Yuxarı

İlham Əliyev Kürdəmirdə açılışlar etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.

Axar.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb və 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır. Bu aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb.

Aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub. Ölkəmizdə yeni yaradılan aqroparklardan biri də “Qlobal Aqro” MMC-nin aqroparkıdır.

Müəssisənin rəhbəri Ramazan Mirzəyev dövlətimizin başçısına aqroparkın fəaliyyət istiqamətləri barədə məlumat verdi.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Dövlətimizin başçısına istehsal olunacaq məhsulların nümunələri təqdim edildi. Məlumat verildi ki, “Qlobal Aqro” MMC-nin rayonun Karrar qəsəbəsi və Pirili kəndi ərazisində yerləşən aqroparkı iki min hektar sahəni əhatə edir. Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon manat, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf olunub, 600 min manat vəsaitə qənaət edilib. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. İndiyədək 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb. Aqroparkda 18 min tonluq saxlama anbarı və gücü saatda 10 ton olan toxum çeşidləmə - qablaşdırma sahəsi, ofis və laboratoriya binaları, texnika üçün talvar tikilib. Keçən il 942 hektarda arpa, 128 hektarda buğda, 30 hektarda bostan bitkiləri əkilib. Hələlik burada 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev müəssisənin imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə ASAN Xidmət mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, müəssisədə 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. kimi bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalça çeşnilərinin istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Kürdəmir şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Dövlətimizin başçısı xalçaçılarla görüşdü.

Müəssisənin kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Şadam ki, Kürdəmir rayonunda da xalça fabriki açılır. Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın iş yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Siz də bu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz. Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır.

Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var. Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq. Burada yaxşı əməkhaqqı ilə təmin olunursunuz, iş şəraiti gözəldir. Son dövrdə “Azərxalça”nın xətti ilə açılmış fabriklərdə demək olar ki, işçilərin hamısı razıdır.

Xalçaçılar: Biz də razıyıq. Çox sağ olun, minnətdarıq. Allah Sizə ömür versin. Allah Sizi qorusun.

Xalçaçı Yemən Abdurəhmanova: Cənab Prezident, rayonumuza, müəssisəmizə xoş gəlmisiniz. Biz böyük şərəf hissi ilə, böyük qürurla Sizi gözləyirdik. Biz sevinirik ki, bizimlə görüşə gəlmisiniz. Mən Kürdəmir rayonunun bütün ziyalı qadınlarının, ağbirçək anaların, toxucularımızın adından Sizə dərin minnətdarlıq hissimi bildirirəm. Sizi, ailənizi, övladlarınızı, nəvələrinizi öpürəm, cənab Prezident. Allah Sizə uzun ömür, cansağlığı versin. Ümummilli liderimiz Heydər Əliyevin irsini axıra qədər davam etdirəsiniz.

Hörmətli Prezident, gün o gün olsun ki, Siz Qələbə günü haqqında Sərəncam imzalayasınız, biz qurbanlarımızı kəsək.

Cənab Prezident, üzr istəyirəm, bəlkə çox danışıram. Kürdəmirdə xalça fabriki keçən əsrin 30-cu illərindən fəaliyyətə başlayıb. Bizim analarımız, nənələrimiz bu işi davam etdirdilər, biz də davam etdirmişik. 1989-cu ildə Kürdəmirdə xalça fabriki açılıb. Bütün qızları yığmışıq. Əvvəllər təkcə Kürdəmirin Şilyan kəndində var idi. Kürdəmir şəhərinin özündə xalça fabriki açılandan sonra Yenikənd, Köhnəbazar, Köhünlü, Şilyan kəndlərində sexlər yaratmışdıq. Ancaq o sexlərlə bu sexlər arasında yerlə göy qədər fərq var. Texniki avadanlıqlarımızda da, çeşnilərimizdə də, mallarımızın satılmağında da yeni sexlərin çox böyük rolu var. Mən toxucu qızlarla gəlib görüşəndə deyirəm, yadınızdadır o işlədiyiniz vəziyyət? Bizim indiki gözəl emalatxanamız bütün Avropa standartlarına uyğun qurulub. Allah Prezidentimizin də, Mehriban xanımın da canını sağ etsin. Siz biz qadınların sənətinə qiymət verir, bu sənəti yaşadırsınız. 2001-ci ildən sonra fabrik dayandı. Mən bir xalça mütəxəssisi kimi qadınların arasına çıxanda sual veriləndə ki, Yemən müəllimə, xalça fabriki niyə işləmir? Mən utanırdım cavab verməyə. İndi böyük qürur hissi duyuram.

Cənab Prezident, təkcə xalçaçıların yox, Kürdəmirin bütün ağbirçəkləri adından Sizə təşəkkürümü bildirirəm. Şəhərlə kənd arasında fərqi götürmüsünüz. Kəndlilər də qaz yandırır, kəndlilər də fasiləsiz elektrik enerjisi ilə, su ilə təmin olunub.

Cənab Prezident, 2017-ci ilin may ayında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ildönümü ilə əlaqədar Siz məni qabaqcıl xalça mütəxəssisi kimi “Tərəqqi” medalı ilə təltif etdiniz. Mən konfransda da dedim ki, bütün toxucular, bütün Kürdəmir toxucuları eşitsin. Bu medal tək mənə aid deyil, bu medal bütün toxuculara aiddir.

Bu gün şəhərimizdə “ASAN xidmət” mərkəzi açılıb. Bütün inzibati binalar tikilib. Hansı inzibati idarəyə, hansı təşkilata gediriksə, xoş üzlə qarşılanırıq, yaxşı yola salınırıq. Bunların hamısı Sizin sayənizdədir. Bunu heç kim unuda bilməz.

Cənab Prezident, biz şəhərə gəlmək üçün Şilyan kəndindən saat yarıma çıxa bilmirdik. İndi beş dəqiqəyə Şilyan kəndinin ən ucqar yerinə çata bilirik. Mən Sizi bütün ağbirçək analar adından öpürəm, Sizə təşəkkür edirəm, Sizə minnətdarlıq edirəm. Allah atanızı, ananızı cənnətlik etsin, ruhları şad olsun. Onların ruhları Sizə həmişə dayaq olsun. Mən bütün ağbirçək analar adından Sizi öpürəm, övladlarınızı öpürəm, Mehriban xanımı öpürəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Xoş sözlərə görə təşəkkür edirəm.

Yemən Abdurəhmanova: Çox sağ olun. Ürəkdən gələn sözlərdir, səmimi sözlərdir.

Prezident İlham Əliyev: Bilirəm. Tamamilə haqlısınız. Kürdəmir rayonunda son vaxtlar çox böyük dəyişikliklər oldu. Mən bu gün “ASAN xidmət” mərkəzinin açılışında dedim ki, Prezident kimi Kürdəmirə ilk dəfə 2005-ci ildə gəlmişdim. O vaxt işıqla bağlı problem var idi. Yollar demək olar ki, yox idi, qazlaşdırma yox idi, su da yox idi, iş yerləri də yox idi. Ona görə kompleks tədbirlərin görülməsi nəticəsində biz bütün bu məsələləri tədricən həll etdik. İlk növbədə, elektrik enerjisi ilə təminat, ondan sonra Kürdəmirin bütün kəndlərində qaz olmalıdır. Cəmi iki kənd hələ ki, qazlaşdırılmayıb. O da bu il və ya gələn il olacaq. Beləliklə, 100 faiz qazlaşdırma olacaq. Yolların da yarısı, 50 faizi təmirlidir. Qalan 50 faizini isə biz 2023-cü ilə qədər tam təmir edəcəyik. Kürdəmir şəhərində içməli su ilə bağlı problem 2013-cü ildə həll olunmuşdur. Kəndlərdə də modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 40-dan çox yeni qurğu da quraşdırılacaq. İş yerlərinin yaradılması ilə bağlı belə gözəl fabrik açıldı. İndi gedib baxarsınız, “ASAN Həyat” kompleksi, “ASAN xidmət” mərkəzi necə gözəldir. Orada həm 320 növ xidmət göstəriləcək. Eyni zamanda, orada gözəl kafelər, ictimai yerlər, kinoteatr, uşaq əyləncə yerləri fəaliyyət göstərəcək. Yəni, ictimai bir mərkəz kimi formalaşıb. Bu mərkəzin məhz Kürdəmirdə yaradılması rayona xüsusi münasibətin təzahürüdür. Çünki bu mərkəz altı rayona xidmət göstərəcək.

Xalça fabriklərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki siz də qeyd etdiyiniz kimi, biz demək olar ki, bu sənəti bölgələrdə itirirdik. Bölgələrdə ancaq evlərdə köhnədən qalan dəzgahlar var idi. Toxucular fərdi qaydada işləyirdilər. Sifarişlər də demək olar ki, yox idi, xalçanı toxuyub sata bilmirdilər. Siz yaxşı bilirsiniz ki, xalçanı toxumaq üçün ləvazimat, vasitələr, maddi imkan lazımdır.

Yemən Abdurəhmanova: Hər şey var, şükür Allaha.

Prezident İlham Əliyev: İndi bunlar olmayanda necə toxusunlar? Sonra toxuyub hara satsınlar? Ona görə bizim xalçaçılıq sənətimiz demək olar ki, yalnız Bakı şəhərində qalmışdı. Ancaq bizim hər bir bölgəmizdə özünəməxsus xalçaçılıq məktəbi var. Ona görə ölkə üzrə 32 fabrikin yaradılmasının məqsədi bu idi ki, bölgələrdə bu sənət yaşasın, qadınlar cəlb olunsun, gözəl şərait yaradılsın, yaxşı pul qazansınlar, vətəndaşlara və dövlətə xeyir gətirsin. Biz buna da nail oluruq. Əminəm ki, burada toxunan bütün xalçalar ən yüksək qiymətə layiq olacaq və siz bu sənəti bu fabriklər vasitəsilə gənclərə ötürəcəksiniz. Mən görürəm, sizin aranızda gənc qızlar da var, onlar da təcrübə toplayacaq, sonra uşaqlar cəlb olunacaq. Beləliklə, qədim xalçaçılıq sənətimiz daim yaşayacaq. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

Xalçaçılar: Çox sağ olun, Sizə minnətdarıq.

Sonra dövlət başçısı müəssisədə toxunan xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi:

- Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi, Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu–Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Əvvəllər ona heç yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında gözəl asfalt örtüklü yoldur. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. Bu fotoşəkillərdə yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü yoldur.

İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da 70-80 il torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş körpünü də bərpa etmişik.

Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.

Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir.

Prezident İlham Əliyev: Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq.

Saleh Məmmədov: Bu il də Sərəncamınız var, cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda yolun tikintisinə artıq başlanılıb. Sərəncamlarda həmin yolların tikintisinin 2023-cü ilə qədər başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb.

Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.

Prezident İlham Əliyev: Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır.

Tarix
2020.02.12 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla