Axar.az
Yuxarı

Bir tərəfdə qalib lider, digər tərəfdə yalançı və avantürist...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan RİA Novosti agentliyinə müsahibə veriblər. Ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb.

1-ci sual: Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?

Prezident İlham Əliyev cavabında öncə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verir, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərir, Azərbaycan Ordusunun uğurları barədə danışır və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində əməliyyatların davam etdiyini deyir. İtkilərə gəldikdə, dövlət başçısı dinc əhalinin statistikasını təqdim edir və hərbçilər arasında itkilər barədə hərbi əməliyyatların qızğın fazası bitdikdən sonra məlumat veriləcəyini diqqətə çatdırır.

Baş nazir Nikol Paşinyana sual verilir, lakin mahiyyəti üzrə cavab alınmadığına görə, sual bir daha izah formasında verilir. Aydın görünür ki, Paşinyan baş verənləri ayıq qiymətləndirmək, təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir. Onun cavabını isə qısaca belə ifadə etmək olar ki, həlak olanlar çoxdur, bu, XXl əsrdə presedentsiz müharibədir, Türkiyə və Azərbaycanın qısa müddətdə Dağlıq Qarabağı nəzarətə götürmək planı baş tutmadı.

İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edir, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə aparıldığını göstərir və özünə güvənən, fikirlərinin həqiqiliyində əmin olan, qəti mövqe ortaya qoyan qalib lider kimi danışır. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır.

2-ci sual: Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar?

İlham Əliyev Azərbaycan Ordusunun böyük potensiala malik olduğunu bildirir və bu potensialı dəfələrlə artırmaq imkanını diqqətə çatdırır. Ermənistanın darmadağın edilmiş hərbi texnikasının nümunəsində tam məntiqli şəkildə qeyd edir ki, muzdlular bunu etmək üçün heç bir kvalikasiya və texniki imkanlara malik deyillər. Azərbaycan terrorla mübarizənin ön cərgələrində gedən dövlətdir və terrorçuların ölkə və qonşular üçün təhlükə yaratmasına imkan verə bilməz. Bu günə kimi heç kim Azərbaycan tərəfindən muzdluların iştirakına dair heç bir fakt təqdim etməyib. Qəti cavab: Azərbaycanda heç bir muzdlu yoxdur.

Ermənistanın baş naziri Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı heç bir fakt təqdim edə bilmir, xarici mediada ümumi sözlərdən ibarət materialları və feyk məlumatları buna əsas kimi göstərir. Avantüra xarakterli cavabında Paşinyan Türkiyənin, hətta Pakistanın hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürür, Türkiyə amilini artıq “sübut olunmuş fakt” kimi təqdim edir. Nə qədər gülünc görünsə də, baş nazir müharibənin başlama səbəbini onunla izah etməyə çalışır ki, guya Azərbaycan Ordusu Dağlıq Qarabağdakı silahlı birləşmələrə qarşı vuruşmağa qadir olmadığına görə Türkiyə müharibəyə başlamaq barədə qərar verib. Açıq aydın görünür ki, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm qarşısında məğlubiyyətini əsaslandırmaq üçün Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə çalışır. Yəni, Azərbaycanın uzun illərdir Dağlıq Qarabağdakı qondarma rejimlə deyil, Ermənistanla qarşı-qarşıya durduğu barədə dünyaya bəyan etdiyi həqiqəti çox bəsit şəkildə “Ermənistan-Dağlıq Qarabağ tandemi Türkiyəyə qarşı” fantaziyası ilə əvəzləməyə cəhd göstərir.

Bundan başqa, Paşinyan guya Türkiyədən gələn yaraqlıların artıq Dağıstanda göründüyü və məhv edildiyini deyir, bu amili suriyalı yaraqlıların Azərbaycan tərəfindən münaqişədə iştirakı ilə əlaqələndirir və qarşıdurmanın coğrafiyasının genişləndiyi, onun regional xarakter aldığı iddiası ilə Rusiyanın üzərinə yük qoymaq istəyir, rəsmi Moskvaya nə etməli olduğu barədə mesaj verməyə çalışır.

Paşinyanın cavabı heç bir fakt tapa bilmədiyinə görə icrası çətin olan sifarişi yerinə yetirmək üçün məhdud fantaziyasını işə salmış orta statistik jurnalistin yazdığı cızmaqaraya oxşayır. Görünür, Paşinyan təkcə baş tutmamış baş nazir, siyasətçi deyil, həm də yarımçıq jurnalistdir. O, jurnalist məqaləsini diplomatik nitqdən fərqləndirə bilmir, hesab edir ki, daxili auditoriyaya ötürdüyü yalanları həm də bütün dünyaya bəyan edə bilər. Siyasi savadı, idarəçilik təcrübəsi olmayan, məhdud dünyagörüşlü Paşinyan həqiqətən də hesab edir ki, daxildə istifadə etdiyi yalanları nöqtə-vergülünə dəymədən beynəlxalq auditoriya qarşısında səsləndirərək Ermənistanın işğalçı siyasətini hədəfdən yayındıra bilər. Bütün dünya erməni terroru haqda geniş məlumata malik olduğu, məhz Ermənistanın terrorçuların, yaraqlıların xidmətlərindən istifadə etdiyi və Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini bildiyi halda, Paşinyan bəsit şəkildə 30 illik Azərbaycan həqiqətini elə Azərbaycanın özünə qarşı çevirməyə çalışır.

3-cü sual: Oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmada baza prinsipləri xatırladılır. Xahiş edirik bu prinsipləri açasınız, siz onları necə başa düşürsünüz?

Prezident İlham Əliyev qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də onun mahiyyəti barədə məlumat verir. Aydın şəkildə göstərir ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb. Paşinyan hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyuldu, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərildi və ümumiyyətlə danışıqlar prosesinə böyük zərbə vuruldu. Bundan başqa, Ermənistanın yeni hakimiyyəti aqressiv ritorika ilə heç bir güzəşt olmayacağını bəyan etdi və açıq şəkildə yeni işğal planlarını reallaşdırmağa başladı.

Azərbaycan Prezidentinin natiqlik məharəti, diplomat təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur.

Sual oluna bilər ki, nəyə görə Prezident İlham Əliyev baza prinsiplərinin detalları barədə danışa bilir, atılacaq addımları göstərir, amma Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır. Ermənistanın baş naziri “məsələ ondadır ki, bu prinsipləri tərəflər necə interpretasiya edir” deməklə cavabdan qaçır və heç bir detal barədə məlumat vermir. Çünki bu detallar münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın satatusu məsələnin həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və buna görə də sualdan ümumi cavablarla yayınır.

Sual 4: Əgər kompromisslər haqqında danışsaq, siz hansı kompromisə hazırsınız? Elə bir xətt varmı ki, siz heç bir halda onu keçməyəcəksiniz?

Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçımız onu da diqqətə çatdırır ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir. İlham Əliyev Azərbaycanın digər yaşayış məntəqələrində, Rusiyada, Gürcüstanda bu nümunələrin olduğunu göstərir və nəyə görə eyni vəziyyətə Dağlıq Qarabağda nail olmağın mümkün olmadığını sual edir.

Prinsipcə, İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir.

Eyni sual Paşinyana üç dəfə verilir. Ermənistanın baş naziri ya sualı başa düşmür, ya da özünü eşitməzliyə vuraraq sualdan yayınmağa çalışır. Birinci dəfə o, kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Aydın görünür ki, Paşinyan kompromis və “qırmızı xətt” anlayışlarını qarışdırır. Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan bu dəfə də kompromis barədə sualı cavabsız qoyur. Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir deyir ki, “biz Azərbaycanın hazır olduğu proporsional kompromisslərə hazırıq”.

Kompromis barədə sualın üç dəfə təkrarlandığı və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, onda Prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır. İnkarçılıq mövqeyi tutaraq irəli addım atmaq istəməyən qarşı tərəflə hansı danışıqlar aparmaq olar?

Sual 5: Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiz. Tarixdə necə qalmaq istəyərdinz?

Prezident İlham Əliyevin böyük siyasətçi, mahir diplomat kimi suala müfəssəl cavab verir. Dövlət başçımız bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə bu işğalçı müharibədir. Dağlıq Qarabağdakı silahlı birləşmələrin 90 faizinin Ermənistan vətəndaşları hesabına komplektləşdirildiyini diqqətə çatdıran İlham Əliyev bu gün beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərində Ermənistanın işğalçı qüvvələrinin olduğunu diqqətə çatdırır. 30 il ərzində azərbaycanlıların öz torpaqlarına buraxılmaması nə beynəlxalq hüquq, nə də ki insan mənəviyyatı baxımından izah oluna bilməz. Fərq bundadır ki, Azərbaycan əsgəri öz torpağında və bu torpaq uğrunda həyatını qurban verir, Ermənistan əsgəri isə onun hakimiyyətinin işğal altında saxladığı başqa ölkənin ərazisində ölür. Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür. Bu suala cavabı rəyini rəhbər tutduğu və iradəsini ifadə etdiyi xalq verə vilər.

Paşinyan isə bu suala cavab verə bilmir. Heç bir aidiyyəti olmadığı halda, bu məsələnin şəxsi ambisiyalarla bağlı olmadığını deyir. Eyni zamanda, münaqişənin özünün də ya anlamadığı, ya izah edə bilmədiyi, ya da ki şüurlu şəkildə qaçdığı kompromis əsasında həll olunması məsələsinə toxunur.

Sual 6: Sərbəst sual

Dövlət başçılarının bu suala cavabları da İlham Əliyevlə Nikol Paşinyan arasında dərin uçurum olduğunu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev Rusiya auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəkilik barədə qısa, lakin müfəssəl məlumat verir. Həmçinin, hazırkı dövrdə Azərbaycanın Rusiyaya münasibəti və Azərbaycan-Rusiya əlaqələrinin mahiyyətini çatdırır.

Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur. Prezident İlham Əliyevin bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu imkanı öz avantürasını davam etdirmək üçün fürsət kimi istifadə edir. Onun Türkiyənin Cənubi Qafqaza ekspansiyası və Rusiyanın maraqlarına təhdid olması barədə iddiaları daha çox Rusiyanı münaqişəyə cəlb etmək və onun hesabına hər hansı üstünlük qazanmaq məqsədi güdür. Lakin Paşinyan unudur ki, Rusiyanın siyasi rəhbərliyi mövcud reallığı onun qurduğu fantastk ssenarilər əsasında deyil, müvafiq orqanların vəziyyəti öyrənməsi və dərindən təhlil etməsi əsasında qurur. Üstəlik, bir gün öncə Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışıqları və Prezident İlham Əliyevin müsahibəsində Rusiyanın ünvanına dəqiq mesajları bu tipli uydurmaları mənasız edir.

Ümumi nəticə: Müsahibələr onu deməyə əsas verir ki, Rusiya auditoriyası İlham Əliyevin simasında bir tərəfdən təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür. Digər tərəfdə isə özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, zəif mövqe və məhdud potensial səbəbindən həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, hələ də yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən, cılız və miskin Paşinyan.

Tarix
2020.10.16 / 14:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər ölülərimizə qarşı da müharibə aparır

Putin Qarabağa görə TŞ-ni topladı

Kasset tipli silahla olmaz: guya adi raketlə olar? - Politoloq

İlham Əliyev fərman imzaladı

Prezident buna görə komendantlıqlar yaratdı... – Şərh

Ordumuz dünyanın ən güclü RLS-ini məhv etdi

Hitler və Paşinyan: bənzər davranışlara dair faktlar

Dedik ki, Qarabağa sülhməramlı... - Kreml

Nikolun NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində... - Foto

Bu ərazilər azad edildi - Təcili

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla