Yuxarı

İlham Əliyev Ağcabədidə - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.06.03. 17:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.

Axar.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer təsərrüfatında olub, əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov dedi: Cənab Prezident, Sizin xeyir-duanızla artıq bu gündən taxıl biçininə başlanılır. Ölkə üzrə bir milyon hektar taxıl sahəsində biçin aparılacaq, onun 370 min hektara yaxını arpa sahəsidir.

Prezident İlham Əliyev: Arpa biçilir?

İnam Kərimov: Bəli. Bir neçə gündən sonra da buğda biçininə başlanılacaq. Bütün texnika biçinə tam hazırdır.

Prezident İlham Əliyev: Məhsuldarlıq nə qədər gözlənilir?

İnam Kərimov: Cənab Prezident, keçən il hektardan məhsuldarlıq 32 sentnerə yaxın idi, bu il hələ dəqiq demək mümkün deyil. Çünki bu il hava quraqlıq keçdi.

Prezident İlham Əliyev: Bu il də quraqlıqdır, keçən il də quraqlıq idi. Amma keçən il biz rekord səviyyədə məhsuldarlığı təmin edə bildik. Azərbaycanda heç vaxt hektardan məhsuldarlıq 32 sentner olmayıb. Özü də iri fermer təsərrüfatlarında təqribən 50 sentnerə çatıb. Təkrar əkinlə bağlı işlər görülür? Mən demişəm, Nazirlər Kabineti vəsait ayırıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov: Bəli, cənab Prezident, Siz göstəriş verdiniz, qarğıdalı əkiləcək.

Prezident İlham Əliyev: Orada əsas problem su problemidir. Onu gərək çatdırasınız.

Rafil Hüseynov: Cənab Prezident, biz planlaşdırmışıq ki, su olan yerlərdə bu il iki min hektarda təkrar əkin aparaq.

Prezident İlham Əliyev: Sizdə 2 min hektar, ölkə üzrə 100 min hektara yaxın. Bu, hədəfdir, indi nə qədər olar olar.

Rafil Hüseynov: Su ilə bağlı əsas odur ki, su pambıqla üst-üstə düşməsin. Bu il Ağcabədidə təxminən 30 min hektarda taxıl əkilib. Onun da 8 min hektara yaxını arpadır, 22 min hektarı buğdadır.

Prezident İlham Əliyev: Keçən il Ağcabədidə məhsuldarlıq nə qədər idi?

Rafil Hüseynov: Keçən il 35 sentner olub. Bu ildən növbəli əkinə qayıtmaq məsələsini nəzərdə tuturuq. Biz növbəli əkinə qayıtmasaq, məhsuldarlığı da təmin edə bilmərik. Biz razılaşmışıq ki, rayonumuzda eyni sahədə növbəli qaydada həm yonca əkək, çünki maldarlığı da dayandıra bilmərik, həm də pambıq. Çünki yonca sahələrində pambıq əkiləndə çox yaxşı məhsul götürmək olur. Biz pambıq, taxıl, yonca sahələrində növbəli əkin hesabına pambığı da 20 faizə qədər artırmağı nəzərdə tuturuq.

Prezident İlham Əliyev: Məhsuldarlığı?

Rafil Hüseynov: Pambığın özü də, məhsuldarlıq da xeyli artacaq. Bu il yaxşı pambıq var.

Prezident İlham Əliyev: Sizdə məhsuldarlıq keçən il də yaxşı idi.

Rafil Hüseynov: Bu il keçənilkindən daha yaxşı məhsul var.

Prezident İlham Əliyev: Əkin sahələri eyni qalıb?

Rafil Hüseynov: Eyni qalıb, amma gələn il üçün nəzərdə tuturuq ki, pambıq əkinini 25 faiz artıraq. Çünki bu gün bizim taxıl və yonca sahələri 50 min hektara qədərdir. Əlli min hektar bizə cəmi 500 iş yeri verir. Amma 10 min hektar pambıq əkirik, bu, 15 min iş yeridir.

Prezident İlham Əliyev: Əlbəttə, əməktutumlu sahədir. Həm də yaxşı maaş, məvacib götürülür.

Rafil Hüseynov: Bəli, gəlir bundan üç dəfə artıqdır. Həm xalis gəlir, həm də ümumi gəlir artır.

İnam Kərimov: Cənab Prezident, artıq fermerlər maraqlıdırlar ki, pambıq əksinlər və gəlir əldə etsinlər.

Prezident İlham Əliyev: Biz pambığa olan marağı qaytardıq. Keçən il hektardan məhsuldarlığı 29 sentnerə qaldırmışıq. Bu da Azərbaycanın tarixində ən yüksək göstəricilərdən biridir. Sovet vaxtında hektardan məhsuldarlıq bəlkə cəmi 3-4 il təqribən 30 sentnerdən artıq olub. İndi biz demək olar ki, 30 sentnerə yaxınlaşmışıq. Bu il də məhsuldarlıq daha yaxşı olsa, onda əlbəttə ki, fermerlər və işləyənlər daha da böyük gəlir götürəcəklər.

Rafil Hüseynov: Cənab Prezident, keçənilkinə nisbətən indi sıxlıq yüksəkdir, təxminən 100 faiz bitiş alınıb. Ona görə bu il pambıqda xeyli yaxşı nəticə gözlənilir.

Prezident İlham Əliyev: Bir də ki, təkrar əkinlə bağlı bizim yem bazası da genişlənəcək. Hesablamısınız qarğıdalıdan nə qədər yem əldə edəcəyik? İdxaldan asılılıq nə qədər azalacaq?

İnam Kərimov: Təxminən 1,2 milyon ton silos üçün yaşıl yem, 350 min ton qarğıdalı olacaq.

Prezident İlham Əliyev: Yəni, xaricə pul az gedəcək.

İnam Kərimov: Bəli, az gedəcək.

Rafil Hüseynov: Elektron uçotun qurulması çox böyük kömək etdi. Artıq biz uçotu bildik. Biz indi də başlamışıq rayon üzrə ev təsərrüfatlarının uçotunu qurmağa ki, onların nə qədər sahəsi var, orada nə dəyişiklik baş verir.

Prezident İlham Əliyev: Fermerlər də öz işlərini bilirlər.

İnam Kərimov: Cənab Prezident, xeyir-dua versəniz biçinə başlayardıq.

Prezident İlham Əliyev: Başlamaq olar?

İnam Kərimov: Bəli, Sizin xeyir-duanızla.

Prezident İlham Əliyev: Başlayın.

Sonra fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanıldı.

***

İyunun 3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Bu baxımdan, həyata keçirilən işlər arasında Aqrar Sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması özündə mühüm amilləri və hədəfləri birləşdirir.

Son illərdə ölkədə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə beş rayonda, o cümlədən Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi qurulub. Müəssisə 1 hektar ərazidə salınıb və burada inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular yaradılıb. Qalan ərazidə isə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin emal gücü saatda 5 tondur. Quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Müəssisədə quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılacaq. Müəssisədə 25 nəfər işlə təmin olunacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, Ağcabədi “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və 2019-cu ilin noyabr ayında işlər başa çatdırılıb. Kompleksin ümumi sahəsi 7290 kvadratmetrdir.

Prezident İlham Əliyev “ASAN Həyat” kompleksini işə saldı.

“ASAN Həyat” kompleksinə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq.

Ağcabədi “ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci “ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilib. “ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir.

Daha sonra Prezident İlham Əliyevə innovativ yeniliklər barədə məlumat verildi. Qeyd olundu ki, “ASAN İnnoland” pandemiya ilə əlaqədar bir sıra yeniliklərə imza atıb, onlardan biri də istehsalçısı milli startaplar olan süni nəfəs aparatıdır.

Prezident İlham Əliyev: Bu, sınaqdan keçib?

Ülvi Mehdiyev: TƏBİB müayinədən keçirib, müəyyən rəy yazıb, o rəyə uyğun da baxacağıq. Bu isə gündəlik istifadə edilən əşyaların dezinfeksiyası üçündür. Bu, eskalatorlar üçün hazırlanıb, fırlandıqca ultrabənövşəyi şüalarla dezinfeksiya olunur. Bu isə temperaturu müəyyən edir, virusu yandırır, onu içəri keçməyə qoymur. Bu isə üz maskasıdır, bizdə istehsal olunur. DOST mərkəzlərinə paylamışıq, əməkdaşlar xidmət zamanı istifadə edirlər.

Sonra dövlətimizin başçısına smart aptek aparatı barədə məlumat verildi. Bildirildi ki, bu aparat vasitəsilə vətəndaşlar onlara lazım olan dərmanları seçə, dərmanın qiyməti, təyinatı barədə məlumat ala və ödəniş edib preparatı götürə bilər.

Ülvi Mehdiyev: Vətəndaş pulu daxil edir, kağız pul da alır, qəpik də. Seçdiyimiz dərmanı iyirmi saniyə ərzində içəridə tapır və təqdim edir.

Prezident İlham Əliyev: İndiki şəraitdə bunun xüsusi əhəmiyyəti var.

Ülvi Mehdiyev: Sizin tapşırığınızla müəyyən pulsuz dərmanlar verilir. O adamlar həmin dərmanı almaq üçün mütləq tibb müəssisinə getməlidir. Amma bu smart apteklər hər yerdə quraşdırıla bilir.

Qeyd edək ki, yerli istehsal olan smart aptek aparatının küçələrdə, iri ticarət mərkəzlərində, “ASAN xidmət”lərdə qoyulması planlaşdırılıb. 500 dərman növünün olduğu bu aparatın xaricə ixracı nəzərdə tutulub.

Daha sonra dövlətimizin başçısına dezinfeksiya robotu barədə məlumat verildi. Qeyd olundu ki, bu robot vasitəsilə bütün ictimai məkanları dezinfeksiya etmək mümkündür. Xaricdə istehsal olunan bu aparatın yerli istehsalı planlaşdırılır. Bundan əlavə, Prezident İlham Əliyevə rəqəmsal icra hakimiyyəti sistemi barədə də məlumat verildi. Bu sistemin fəaliyyəti sayəsində hər bir icra hakimiyyətində xidmət məkanının yaradılmasına nail olmaq mümkündür. Bunun sayəsində tələb olunan sənədlərin sayı 225-dən 104-ə enəcək.

İnnovativ yeniliklərdən biri də pandemiya şəraitində dövlət orqanlarında vətəndaşları qəbul etmək üçün vahid e-qəbul portalının yaradılmasıdır. Vətəndaş mobil telefon və elektron hökumət portalında yaratdığı kabinetindən istifadə edərək qəbula yazıla bilər.

Ülvi Mehdiyev: Onun üçün qəbul vaxtı müəyyən olunur. Həmin vaxt videoqəbul keçirilir. Hətta biz şikayətləri prioritetləşdirə bilirik. Bütün bunlar vahid sistemdə toplanır, analitik təhlil olunur. Şikayətləri təsnifatlaşdırmaq mümkündür.

Bundan başqa, yeni elektron rəngləmə sistemi də hazırdır. Onun vasitəsilə ağ-qara foto və video materialları rəngləmək mümkündür. Onu da deyək ki, Ağcabədi “ASAN Həyat” kompleksi üçün ayrılmış ərazidə geniş park salınıb, 100 avtomobil üçün dayanacaq yaradılıb.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün növbəti “ASAN Həyat” Mərkəzinin açılışını edirik. Bu münasibətlə sizi təbrik edirəm. Mənim göstərişimlə Ağcabədi rayonunda müasir, gözəl “ASAN Həyat” Mərkəzi yaradılıb və bu gün istifadəyə verilir. Mərkəzlə tanışlıq çox xoş təəssürat bağışlayır. Həm xarici görünüşü, həm də daxili dizaynı, tərtibatı çox gözəldir. Ən önəmlisi odur ki, burada vətəndaşlara 320 xidmət göstəriləcək. Bu bölgədə yaşayan səkkiz yüz min insan bu imkanlardan istifadə edə bilər.

Növbəti “ASAN xidmət” mərkəzinin açılışı çox əlamətdar hadisədir. Çünki biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik. Əslində, bizim planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu təcrübə müsbət olarsa, - mən buna şübhə etmirdim, - bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik.

Bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır.

“ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bəlkə on il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər. Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq.

Bildiyiniz kimi, “ASAN xidmət” mənim təşəbbüsümlə yaradılmışdır və mənim göstərişlərim əsasında öz fəaliyyətini genişləndirmişdir. Ancaq “ASAN xidmət”i yaradan sizsiniz, gənclərdir - “ASAN xidmət”in rəhbərləri, kadrları, işçiləri. Bu gün biz elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. İnsanların rahatlığını, ədaləti, şəffaflığı təmin etdik. Ona görə “ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür, böyük bir layihədir. Bunun çox böyük ictimai mənası var. Əlbəttə ki, burada işləyən insanlar, öz xidmətləri, öz işləri ilə “ASAN xidmət”i bu yüksək səviyyəyə qaldırdılar. Çünki hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur.

Mən çox şadam ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi “ASAN xidmət” mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək. Əslində, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. “ASAN xidmət”dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında – Avropa və İslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il “Könüllülər ili” elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir.

Beləliklə, gənclər “ASAN Həyat”, “ASAN xidmət” mərkəzlərində fəaliyyətləri ilə Vətənə çox böyük xidmət göstərmiş olurlar. Əlbəttə ki, burada peşəkarlıq da yüksək səviyyədədir. Ümumiyyətlə, qeyd etdiyim kimi, ictimai münasibətlərin tamamilə yeni forması Azərbaycanda tətbiq olunur. Çünki əvvəlki dövrdə ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, deyə bilərəm ki, kobudluq, laqeydlik də adi bir hala çevrilmişdir. Amma “ASAN xidmət” mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. Ona görə biz haqlı olaraq fəxr edə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir. Təsadüfi deyil ki, BMT “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da rol oynayır.

Biz əməkdaşlığa açığıq. Qeyd etdiyim kimi, biz artıq bir neçə ölkə ilə bu mərkəzlərin o ölkələrdə yaradılması ilə əlaqədar işlər görmüşük və müvafiq addımlar da atılıb. Növbəti mərhələdə həm bu il, həm gələn il bölgələrdə, Bakı şəhərində yeni mərkəzlərin açılışı nəzərdə tutulur. Hazırda Bakıda beş mərkəz fəaliyyət göstərir. Ancaq bildiyimə görə, bəzi mərkəzlərdə sıxlıq müşahidə olunur. Çünki birincisi, xidmətlərin sayı artdı. “ASAN xidmət” fəaliyyətə başlayanda xidmətlərin sayı, səhv etmirəmsə, 100-ə qədər idi, indi isə 320-dir. Əhali də artır və müraciətlərin sayı da artır. Ona görə Bakı şəhərində əlavə iki mərkəzin yaradılması ilə bağlı qərar qəbul edildi. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzin açılışı nəzərdə tutulur və digər şəhərlərdə.

Nəzərə alsaq ki, “ASAN xidmət”in 10 səyyar avtobusu fəaliyyət göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində ölkəmizin bütün bölgələrini əhatə edəcəyik və insanlara çox gözəl xidmət göstərəcəyik. Mən hər bir yeni mərkəzin açılışında bir yenilik də görürəm. Çünki “ASAN xidmət” öz fəaliyyətini genişləndirir, ABAD kimi brend artıq fəaliyyətdədir və ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar dövlət dəstəyi xüsusi rol oynayır. Ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını artıq bazara çıxarırlar, eyni zamanda, ixrac etməyə başlayırlar. Bu da ümumi iqtisadi inkişafımıza böyük töhfədir.

Bildiyiniz kimi, hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın.

Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar.

Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır. Bu gün Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrılması nəzərdə tutulub. Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlar təsbit edilib. Biz bütün yolları abadlaşdıracağıq.

İçməli su layihəsi öz həllini tapır. Bu gün biz Ağcabədi şəhərinə içməli suyun verilməsini qeyd edəcəyik. Bu da böyük layihədir. Çünki həmişə Ağcabədidə içməli su böyük problem idi. Bu məsələ də öz həllini tapır. Mənim Sərəncamımla suvarma suyu ilə bağlı 115 subartezian quyusu qazılıbdır və əlavə 30 quyu qazılacaq. Çünki kənd təsərrüfatının inkişafı üçün su əsas amillərdən biridir.

Rayon mərkəzi xəstəxanası tikilib. Ölkəmizin rayonlarda yerləşən ən böyük xəstəxanalarından biridir. Özü də müasir standartlara cavab verən avadanlıqla təmin edilib. Olimpiya İdman Kompleksi, Qarabağ Muğam Mərkəzi, “ASAN Həyat” kompleksi - bütün bunlar mənim təşəbbüsümlə və dövlət büdcəsi hesabına görülmüş işlərdir. Ona görə Ağcabədi rayonunun infrastrukturuna, sosial obyektlərinə, insanları narahat edən problemlərin həlli üçün nəzərdə tutulmuş layihələrə çox böyük vəsait qoyulubdur. Bu, bir daha onu göstərir ki, ölkəmizin hər bir yerində işlər bu səviyyədə görülməlidir, plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə. Bunları biz etmişik. Əgər infrastruktur layihələri icra edilməsəydi, o biri layihələrin, ümumiyyətlə, əhəmiyyəti olmazdı. Bu təməli biz yaratmışıq. Ona görə indi iqtisadi inkişaf daha sürətlə getməlidir.

Kənd təsərrüfatını texnika ilə tam təmin etmişik. Bu gün Ağcabədidə biçin mövsümünə artıq start verildi. Nəinki Ağcabədi rayonunu, bütün ölkəmizi, taxılyığan, pambıqyığan kombaynlarla tam təmin etmişik, özü də dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan kombaynlarla. Bizim kəndlilər, fermerlər bunu görməyiblər. Sovet vaxtından qalan sınıq-salxaq kombaynları onlar güc-bəla ilə təmir edirdilər, çalışırdılar ki, onlara xidmət göstərsinlər. Onlar da dəqiqəbaşı sınırdı, sonra sıradan çıxırdı. Bir neçə il ərzində texnika təchizatı, ümumiyyətlə, mövcud deyildi. Ona görə torpaqlar qalmışdı başsız, əkin-biçin getmirdi. Bunu da həll etmişik. Ona görə bu, gözəl bir təməldir. İndi bütün infrastruktur yaradılıb, texnika ilə təchiz edilib. Əsas indi sahibkarlar gərək öz sözünü desinlər. Ağcabədidə dörd iri fermer təsərrüfatı yaradılıb. Taxılçılıqda fermer təsərrüfatlarının xüsusiyyəti ondadır ki, məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan qat-qat üstündür, o cümlədən pambıqçılıqda. Biz ölkəmizi bu yolla inkişaf etdirəcəyik və iqtisadiyyatımızın şaxələndirilməsini təmin edəcəyik.

Əlbəttə, “ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik. Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb.

Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə fəaliyyətinizdə uğurlar diləmək istəyirəm. Əminəm ki, siz - “ASAN xidmət”də çalışan işçilər, könüllülər, öz işinizlə ölkəmizin ümumi inkişafına töhfə verəcəksiniz. Bir daha təbrik edirəm. Sağ olun.

***

İyunun 3-də Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Cəbhəyanı ərazidə yerləşən Ağcabədi şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2017-ci ildə “Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində icra olunan layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Prezident İlham Əliyev Ağcabədi şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə saldı.

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib və bu məqsədlə 14 subartezian quyusu qazılıb. Su mənbəyindən şəhərə 15 kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihə çərçivəsində Ağcabədi şəhərində 350 kilometr içməli su xəti çəkilib, 8500 ünvana ev birləşməsi verilərək su sayğacları quraşdırılıb. Suyun optimal idarə olunması üçün 618 siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 905 yanğın hidrantı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.

Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 305 kilometr tullantı su şəbəkəsi, 4 kanalizasiya-nasos stansiyası, 9 kilometr kanalizasiya kollektoru inşa edilib. Yeni yaradılmış tullantı su şəbəkəsindən ünvanlara birləşmələr verilib. Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri aparılır. İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Ağcabədi Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib.

***

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.

Dövlətimizin başçısı “Ağcabədi-2” elektrik yarımstansiyasını işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağcabədi rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub.

Son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndləri və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Tarix
2020.06.04 / 20:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla