudlaşdırılmasına nə mane olur? Onlara bu
ölkənin səhiyyəsinin əsas mütəxəsislərinin rəylərinə meydan oxumağa
layiq səviyyədə toxunulmazlıq hüququnu kim verib? Bu qatil həkimlər
hansı imtiyazlarla qətl törətdikdən sonra Səhiyyə nazirliyinin və
işlədikləri xəstəxana rəhbərlərinin heç bir reaksiyasını hiss
etməməlidirlər?
Onlara qarşı ölçü götürülməməsinin səbəbi nədir?
Hörmətli cənab nazir, həkim adına layiq olmayan bu "həkimlərin"
potensial qətllərinin qarşısının alınması üçün səhiyyəmizin
ləyaqətini qoruyan bir şəxs kimi peşəkar qərar verməyinizi Sizdən
xahiş edirəm".