Ana səhifə Siyasət |
Azərbaycan İranla münasibətlərdə problem istəmir. Ancaq İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanı hədələyirsə, aydındır ki, bunlar cavabsız qalmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu BMT sessiyası çərçivəsində Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə etməsi haqda bildirib.
O qeyd edib ki, Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayıb:
“Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilməzkən, nədən torpaqlar işğaldan azad olunduqdan sonra Tehran həmin məntəqədə təlim keçirməyə qərar verdi?”
Politoloqun sözlərinə görə, mövcud durum Türkiyəni də narahat edir, ona görə üçtərəfli görüşə ehtiyac yaranıb:
“Əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur. Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib ki, görüş yeri kimi İran paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amulinin aşağılayıcı dili ilə deyil, diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər.
İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq. Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyi süni surətdə artırılmasına yol verməməkdir. Misal üçün İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və ya Seyid Amulinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə yaşıl işıq yandıranın zərəri daha çox olacaq. Tehranda anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.
Tarix
2021.09.23 / 22:03
|
Müəllif
Axar.az
|