Sultan Səncər dönəmində Bizans imperatoru ara-sıra
Anadoludakı müsəlmanların üzərinə hücuma keçərək Meyyafarik
bölgəsində yaşayan insanları əsir alıb, şəhəri də talan edir. Zülmə
məruz qalan yerli əhali Bizans istilasından qurtarmaq üçün Sultan
Səncərə bir fəthnamə göndərərək, ondan kömək istəyirlər. Sultan
məktubu alan kimi ordusu ilə hərəkətə keçərək Bizans imperatoruna
bir məktub yazır. Sultan Səncərin məktubunu alan Bizans imperatoru
əsiriləri azad edir və sultana da qiymətli hədiyyələr
göndərir.
Axar.az admiral.az-a istinadən məktubun mətnini təqdim
edir:
"Eşitdim ki, müsəlman məmləkətinə hücum edib onların bir
hissəsini qılıncdan keçirib, geridə qalanlarını da əsir almısan.
Şeytanın verdiyi qürurla əhalinin mallarını yağmalayıb, aparmısan.
Ancaq bunun nəticəsini düşünməmisən.
Sevgili peyğəmbərimiz Allah-u Təalanın əmriylə haqqı aşikar
etdi. Bütün aləmin qaranlıqda olduğu bir vaxtda Allah-u Təalanın
inayəti ilə qısa bir vaxtda bu dinin əsərləri hər tərəfə yayılaraq
Şərqə, Qərbə kimi gedib çatdı. Dörd böyük xəlifə zamanında İslamın
nuru Anadoluda (Rum diyarında) və Ebxazda görünəndə insanların əli
onlara yetişdi. Buna qarşı gələnlər peşman oldular. Neçə dəfə
birləşib müqavimət göstərmək istədilərsə, nail ola bilmədilər.
Ayəti kərimədə deyildiyi kimi "Onlar Allahın nurunu öz ağızlarından
(çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna
gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır"(Səf surəsi,8).
İslama düşmənçilik edən erməni, Rum və slavların
qılınclarımızdakı qanları hələ qurumayıb. Çox şükür, bu gün
əsgərimiz və gücümüz irəliki illərə nisbətən çox güclüdür. Hər
məmləkətimizi bir oğlumuz və ya naibimiz idarə edir. İraq,
Ərəbistan, Şam, Məğrib və Misir vilayəti bizim idarəmiz altındadır.
Bu ölkələri Rum diyarına kimi zəbt etdik. Belə bir vaxtda
Mavənnəhrə Türküstandakı naibimizin vəfat ediyinin və oraların da
Maçinə qədər başsız qaldığı xəbərini aldıq. Bu məqsədlə də oraları
tənzimləyərək yeni naib göndərməyi düşünürdük. Ancaq əsirlərin
məktubunu alınca dərhal Rum tərəfinə dönərək belə bir qərar
verdik:
Heç bir yanda durmayıb Meyyafarikə yetişək ki, İslamın və
Allah-u Təalanın haqqı üçün Rum hökmdarı bütün əsirləri xoşluqla
azad edib, İslam məmləkətindən aldıqlarının hamısını geri verərək
üzr istəməsə, o zaman əmr edərəm ki, bütün Rum qapısına qədər olan
məmləkətlərdə məskunlaşan xristianların hamısını qılıncdan keçirib,
bütün kilsə və məbədləri yerlə bir etsinlər. Bununla da yetinməyib
yenə əmr edərəm ki, Şərqdən Qərbə qədər, dənizdə və quruda olan
Sind, Hind, Türk və Əcəmlər böyük ordularını Rum tərəfinə
göndərsinlər. Onların da çoxluğunda çöllərdəki heyvanlara, havadakı
quşlara yer qalmayacaq və bundan sonra da Büklümüzü (paytaxt)
Konstantiniyyəni edək və rum əsgərlərindən bir nəfəri belə sağ
buraxmayaq, bütün rumluları idarəetmədən və əsgərlikdən uzaq
tutacağıq. Bununla da Allah-u Təalanın yardımıyla İslam millətinin
ibadət yeri olan məscid və minbər Rumun qəlbində yer tutsun.
Allah-u Təalanın izzət və cəlali ilə, peyğəmbərlərin sərvəri
Məhəmməd əleyhissəlam hörmətinə və şəhid Sultan Məlikşah haqqı üçün
söz verirəm ki, əgər əmr etdiyim kimi əsirlərin hamısı vətənlərinə
və yurdlarına dönməzsə, aləmlərə ibrət olsun deyə, bu yazdıqlarımın
hamısını bir-bir həyata keçirəcəm. Biləsən ki, Meyyafarikindən
etibarən Konstantiniyyəyə kimi heç bir yerdə dayanmayacağam".