Bir neçə gündür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 3 və 9 Noyabr küçəsinin sakinləri su problem yaşayırlar. Sakinlər bildirir ki, gün ərzində 3 saatlıq su verilir, lakin çənlərə su çatmır. Məcbur olub, 2 gündən bir su maşını vasitəsi ilə çənləri doldururlar. Bu isə sakinləri maddi cəhətdən çətin vəziyyətə qoyur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti Axar.az-ın sorğusuna cavab olaraq bildirib ki, yaranmış durum yay mövsümündə havaların kəskin istiləşməsi fonunda suya olan tələbatın artması nəticəsində meydana gəlib.
Qurum qeyd edib ki, mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır:
“Hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir.
Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı və Bakı ətrafında pərakəndə salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun çatdırılmasında və rejim tənzimlənməsində əlavə problemlər yaradır. Həmçinin mövcud qanunsuz birləşmələr su təchizatı sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb”.
Qurumdan o da bildirilib ki, yay aylarında 24 saat su alan ərazilərdə qrafikli rejimə keçməklə 12 saat su verilir:
“4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir.
Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur. Həmçinin mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa işlərini yerinə yetirir.
Hazırda əksər ərazilərdə su təchizatı əvvəlki rejimə qaytarılıb”.