Demək olar ki, bütün analar infeksiyanı mütləq havanın
soyuqluğu, üşütmə və mikrobla əlaqələndirirlər. Nəsə qaydasında
getməyəndə və ya hər hansı bir problemi insanlar təbiətlə
əlaqələndirilər. Bu, bizi sanki məsuliyyətdən azad
edir.
Bəs əsl səbəb nədir? Lent.az türkiyəli allerqoloq Yonca Tabakın bu
barədə fikirlərini təqdim edir.
Xəstəliklər daha çox qışda olur, yoxsa
yazda?
Həkim bildirir ki, həqiqətən də qış ayları virusların asanlıqla
yayıldığı dövrdür. Məktəb kimi qapalı mühitlərdə viruslar
yayıldığından uşaqlar daha tez xəstələnirlər: "Uşaqların çoxu bunun
öhdəsindən asanlıqla gəlir, digərləri isə yox. Ən vacib məqam isə
qış aylarında uşaqların xəstə olmasına alışmağımızdır. Bəs havalar
isinəndə? Yaz-yay aylarında uşaqlar tətilə getdiyi, hava isti
olduğu halda yüksək hərarət, qızdırma, öskürək, boğaz ağrıları
müşahidə edilir. Bu yerdə vacib bir məqama toxunmaq lazımdır. Hər
xəstəlik virus qaynaqlı deyil və soyuqlama başqa uşaqdan mikroba
yoluxma nəticəsində yaranmır. Üstəlik, havanın isti olduğu
vaxtlarda badamcıq iltihabı çox zaman virus deyil, bakteriya
dediyimiz, antibiotiksiz keçmə ehtimalı aşağı mikrobun fəaliyyət
qazanması nəticəsində meydana çıxır. Bu bakteriya çox vaxt bizim öz
vücudumuzda onsuz da olan, səssiz-sədasız gözləyən bir
bakteriyadır".
İnsanın ağız və boğaz yolunda milyonlarla bakteriya yaşayır.
Bunların bəziləri xəstəlik yaratma potensialına malik
bakterialardır, bir çoxu isə "sağlam flora bakteriyaları" dediyimiz
xəstəlik yaratmayan, tam əksinə, xəstəliklərin qarşısını alan
mikroblardır: "Bu dost bakteriyalarla xəstəlik yaradanlar
arasındakı tarazlıq qorunduğu müddətdə problem ortaya çıxmır. Lakin
hər hansı formada dost bakteriyalar zərər görür və xəstəlik
yaradanlar fəaliyyətə keçir. Bax, bu zaman problemlər yaranır.
Xaricdən mikrob qəbul etmədən belə, öz mikrobumuzla
xəstələnirik".
Sağlam bakteriyalar həssasdırlar, qorunmaq
istəyirlər
Uşaqlarda ağız və boğazdakı sağlam flora tarazlığını pozan ən
əhəmiyyətli faktor reflüksdür. Reflüks mədə turşuluğunun hər hansı
formada ağız-boğaz yoluna qayıtmasıdır. Həkim bildirir ki, mədədəki
bu turşu xəstəlik yaradanlarla müqayisədə çox həssas və kövrək olan
sağlam dost bakteriyalara çox sürətlə zərər verir: "Sağlam
bakteriyalar öldükdə və sayı azaldıqca aranı nəzarətsiz görən
xəstəlik yaradan mikroblar fürsəti əldən vermirlər və boğaz
iltihabı özünü göstərir. Reflükslə bağlı boğaz iltihabı yaz-qış
tanımır. 40 dərəcə istidə belə, ola bilər. Üstəlik, uşaqlarda
reflüksü inkişaf etdirən ən əhəmiyyətli faktor pis qidalanmaqdır.
Ona görə də uşaqlara qarşı daha diqqətli olmaq lazımdır. Kafein
ehtiva edən kakaolu qidalar, şokoladlı şirniyyatlar, qəhvə, qazlı,
buzlu içkilər, dondurmalar, hamburger, pizza, kartof qızartması,
ketçup, mayonez və bunlara bənzər bir çox qidalar gizli reflüks
yaradan ünsürlərdir".
Buna görə də allerqoloq yaz-yay aylarında uşaqların sadə formada
qidalanmasını məsləhət görür. O, süfrələrdə sobada bişən, az yağlı,
az souslu qidaların, təzə meyvə-tərəvəzin bol olmasını məsləhət
görür: "Uşağınızın qazlı və soyuq içkilər yerinə sadə su içməsini
təmin edin. Dondurmanın paketdə və şokoladlı olanını deyil, sadə və
meyvəli olanına üstünlük verin. Bütün günü yemək yaxşı hal deyil.
Yemək saatlarına sadiq qalın. Uşağınızın yatmazdan əvvəlki 2-3
saatda yeməsinə icazə verməyin. Yemək sonrası dərhal hovuz və ya
dəniz kimi fiziki fəaliyyət tələb edən yerlərdən çəkindirin.
Yeməkdən sonra ən az 1 saat uşağınızın sakit bir zaman keçirməsini
təmin edin".
Sağlam ailənin sağlam övladı olur
Ailənin sağlam olması uşaqların sağlam olması deməkdir. Unutmaq
olmaz ki, uşaq deyiləni deyil, gördüyünü edir. Uşağınızın sağlam
qidalanmasını istəyirsinizsə, özünüzdən başlayın. Bir çox qərb
ölkəsində yeniyetmələrin 30 faizi ən az həftədə 1 dəfə reflüks
şikayəti ilə həkimə müraciət edir. Bu isə o deməkdir ki, son illər
bu xəstəliyin sayı artıb. Ona görə özünüz və uşağınız üçün yaz-yay
aylarını ancaq yemək-içmək zamanı deyil, sağlam həyat tərzi üçün
fürsətə çevirin.