Azərbaycanda məktəblərdə geyim qaydaları ilə bağlı məsələ yenidən ictimai diqqət mərkəzinə çevrilib. Xüsusilə şagirdlərin vahid məktəbli formasına əməl etməsi ilə dini geyim seçimi arasında yaranan fikir ayrılıqları geniş müzakirələr doğurur. Bəzi tərəflər təhsil müəssisələrində ümumi qaydaların qorunmasının vacibliyini vurğulayır, digərləri isə valideynlərin və şagirdlərin inanc və fərdi seçim hüquqlarının nəzərə alınmasını ön plana çəkir. Mövzu həm hüquqi, həm də sosial aspektdən cəmiyyət üçün həssas və aktual olaraq qalır.
Sözügedən mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Axar.az-a açıqlamasında bildirib ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların dini ibadətlərə məcburi qaydada yönləndirilməsi məsələsinə məhdudiyyət qoyur:
“Amma bunun hansısa bir dinin təbliği, yaxud dini inancın insanlara aşılanması, zorakılıq olmadan təlqin edilməsinə aidiyyəti yoxdur. Dinin əxlaqi tərəflərinin uşaqlara danışılmasında problem görmürük. Amma yetkinlik yaşına çatmayan uşaqların məcburi dini geyimləri daşıması və xüsusilə, həmin dini geyimlərlə məktəbə getməsi qanunla nəzərdə tutulan müəyyən addımların atılmasını tələb edir. Qanunvericiliyin tələblərinə isə bütün vətəndaşlar, o cümlədən, bu kateqoriyaya aid olan insanlar əməl etməlidir”.
İlahiyyatçı Elşad Miri isə saytımıza açıqlamasında vurğulayıb ki, uşaqların uşaqlığını yaşaması daha doğrudur:
“Biz onlara hər hansı formada öz düşüncələrimizi aşılamaqla onları yönləndiririk və bizim istədiyimiz insan kimi formalaşmağını istəyirik. Uşaqları sərbəst buraxdığımız zaman azad fikirli olurlar və sərbəst yetişirlər. Öz düşüncələrini daha rahat ifadə edə bilirlər”.
Elşad Miri ibtidai sinfə gedən uşaqların hicabdan istifadəsinin tərəfdarı deyil:
“Məktəblilərlə bağlı belə qadağa olmasının da tərəfdarı deyiləm. Lakin dini tərəfdən uşaq yaşlarda bunlar vacib deyil. Bəziləri deyir ki, onda uşaqlarımızın qısa ətək geyinmələrinə razı olaq. Biz indi ibtidai, yaxud orta sinif uşaqlarının qısa ətəklərini müzakirə edə bilmərik. Adı üstündə: onlar uşaqdır.
Lakin 10-11-ci sinifdə oxuyan yeniyetmə öz istəyi ilə başını örtürsə, buna hörmətlə yanaşmalıyıq. Məktəbdə müzakirə olunmalı əsas məsələlər bunlar deyil. Məktəbdə elm, təhsil, təlim-tərbiyə müzakirə edilməlidir. Məktəblər bunlarla önə çıxmalıdır, forma və ya baş örtüyü ilə yox”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" istiqaməti üzrə hazırlanıb.
