Axar.az
Yuxarı

KTMT müdaxilə etsə, NATO üzvü Türkiyənin rolu...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Başkənd Universitetinin müəllimi Dr. Haluk Qaradağın Axar.az-a müsahibəsi:

- Əfqanıstanda mövcud durumu necə dəyərləndirirsiniz?

- Əfqanıstan Asiya coğrafiyasında çox özəl bir mövqeyə sahib olan ölkədir. Bu gün Asiya qitəsində şərqdə Çin ilə, qərbdə İran ilə, şimalda Özbəkistan, Türkmənistan və Tacikistan ilə, cənubda və şərqdə Pakistan ilə qonşu olan Pakistan mərkəzi geosiyasi mövqeyi səbəbindən təxminən son iki yüz ildə böyük güclərin işğalına uğrayıb. 1839-cu ildə başlayan ingilis işğalı 1979-cu ildə SSRİ-nin işğalı ilə əvəz edilib, 2001-ci ildə isə ABŞ-ın buraya müdaxiləsi gerçəkləşib. NATO-nun Əfqanıstana yerləşməsi və ölkədə həyata keçirdiyi əməliyyatlar bir müddət ölkənin böyük hissəsində təhlükəsizliyi təmin etsə də, təşkilat tam şəkildə buna nail ola bilmədi. Dolayısı ilə beynəlxalq iqtisadi böhran nəticəsində ABŞ-ın dünyanın müxtəlif bölgələrində hərbçilərinin sayını azaltma fəaliyyəti NATO-nun Əfqanıstandan çıxması nəticəsini meydana gətirib. Sözügedən durumda son illərdə təsirini artıran və mərkəzi şəhərlər istisna olmaqla, digər yerləri nəzarətində saxlayan Taliban ilə müzakirələr başlayıb. İllərdir ki, NATO qüvvələrinin də dəstəyi ilə Talibana qarşı hökumət qüvvələrində döyüşən və müxtəlif vəzifələri icra edən əfqanlar üçün də bu vəziyyət qorxulu bir hala çevrilib. Nəticə etibarı ilə əfqanlar hissə-hissə ölkədən köç etməyə başlayıblar.

- Taliban Əfqanıstanda bir-birinin arxasınca şəhərləri ələ keçirməyə davam edir. Kritik coğrafi önəmə sahib olan Qunduz, Qəznə və Qəndəhar şəhərləri artıq terrorçuların nəzarətinə keçib. Sizcə, Talibanın irəliləyişi haraya qədər davam edəcək?

- Hazırkı durumda NATO-nun dəstəyi olmadan Əfqanıstan hökumətinin Talibana qalib gəlməsi çox çətin görünür. Bu səbəblə ölkənin Talibanın nəzarətinə keçmə ehtimalı çoxdur.

- Vəziyyətin belə inkişafı Türkiyə üçün hansı nəticələri doğura bilər?

- Talibanın irəliləməsi bayaq da bəhs etdiyim kimi, Əfqanıstan hökuməti və NATO üçün çalışan hər kəsi hədəfə çevirir. Bu səbəblə can qorxusu yaşayan əfqanlar ölkəni tərk etməyə başlayıb. Yaşanan hadisələr ən çox Əfqanıstanla qonşu olan ölkələrə mənfi təsir göstərəcək. İran və Pakistandakı həyat şəraitini bəyənməyən əfqanlar üzlərini Türkiyəyə çeviriblər. İranın sərhəd yoxlamalarını zəiflədərək əfqanları Türkiyəyə yönləndirməsi ölkəmizdəki qeyri-qanuni miqrant sayını artırmaqdadır. Bir də Türkiyədə indi rəsmi rəqəmlərə görə 4 milyona yaxın, qeyri-rəsmi məlumatlara görə isə 7 milyon nəfər qanuni və qanunsuz miqrant yaşayır. Bunların böyük əksəriyyəti suriyalıdır. Miqrantların çoxluğu Türkiyəni əfqanlar üçün cazibə mərkəzi halına gətirməkdədir.

- Sizcə, Türkiyə ilə ABŞ Əfqanıstan məsələsində razılığa gələ biləcəkmi?

- Əslində ABŞ-ın Türkiyəni ən başdan etibarən prosesə daxil etməsi lazım idi. Gəlib-keçən ABŞ iqtidarları isə İraqda olduğu kimi, problemi hərbi yolla həll edə biləcəklərini düşünürdülər. Türkiyə - ABŞ istəsə də, istəməsə də - bu problemə müdaxilə etməlidir. Əks təqdirdə Əfqanıstandan gələn yeni köç dalğaları ən çox Türkiyəyə təsir edəcək.

- Əfqanıstan məsələsində, Suriyada olduğu kimi, Astana prosesinə bənzəyən yeni bir mərhələnin başlaması mümkündürmü?

- Qısa vaxtda belə bir mərhələnin başlaması çətin görünür. Əfqanıstandakı mövcud hökumət ilə Taliban arasında yaşanan ikibaşlı siyasi idarəetmə həlli çətinləşdirməkdədir. Bu vəziyyətin ortadan qaldırılması üçün öncə tək bir siyasi qurum ortaya çıxmalı və sonra görüşlər başlamalıdır. Ancaq Taliban ilə keçiriləcək görüşlər ilə müzakirə mərhələsinin o qədər də asan olmadığı görünməkdədir.

- Rusiyanın müdafiə naziri Serqey Şoyqu açıqlamasında Özbəkistan və Tacikistanın Əfqanıstanla olan sərhədlərinin qarşı tərəfdə Talibanın əlinə keçdiyini və KTMT-nin hər an müdaxiləyə hazır olmasının vacibliyini söylədi. Türkiyə Rusiyanın ən yaxşı şəkildə anlaşdığı NATO ölkəsidir. Sizcə, KTMT-nin Əfqanıstana müdaxiləsi real olsa, NATO və Rusiya arasında bu mövzuda Türkiyənin vasitəçiliyi ilə bir razılıq əldə edilə bilərmi?

- Yaxın müddətdə ABŞ liderliyindəki NATO ilə Rusiya arasında bir anlaşmanın əldə edilməsi çətin məsələdir. Türkiyə Rusiya və NATO arasında vasitəçi rolunu oynaya bilər, ancaq bu, beynəlxalq konyektura, aktorların çoxluğu və mənfəətlərin üst-üstə düşməməsinə görə o qədər də asan deyil. Belə bir anlaşmanın əldə edilməsi əfqanların Avropaya köçünün qarşısını ala və Türkiyənin əlini gücləndirə bilər. Son nəticədə AB üzvü olan dövlətlər beynəlxalq dəstəklə bağlı konsensusa gələ bilərlər.

Tarix
2021.08.13 / 09:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Prezident və xanımı Zəngilanda... - Foto

Zakir Həsənov Kəlbəcər və Laçına getdi - Video

Erməni deputatlar Hacıyevə səs verəcək - "Şou" başladı

Əliyev elan etdi: Zəngəzur dəhlizi açılır

Bayramov Blinkenin köməkçisi ilə danışdı

Türkiyə ilə Nigeriya arasında bir neçə müqavilə imzalandı

Bayramov xorvatiyalı həmkarı ilə görüşdü

Spiker İrəvanı dəstəkləyən Afinaya niyə gedir?

Səfirimiz etimadnaməni Belçika kralına təqdim etdi

NATO nümayəndəsi: Tiflis Bakı və İrəvan arasında...

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla