Bəzən çoxarvadlılıq mövzu olaraq gündəmə gətirilir. Bu
mövzu bu gün nə qədər aktualdır? Qanunlarla şəriət arasındakı
fərqli reallıq nə qədər keçərlidir? Ümumiyyətlə, çoxarvadlılığa
münasibət necədir?
Tanınmışlar bu mövzu ilə bağlı fikirlərini "Axar.az"a
danışırlar.
Biz azad bir cəmiyyətdə yaşayırıq
Yazıçı
Kənan Hacı çağdaş şəraitdə çoxarvadlılığa normal baxır: "İndi
qurulan ailələr təəssüf ki, tez dağılır. Azad cəmiyyətdə yaşayırıq,
imkanı olan kişilərin əksəriyyəti vətəndaş nikahı əsasında
münasibət qururlar. Onsuz da kişilər nikahdankənar hansısa qadınla
münasibətdə olurlar. Bu baxımdan çoxarvadlılığa heç də pis
baxmıram".
Azərbaycan qanunları belə bir hüququ
tanımır
Millət
vəkili Zahid Oruc: "Azərbaycan qanunları belə bir hüququ tanımır,
üstəlik, qadınlarımızın min ildən bəri kişilərlə eyni hüququ
paylaşması haqqı da imkan vermir ki, rəsmi olaraq belə addım
atılsın. Baxmayaraq ki, islam hüququnda məsələyə bəlli tarixi baxış
ətrafında hələ də dartışma gedir, bununla belə, azərbaycanlı
ailələrin modeli belə gerçəkliyə qətiyyən hazır deyil".
Millət vəkilinin fikrincə, gizli izdivaclar, kənar həyatdan
doğulan körpələr bir sərt reallıq kimi qarşımızda durur:
"Bununla bərabər, qanunla bunu təsbit etmək və poliqamiyanı
qanuniləşdirmək əsil ictimai sülhü və birgəyaşayışı zərbə altında
qoyar. Daha əxlaqlı yaşamanın və kişi xəyanətlərinin aradan
qalxması bu yolla mümkün ola bilər, lakin əks arqumentlər də sübut
edər ki, ikiarvadlılıq təmiz ömür sürməyin optimal modeli
deyil".
Formal ailə bütün cəmiyyətlərin düşmənidir
Gənc yazar Aysel Əlizadə:
"Çox
üzülürəm ki, bu qədər inkişaf edən bir dünyada çoxarvadlılıq hələ
də mövzu olaraq qalır. Çox insanlar dürüst ailə modelinin qorunması
uğrunda çalışırlar. Yalançı ailə heç kimi xoşbəxt etmir, edə
bilməz. Bizim cəmiyyət ailəni qanun kimi qəbul edir. Əslində,
söhbət ayrı yaşaya bilməyən iki insandan, sevgidən gedir. Formal
ailə bütün cəmiyyətlərin düşmənidir".
Çoxarvadlılığın yeganə
səbəbi
Aysel Əlizadə kişiləri çoxarvadlılığa sürükləyən səbəblərdən
birini də sevgisiz ailə qurmaqda görür: "Bir tək sənəddə evlilik
haqda möhür var deyə, yad adamla bir yatağı paylaşmaq fikrini
anlamıram. Bunun yaratdığı psixoloji travmalar ümumilikdə cəmiyyəti
xəstələrin, əsəbi adamların, nevrozların məkanına çevirir. O
ailədən doğulan uşaqlar da cəmiyyətə fayda verə bilməz, necə ki,
vermir. Ondan sonra da kişinin nə vaxtsa rastına ürəyinə yatan bir
qadın çıxır, onunla yaşamağa başlayır. Evdəki bədbəxt də həm qadın,
həm də insan kimi puç olub gedir. Çoxarvadlılığın yeganə səbəbi
dürüst olmayan ailə münasibətləri, sevgisizlik, uyumsuzluqdur".
Arvad - əri ovudan deməkdir
Tanınmış
şair Akif Əhmədgil də ikiarvadlılığa pis baxmadığını dedi:
"Quranda 4 arvad almağa icazə verilir. Əgər kişi həqiqətən də
arvadlarını həm maddi-mənəvi, həm də fizioloji baxımdan təmin edə
bilərsə, onlara ev-eşik ala bilərsə, niyə də bir neçə arvadı
olmasın?
Kişinin xarakterindən aslıdır hər şey - övladların tərbiyəsi də,
qadınlarının bir-biri ilə yola getməsi də. Elə adam da var ki, heç
bir arvad da alıb saxlaya bilmir. Sevimli müəlimimiz Şirməmməd
Hüseynov bizə deyirdi ki, biz "evlənmək" sözündəki bir şeyə diqqət
verməliyik. Əvvəlcə "ev", sonra "lənmək", sonra da ailə qurmaq,
arvad almaq lazımdır".
"Arvad" sözü - "əri ovutmaq" deməkdir. Bir qadın əgər bacarıb
ərini ovuda bilmirsə, ikincini də almaq olar, amma yenə də deyirəm,
gərək təminatı ola və arvadlar bir əri paylaşmağa razı olalar".
Tanınmış
müğənni Arzu Rzayev:
"Sevgi varsa, çox normal baxıram, hər kəs öz tərbiyəsi
çərçivəsində bunu dəyərləndirə bilər".