Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi
soyqırımının 22 ili tamam olur.
"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri
Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini
işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı
soyqırımı törədib.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində
dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və
hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı
şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas
olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan
ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və
qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər
yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150
nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum
deyil.
Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri
tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət
əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan
edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140
milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan
vurulub.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir
çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və
diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri
ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu
tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks
etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı
həqiqətlərini əks etdirən kitablar sərgilənir.
2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər
Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru
Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası
keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı
faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə
mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını
təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi
www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.