Pakistanın İslamabad şəhərində ASAN Xidmət mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Bildirilib ki, "Pakistan ASAN xidmət" mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzdə ASAN Xidmət standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.
Mərkəzin girişində isə Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.
Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan ASAN Xidmət mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.
Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla ASAN xidmət modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə - İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da ASAN Xidmət modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.