Yuxarı

Bu işə çoxlu vəsait tələb olunur – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransaya səfərimdən öncə əldə etdiyim məlumata görə, 50-dən çox fransız şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulmuşdur, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırkı mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib. Prezident vurğulayıb ki, Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır:

“Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir. Azərbaycanda fəaliyyət göstərən fransız şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır.

Bizim, eyni zamanda, infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində güclü əməkdaşlığımız var. Həmçinin kosmik sahəni qeyd etmək istərdim. Bu, bizim ölkə üçün nisbətən yeni sahədir. Lakin Azərbaycan bir neçə il bundan öncə beynəlxalq kosmik kluba qoşulmuşdur və ölkəmizin artıq iki peyki fəaliyyət göstərir. Ümid edirik ki, fransız şirkətlərinin fəal iştirakı ilə üçüncüsü də olacaq.

Kənd təsərrüfatı sahəsində yaxşı perspektivlərimiz var. Şadam ki, ötən bir neçə il ərzində iqtisadiyyatımızın bu sektoru da çevik inkişaf etməyə başlamışdır və bu, həmçinin fransız şirkətlərinin iştirakı ilə baş vermişdir. Xüsusilə üzüm bağlarımızın inkişafını qeyd etmək istəyirəm. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə iqlim şəraitimizdən maksimum dərəcədə istifadə olunmuşdur.

Bizim təhsil sahəsində yaxşı əməkdaşlığımız var. Artıq üç ildir ki, fəaliyyət göstərən Fransız Liseyi bu əməkdaşlığın yaxşı nümunəsidir. Bundan sonra isə biz Fransız-Azərbaycan Universitetinin açılışını etdik. Bu, nəinki təkcə bizim təhsil potensialımızı gücləndirir, eyni zamanda, həmin təhsil ocaqlarında təhsil alan uşaqlar və gənc nəsil artıq, bir sözlə, bu iki ölkənin ictimai səfirlərinə çevrilirlər. Çünki onların həyatı Fransa ilə əməkdaşlığa bağlı olacaqdır.

Biz Azərbaycanda çox əsaslı islahatlar paketini həyata keçirdik. Bu, əsasən ötən il oldu. Ötən il çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərmişdir. Bu, iqtisadiyyatımızın şaxələndirilməsinə aparan bir yoldur. Əslində, biz neft və qazdan asılılığı azaltmaq üçün bunun üzərində uzun illər idi ki, çalışırdıq və bunu etməyə nail olduq. Hazırda neft və qaz ümumi daxili məhsulun təqribən 30 faizdən artığını təşkil edir. Qalan hissə qeyri-neft sektorunun payına düşür. İndi isə biz ixracımızı şaxələndirmək üçün fəal çalışırıq. Neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü bir dönəmdə buna indi xüsusilə ehtiyac var və artıq bizə əvvəllər olduğu kimi, əldə edə bilmədiyimiz gəlirləri qeyri-enerji ixrac potensialı ilə kompensasiya etmək lazımdır. Buna görə, biz əsasən kənd təsərrüfatı, sənaye sektorlarına sərmayə yatırdıq və eyni zamanda, bazarların axtarışındayıq. Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir.

Ötən ay tərəfdaşlıq razılaşması üzrə Avropa Komissiyası ilə danışıqlara başladığımızı nəzərə alaraq, - yeri gəlmişkən, bu, bir çox sahələri, o cümlədən iqtisadi əməkdaşlığı əhatə edəcək çox hərtərəfli bir sənəd olmalıdır, - hesab edirəm ki, əməkdaşlığımızın vacib bir elementi də ikitərəfli ticarətin artırılması ola bilər. Zənnimcə, bu gün bu, bir milyard avrodan azdır. Lakin ticarətimizin strukturuna baxsanız görərsiniz ki, bu, əsasən bizim Fransaya neft ixracatımızdır. Beləliklə, biz bunu şaxələndirməliyik, daha çox alıb, daha çox satmalıyıq.

Hesab edirəm ki, iqtisadi əməkdaşlığımızın çox yaxşı mexanizmi var. Bu, birgə iqtisadi komissiyadır. Bu komissiyanın iclası bu yaxınlarda keçirilmişdir. Bu komissiya əməkdaşlığımızın bütün vacib sahələri ilə bağlı məsələlərlə məşğul olur. İslahatlar bizə uzunmüddətli dayanıqlı inkişafa, iqtisadi artıma, ölkəmizin və iqtisadiyyatımızın müasirləşdirilməsinə nail olmaq imkanı verəcək. Çünki artıq bir neçə dəfə qeyd etdiyim kimi, Azərbaycanda post-neft dönəmi başlamışdır. Bu, bizim ehtiyatlarımızın tükənməsi ilə əlaqəli deyil. Xeyr, bizim böyük neft və qaz ehtiyatlarımız var. Biz onları gələcək bir neçə on illər ərzində bazara çıxaracağıq. Lakin indi bizə sanki təbii ehtiyatlara malik olmadan gələcəyimizi planlaşdırmaq lazımdır. İqtisadiyyatımızı rəqabətlilik, düzgün idarəetmə əsasında qurmalıyıq.

Əlbəttə ki, biz islahatlarımızda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik. Eyni zamanda, bizim çox yaxşı məsləhətçilərimiz var. Onlar bizə iqtisadiyyatımızın hər bir sektoru üçün strateji yol xəritələri hazırlamağa kömək edirlər. Azərbaycanda iqtisadi inkişaf sabitdir. Əvvəlki illərdə ümumi daxili məhsulun göstəricisi çox yüksək olmuşdur və bu da əsasən neft və qaz sektorunun sayəsində baş vermişdir. Lakin artım təkcə bu sektorla bağlı deyildi. Bu gün Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Biz bu nəticələrə çox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarını pozan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsi nəticəsində evlərinı və əmlakını itirmiş yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirməli olduq. Beləliklə, bu təcavüz nəticəsində bir milyondan çox qaçqınımız və məcburi köçkünümüz var. Onların da qeydinə qalmaq üçün çoxlu pul tələb olunur. Biz əsasən bu insanların sosial müdafiəsinə sərmayə yatırdıq və ötən illərdə onların arasından iki yüz əlli min nəfərə yeni mənzillər və evlər verildi. Beləliklə, biz bütün müasir infrastruktur ilə təchiz olunmuş böyük şəhər miqyasında evlər tikdik”.

Tarix
2017.03.14 / 14:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla