14:16
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.
Axar.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
Bildirilib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində bütün aidiyyəti qurumlar səfərbər olunub, genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa və tikinti işləri həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən indiyədək 120-dən çox küçənin asfalt örtüyü yenilənib, əsaslı təmir işləri görülüb. Yenidənqurma işləri şəhərdəki bir neçə parkı da əhatə edib. Bütün bunlarla yanaşı, küçələrin işıqlandırılması, şəhərin müxtəlif yerlərində yeni yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülüb.
“Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.
***
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
“Azerbazalt” MMC-nin təsisçisi Rafət Əliyev dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat verdi.
Bildirildi ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, 3D printer üçün xammal olan filamenin və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə strateji dəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlə təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq.
Qeyd edək ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.
Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edəcək, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq. Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal zəncirini möhkəmləndirəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar.