Proses davam edir. Dünən Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Delimitasiya və demarkasiya prosesini həyata keçirmək, eyni zamanda yekun sülh müqaviləsinə hazırlıq üçün komissiya qurulmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, müzakirələr konkret gündəm ətrafında olmalıdır, əgər yenə Ermənistan gündəmi dəyişməyə cəhd etsə, bu onun zərərinə olacaq:
“İndidən keçiriləcək görüşlərin nəticələri haqqında proqnoz vermək çətindir. Çünki ötən il Rusiyanın vasitəçiliyi ilə ortaq komissiya yaranmışdı, lakin açıq şəkildə demək istəyirəm ki, biz orada bir nəticə əldə etmədik. Azərbaycan aprel ayında Ermənistandan müsbət siqnallar almağa başladı, lakin həmin ayın sonunda rəsmi İrəvan gündəliyi dəyişməyə çalışdı. Ümid edirəm ki, biz artıq Ermənistanla formalaşmış gündəlik üzərindən dialoq və müzakirələri davam etdirəcəyik. Əgər Ermənistan yenidən bu müzakirələrdə “Dağlıq Qarabağ” məsələsini gündəmə gətirsə, uğursuzluğa düçar olacaq. Çünki Qarabağ məsələsi dövlətimizin daxili işidir və Azərbaycan sözügedən məsələni heç bir beynəlxalq platformada müzakirə etməyəcək”.