Ana səhifə Siyasət |
Moskva görüşündə humanitar atəşkəsin əldə olunmasından dərhal sonra Ermənistan silahlı qüvvələri ənənəvi olaraq yenə beynəlxalq hüququ heçə sayaraq, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirdi. Bundan başqa, artıq bir neçə gündür Hadrut və Cəbrayılı geri almaq üçün ard-arda əks-hücum əməliyyatı keçirməyə cəhd edirlər.
Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, Azərbaycan belə vəziyyətdə Ermənistan silahlı qüvvələrinin hücum etdiyi və ya raket zərbələri endirdiyi məntəqələri dərhal məhv etmək hüququna malikdir:
“Bu yolla həm humanitar atəşkəsə riayət etmiş olarıq, həm də düşmənin əks-hücumunun qarsısın ala bilərik. Düşmənin hücum istiqamətini atəş vasitələri ilə məhv etməklə, əslində, humanitar atəşkəsi təmin edə bilərik. Ümumiyyətlə, atəşkəs 1907-ci il Haaqa Konvensiyası ilə tənzimlənir. Atəşkəs müddətsiz və müddətli ola bilər. Atəşkəs müddətlidirsə, heç bir halda pozula bilməz. Tərəflərdən biri atəşkəsi pozmaq istəyirsə, ən azından qarşı tərəfi xəbərdar etməlidir. Bunu ona görə deməlidir ki, hücum zamanı mülki şəxslər yaralanmasın, həlak olmasın. Müddətsiz atəşkəsdə isə tərəflərdən biri həmin atəşkəsi ciddi şəkildə pozduğu təqdirdə bu, qarşı tərəfə hərbi əməliyyatları başlama hüquq verir. Haaqa Konvensiyasının 40-cı maddəsi ilə bu tənzimlənib. Onu da deyim ki, Haaqa Konvensiyasının bu tələbi həm də atəşkəsi pozan tərəfdən kompensasiya tələb etmə haqqı doğurur. Yəni mövcud vəziyyətdə Azərbaycan həm yenidən əks-hücum əməliyyatlarına başlaya, həm də Ermənistandan ciddi kompensasiya tələb edə bilər”.
Tarix
2020.10.13 / 13:36
|
Müəllif
Turan Rzayev
|