Ana səhifə Siyasət |
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara xoşbəxtlik və firəvan həyat arzulayıram.
Axar.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri qeyd edib ki, arzuların çin olması qadınlarımızdan da çox asılıdır:
“Kaş ki, bəzi xanımlarımızın düşündüyü kimi onlara layiq olduqları gözəl həyatı kişilər yarada biləydi. Amma təəssüf ki, reallıqda bu mümkün deyil. Qadınlarımız ərlərini, ata və qardaşlarını, oğullarını başlarını aşağı salıb “özlərini qorumağa”, bununla da cəmiyyəti mütiləşdirməyə aparmağa yox, onları haqsızlığa göz yummamağa, hüququ pozulanların yanında olub ədaləti müdafiə etməyə çağırmalı, onlarla birlikdə güclü hüquqi dövlət, mülki cəmiyyət quruculuğu prosesində fəal iştirak etməlidirlər. Yalnız bu zaman böyük tərəqqiyə və uğurlara imza ata bilərik. 44 günlük Vətən müharibəsi zamanı biz qadınlarımızın öz ata və oğullarını, ərlərini, qardaşlarını necə mətanətlə müharibəyə yola salmasını gördük və onlarla qürur hissi keçirdik.
Vətən müharibəsində əzizlərini itirmiş bütün qadınlarımıza bir daha dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyirəm.
Allah bütün qadınlarımızı arzularına çatdırsın”.
Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasının son qurultayına və burada müzakirə olunan, diqqətini cəlb edən məqamlara da münasibət bildirib.
BAXCP sədri bildirib ki, qurultayda ilk növbədə YAP-ın rəhbərliyində nəsil dəyişməsi baş verdi və bu böyük hörmətlə edildi:
“Estafeti gənc nəslə təhvil verən yaşlı nəslin təcrübəsindən istifadə edilməsi və onlara yüksək dəyər verildiyini göstərmək üçün Ağsaqqalar Şurası yaradıldı. Ən çox bəyəndiyim məqam bu idi. Vətən müharibəsində şanlı qələbəmizdən sonra siyasi partiyaların təmərküzləşməsi istiqamətində atılan addım, 6 partiyanın YAP-a birləşməsi də xüsusi qeyd olunmalıdır. Bunu həm də proqram və nizamnamələri oxşar olan digər siyasi partiyalar üçün yaxşı nümunə hesab etmək olar. Azərbaycanda bütün siyasi cərəyanlara bağlı, onları əhatə edən 4-5, maksimum 6 güclü siyasi partiya olmalıdır. YAP-ın son qurultayında dövlət hakimiyyət orqanlarında, xüsusilə parlamentdə YAP-ı təmsil edən çoxlu sayda millət vəkilinin rəhbər orqanlara seçilməsi də təqdirəlayiq haldır. Həmin həmkarlarımı və yeni seçilən YAP rəhbərliyini təbrik edir, onlara Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzu edirəm”.
Qüdrət Həsənquliyev qeyd edib ki, YAP-ı təmsil edən bütün hökumət üzvləri və digər yüksək çinli rəsmilər də iqtidar partiyasının siyasətini müəyyən edən, partiyanın ali orqanlarında təmsil olunub həmin prosesdə iştirak etsəydilər, daha yaxşı olardı:
“YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə növbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı partiyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik”.
BAXCP sədrinin sözlərinə görə, qurultayda diqqət çəkən daha bir mühüm məqam Prezidentin digər siyasi partiyalarla əməkdaşlıq barədə verdiyi açıqlama olub:
“Bu açıqlama çox ümidvericidir və siyasi islahatların genişləndirilməsinə, siyasi sistemin daha da güclənməsinə yol açacaq”.
Tarix
2021.03.08 / 12:08
|
Müəllif
Axar.az
|