Yuxarı

Oğru olmayan ölkədə azərbaycanlı nədən narazıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Vyetnamda ingilis dilindən dərs deyən azərbaycanlı müəllim Sevda Əliyevanın Teleqraf-a müsahibəsini təqdim edir:

- Vyetnama nə zaman və necə getdiniz?

- 2024-cü ilin sentyabr ayından Vyetnamda yaşayıram. Rəfiqəm mənə bir rus agentliyinin sosial şəbəkə səhifəsini göndərmişdi. Bu agentlik dünyanın müxtəlif ölkələrindən olan müəllimlərə Vyetnamda iş tapmaqda kömək edirdi. Mən də bu proqrama müraciət etdim. Daha sonra müəyyən videolar tələb olundu, onları çəkib göndərdim və nəhayət müsahibə mərhələsindən keçdim.

- İlk vaxtlar yaşamaq çətin deyildi ki?

- Hazırda Vyetnamın şimal əyalətlərindən birində yaşayırıq. Buraya gəlməzdən təxminən bir həftə əvvəl son 10 ilin ən güclü tufanı baş vermişdi. Yaşayacağımız küçənin və evin qarşısında dizdən bir qədər aşağıya qədər yağış suyu toplanmışdı. Bu mənzərə mənim üçün qorxulu idi və hətta geriyə dönməyi belə düşündüm. Ancaq rəfiqəmin israrı ilə qaldım. Buradakı həyat mənim düşüncə tərzimi köklü şəkildə dəyişdirdi.

Artıq motosiklet sürürəm. Dünyanın ən qarışıq yol hərəkəti sistemlərindən birinə sahib ölkədə motosiklet sürmək çox fərqli bir təcrübədir.

- Vyetnamda hələ də öyrəşə bilmədiyiniz nələrsə varmı?

- Hələ də alışa bilmədiyim məsələlərdən biri bəzi heyvanların, xüsusilə it və pişiklərin qida kimi yeyilməsidir. Bazardan tərəvəz almağa gedəndə hələ də yolumu dəyişib başqa istiqamətdən yönəlirəm. Sevdiyin bir heyvanın kəsildiyini görmək insanı sarsıdır. Ancaq bu da onların mədəniyyətinin bir parçasıdır və hörmətlə yanaşmaq lazımdır.

- Vyetnamlı şagirdlərlə işləmək necə bir təcrübədir?

- İşimin ən gözəl tərəfi uşaqlardır. Onlar çox mehribandırlar. Dərs fasilələrində ətrafınıza toplaşıb məşhur bir insan kimi sizdən imza istəyirlər.

Vyetnam sosialist ölkəsidir və burada varlı təbəqə çox azdır. İnsanlar xeyirxahdırlar və sahib olduqları hər şeyi sizinlə bölüşmək istəyirlər – bu, bəzən kiçik bir konfet, saç rezini və ya qələm ola bilər.

Uşaqların incəsənət qabiliyyəti çox yüksəkdir. Düşünürəm ki, bu, manqa kitabları oxumaqla bağlıdır. Rəsm çəkməyi çox sevirlər. Hazırda yaşadığım ev müxtəlif oyuncaqlarla və uşaqların mənim üçün çəkdiyi portretlərlə doludur.

- Azərbaycan və Vyetnam təhsil sistemləri arasında hansı fərqləri müşahidə etmisiniz?

- Təhsil sistemi baxımından bir çox fərqliliklər var. Vyetnamda müəllimlər dərsi “PowerPoint” təqdimatları ilə keçirlər. Uşaqlarla dərsdən daha vacib olanı dərsin əyləncəli keçməsidir. Burada valideynlər uşaqlarına “nə öyrəndin?” sualından əlavə, “dərs sənin üçün əyləncəli keçdimi?” deyə də soruşurlar.

Məktəb direktorları xarici müəllimi bəyənmirlərsə, dərhal onu başqa müəllimlə əvəz edirlər. Burada bütün uşaqlar yalnız sağ əllə yazmalıdırlar. Əgər bir uşaq solaxaydırsa, yazı tərzini dəyişməyə məcburdur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dərslərdə asanlıqla iştirak edirlər və digər şagirdlər onlara bu prosesdə kömək edirlər.

Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda nə valideynlər, nə müəllimlər, nə də uşaqlar bu kimi proseslərə kifayət qədər hazırdır.

- Sizcə, orada müəllim olmaq daha rahatdır, yoxsa Azərbaycanda?

- Azərbaycanda orta məktəbdə dərs deməmişəm, ancaq universitet və kollecdə müəllim işləmişəm. Fikrimcə, universitet və kollecdə dərs demək məktəbdən daha rahatdır. Buna baxmayaraq, Vyetnamda məktəbdə dərs demək Azərbaycanda universitetdə dərs deməkdən daha rahatdır.

Təəssüf ki, Azərbaycanda vəzifə öhdəliklərini yerinə yetirməyən çoxlu təhsil işçiləri var – bunu hər zaman deyəcəyəm.

- Vyetnam mədəniyyəti sizi nə ilə təəccübləndirdi?

- Vyetnamda məni ən çox təəccübləndirən məsələlərdən biri oğurluq hadisələrinin olmamasıdır. Dəfələrlə evimizin qapısını açıq qoymuşuq, motosiklet və velosipedlərimizi çöldə saxlamışıq, amma heç kim toxunmayıb.

İnsanlar çox yardımsevərdir. Yolda bir problem yaşasanız, əmin olun ki, bir vyetnamlı mütləq sizə kömək edəcək. Evə dəvət edib yemək yedizdirməkdə çox israrlıdırlar. İşlədiyim mərkəzin rəhbəri, dəvətini beş dəfə rədd etməyimə baxmayaraq, altıncı dəfə məni evlərinə aparıb yeməyə qonaq etməyi bacardı.

- Əsas yeməklərlə aranız necədir?

- Vyetnam yeməklərini çox sevirəm. Xüsusilə “Pho Ga”, “Com Chien” və “Banh Mi” mənim favorimdir.

- Yerli insanlar azərbaycanlı olduğunuzu eşidəndə necə reaksiya verirlər?

- Təəssüf ki, Azərbaycana dair heç bir bilgiləri yoxdur. Adını eşidəndə dərhal telefonda axtarıb baxırlar. Bəzən pul vahidimiz olan manata baxıb təəccüblənirlər. Dollarla müqayisə edirlər və 2015-ci ildən bəri sabit qaldığını öyrəndikdə çox təəccüblənirlər. Halbuki onların pul vahidi (VND) belə deyil.

- Şagirdlərinizlə aranız necədir?

- İxtisasımla əlaqəli olaraq uşaqları çox sevirəm, onlarla vaxt keçirmək, oyun oynamaq mənim üçün çox maraqlıdır. Mənim adımı deyə bilmirlər deyə, mənə “Sofie” və ya “Sofia” deyə səslənirlər.

Bəzən yaşadığım məhəllənin qarşısına gəlib, “Sofia” deyib məni eyvandan çölə çağırırlar, sonra futbol oynayıb mənə “Ronaldo, yoxsa Messi?” sualını verirlər. Mən “Messi” deyəndə bir qrup qışqırıb sevinir, digəri isə əllərini üzlərinə tutub ağlayırmış kimi hərəkət edir.

- Azərbaycana qayıtmaq istəyirsinizmi, yoxsa Vyetnamda qalmağı düşünürsünüz?

- Vyetnamı çox sevirəm və hələlik burada qalmaq fikrindəyəm.

Tarix
2025.09.19 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan nümayəndə heyəti ilə Bakıya gəldi - İlk dəfə

Ruanda prezidenti Azərbaycana gəldi

Şərhlərə görə həbslər – Azərbaycan neçənci yerdədir?

Bakı 14 tələbəni Qəzzadan təxliyə etdi - Foto

Bakıdan İrəvana getdi

Bu orden 33 ildir heç kəsə verilməyib: İlham Əliyev alsın!

Türkiyə-Rusiya ittifaqı? - Baxçalının təklifi ölkəni silkələdi

20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir

Ayfon-17-lərin Bakıdakı qiyməti – Tam siyahı

Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla