Yuxarı

24 iyun seçkisi: Türkiyəni nə gözləyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin yekunu ilə bağlı analitik Vüqar Zifəroğlunun Axar.az-a müsahibəsini təqdim edirik:

- Türkiyədə prezident və parlament seçkiləri nə ilə yadda qaldı?

- İlk dəfə prezident seçkisini xalqın ixtiyarına verən bu seçkidə başlıca yarış qalibiyyətini bayram edən Cümhur Birliyi, məğlub olmasına rəğmən maraqlı nəticələr göstərən Millət İttifaqı (CHP-İYİ-Səadət) və təkbaşına cənub və cənub-şərqi Anadoluda öz mövqelərini qoruyan HDP arasında getdi. 16 aprel referendumunda qəbul edilən konstitusiyaya uyğun olaraq, ilk dəfə prezident seçkisi ilə birlikdə “ittifaqlar”la gedilən millət vəkilliyi seçkisindən “parlament koalisiyası” tablosu çıxdı. İqtidar partiyası olan AKP 1 noyabr 2015 seçkilərinin nəticələrinə görə, ən çox səs itirən partiya olmaqla millət vəkili sayı 300-dən aşağı olması ilə faktiki olaraq Cümhur Birliyində ortağı MHP-yə möhtac hala gəldi. MHP və HDP isə səslərini qoruyan partiyalar olduqları halda, ana müxalifət partiyası olan CHP 1 iyun və 1 noyabr seçki nəticələri ilə müqayisədə 3 faiz səs itirdi. Millət İttifaqı daxilində ilk dəfə seçkiyə qatılan və sürprizlərə imza atacağı gözlənilən İYİ Partiyası isə 10 faizlik baryeri zorla aşaraq, ilk uğuruna imza atdı. HDP isə bir daha 11 faizlik səs potensialını qoruyaraq, məclisə girməyi bacardı. Maraqlıdır, 2002-ci il seçkilərindən indiyədək ilk dəfədir ki, İYİ-nin mandat qazanması ilə 5 siyasi partiya parlamentdə qrup formalaşdıracaq çoxluq əldə etdi. Parlament seçkisinin qarşı-qarşıya duran iki ittifaq və HDP, prezident seçkisinin isə üç əsas namizəd - Ərdoğan, Akşənər və İncə arasında gedəcəyi əvvəldən bəlli idi. Həm partiyalar, həm də namizədlər seçki təbliğatı dönəmində ciddi şəkildə yüksək performans sərgiləsələr də, nəticələrə təsir edəcək incə məqamlar oldu.

- Bəs AKP-MHP koalisiyası hansı maraqlı detallarla yadda qaldı?

- Əslində, Türkiyə prezidentinin seçkidə qələbə çalmasında MHP ilə koalisiyanın son dərəcə ciddi rolu oldu. AKP-nin parlament seçkisində göstərdiyi nəticə ilə Ərdoğanın prezident seçkisində yığdığı səs faizi arasındakı 10-11 faiz fərq məhz MHP-dən gələn səslərdir. MHP-nin parlament seçkisinin nəticələrinə görə yığdığı səs faizi ilə həmin fərq üst-üstə düşür. Cümhur Birliyi son illərin seçkilərində getdikcə səs itkisi yaşayan AKP-nin sağ-mərkəz və bütünlükdə sağ düşərgədə mövqelərini qoruya bilməsi baxımından önəmlidir. Əsasən İYİ-nin yaranması ilə sağ-mərkəzdə və sağ düşərgədə iddialı yeni bir qüvvənin ortaya çıxması getdikcə zəifləməkdə olan iqtidar partiyasını ortaq axtarışına məcbur etdi. MHP bunun ən real və uğurlu ünvanı oldu. MHP-nin 11 faizə yaxın səs alması maraqlı nəticə hesab oluna bilər. Ələlxüsus, İYİ-nin məhz daha çox milliyyətçi camedən səs almasını hədəfləməsi fonunda və AKP ilə koalisiyanın səs faizinə neqativ təsir göstərəcəyi ilə bağlı verilən proqnozlara rəğmən, Baxçalı partiyasını qoruya bildi və hətta təkbaşına seçkidən seçkiyə qalibiyyətlə yürüyən bir iqtidar partiyasını özündən asılı vəziyyətə də saldı. Prezident qərarlarının məclisdən keçməsi üçün AKP-nin milliyyətçi millət vəkillərinə ehtiyacı olacaq. MHP faktiki olaraq iqtidarın “parlament ortağı” ola bildi. Başqa bir məqam Cümhur Birliyindən fərqli olaraq Millət İttifaqının prezident seçkisinə vahid namizədlə gedə bilməməsi idi. CHP ilə İYİ-nin bu mənada ulduzlarının barışmaması seçkinin taleyinə birbaşa təsir etdi. Çox maraqlıdır ki, İYİ yaradıldığı zaman məhz CHP və MHP-dən böyük dəstək görəcəyi ilə bağlı ciddi təbliğat qurulmuşdu, hətta bir çox tanınmış adların partiyaya keçdiyinin də şahidi olduq. Lakin daha konkret addımların atılması lazım gəldiyi zaman cümhuriyyətçilərin öz namizədləri ilə çıxış etmələri bugünkü nəticənin ortaya çıxmasına səbəb oldu. CHP nə prezident, nə də parlament səsverməsində İYİ partiyanın xeyrinə səs itkisi yaşadı. Partiya ümumiyyətlə, maksimum şəkildə öz gücünü və imicini ön planda tutdu. Məhərrəm İncənin namizədliyinin irəli sürülməsi ilə cümhuriyyətçilər həm sol-mərkəz, həm də sol düşərgədə seçicinin diqqətlərini üzərilərinə cəlb edə bildilər. Bununla da İYİ gözlənildiyi qədər yüksək nəticəyə imza ata bilmədi və 10 faizin üstündə bir səs yığaraq zorla parlamentə vəsiqə qazana bildi. Akşənər isə prezident seçkilərində digər iki rəqibi ilə müqayisədə zəif səs əldə etdi. Lakin istənilən halda quruluşunun 7-ci ayında belə bir nəticəyə imza atmaq şübhəsiz ki, uğur kimi qiymətləndirilə bilər. Lakin partiyanın MHP-dən gözlənilən səsi ala bilməməsi və prezident kürsüsünə namizəd olaraq göstərdiyi nəticənin partiyanın yığdığı səsdən az olması diqqət çəkir. Görünür, Akşənər hələ çox işlər görməlidir. Lakin Akşənərdən fərqli olaraq CHP-nin namizədi Məhərrəm İncə partiyasından 8 faiz daha çox səs alaraq 2002-ci il seçkilərindən indiyədək sol düşərgə təmsilçisinin yığa bildiyi ən yüksək nəticəyə imza atdı. HDP və İYİ-nin namizədlərinin səslərinin partiyaların topladığı səsdən daha az olması nəzərə alınsa, onda hər iki partiyanın seçicisi cümhuriyyətçilərin namizədinə etimad göstərib. Lakin “ittifaqdan kənar münasibətlər” də əslində Millət İttifaqının parlament nəticələrinə öz təsirini göstərdi. 1 noyabr 2015-ci il seçkisindən fərqli olaraq, CHP-nin 24 iyunda 3 faiz səs itkisi yaşaması diqqət çəkir. Maraqlıdır ki, bu səs itkisi İstanbul, Ankara, İzmir, Bursa, Adana və Antalya kimi iri şəhərlərdə özünü göstərdi. İşin ən incə və maraqlı tərəfi də budur ki, HDP məhz sözügedən iri şəhərlərdə təqribən elə həmin faiz nisbətində səs qazandı. Yəni HDP-çi seçici parlamentdə HDP-ni, prezident seçkisində isə İncəni dəstəklədiyi halda, CHP seçicisi HDP-nin faiz baryerini keçə bilməsi üçün ona “əmanət” səs verdi. HDP-nin prezident seçkisindəki namizədi Səlahəddin Dəmirdaşın partiyasının yığdığı səsin yarısı qədər belə səs yığa bilməməsinin səbəbi də məhz elə budur. Nəticədə CHP-nin Millət İttifaqından kənar bir fərqli ittifaqda olması da üzə çıxmış oldu ki, bu da səbəbsiz deyildi. Ümumiyyətlə, HDP-nin növbəti dəfə barajı aşmasının səbəbi CHP oldu. Məhərrəm İncə ilə CHP-nin səs faizi arasındakı böyük fərq məhz bunun göstəricisidir. Əgər HDP zamanında məclisə AKP-nin sayəsində daxil olurdusa, son iki seçkidə bu partiya CHP-nin sayəsində məclisə girir. Diqqət çəkən başqa bir incə məqam ondan ibarətdir ki, Cümhur Birliyinin parlamentdəki vəkil sayı konstitusiya dəyişikliyi üçün gərəkli olan 360-400 deputat sayından azdır. HDP baraj altında qalsaydı, Cümhur Birliyi cənub və Cənub Şərqi Anadolu bölgələrindən qazanacağı səs hesabına bu çoxluğu əldə edə bilərdi. Millət İttifaqının bəlkə də ən az danışılan və diqqətdən kənarda qalan üzvü Səadət Partiyasının da seçkiyə müəyyən təsiri oldu. Belə ki, məhz Səadət və İYİ-dən gələn dəstəyin hesabına CHP uzun zamandır ki, millət vəkili qazana bilmədiyi Adıyaman, Karabük, Qaraman, Qars, Kastamonu, Kırıkkale, Kırşəhər, Kütahya, Nevşəhər, Şanlıurfa və Yozqatdan bir millət vəkili qoltuğu qazandı. Digər tərəfdən də, Elazığda Səadət Partiyasının aldığı 3,4 faiz səs ittifaqda olmaları səbəbi ilə CHP-nin yığdığı səslərə əlavə edildi və nəticədə cümhuriyyətçilər 40 ildən çoxdur ki, millət vəkili qazana bilmədikləri Elazığdan bir vəkil mandatı əldə etdilər.

- Ümumiyyətlə, seçkilərin nəticələri, bunun Türkiyəyə, eləcə də regiona təsirləri barədə nə düşünürsünüz?

- Bir çox ilklərlə Türkiyə siyasi tarixinə keçən bu seçki ciddi məqamlarla, nəticələri isə ciddi mesajlarla yadda qalacaq. Nəticələri ilə xeyli düşündürücü olan bu seçki Türkiyəmiz və eləcə də bölgə üçün ciddi mesajlar verdi. Bu, ilk növbədə, Türkiyənin aktiv Yaxın Şərq siyasəti yeritməsi, Qərbin iqtisadi təzyiqləri və bölücü qruplaşmaları dəstəkləməsi fonunda türk xalqının verdiyi mesajdır. AKP-yə göstərilən etimadla yanaşı, ona həm də milliyyətçi düşərgə təmsilçisinin ortaq təyin edilməsi nə qədər düşündürücüdürsə, ana müxalifət partiyası təmsilçisinin öz partiyası ilə müqayisədə daha çox səs yığması da o qədər anlamlıdır. Demək, dəyişikliklər olacaq. Bu dəyişikliklər yalnız siyasi partiyaların daxili kuluarlarında deyil, ölkədə də gedəcək. Çünki xalqın seçki ilə verdiyi mesaj məhz budur. Türkiyəmiz üçün xeyirli-uğurlu olsun.

Tarix
2018.06.25 / 16:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla