Yuxarı

Deputat oğlunun cinayəti ört-basdır edildi, yoxsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deputat Ayaz Orucovun oğlunun 4 ay öncə bir maşına atəş açması ilə bağlı iddianın təkzib olunması və bunun adi "gənc oğlanların şıltaqlığı" kimi qeydə alındığını bildirməsi qarşı tərəfi növbəti dəfə dinləmək zərurəti yaratdı.

Əslində, iddia edilən cinayət faktı ilə əlaqədar suallar çoxdur. Əvvəla, niyə iddiaçı tərəf hadisənin üstündən 4 ay ötəndən sonra məsələni ictimailəşdirməyə qərar verir? İkincisi, maşınına güllə atıldığı deyilən Ramilə Süleymanovanın iddiaçılar sırasında olmaması, "pulunu alıb, iddiasından geri çəkilməsi" barədə fikirlər niyə araşdırılmır? Üçüncüsü, niyə bu məsələ ictimailəşəndə "102" qaynar xəttinə edilən müraciət əsasında hadisə yerinə gəldiyi bildirilən Binəqədi RPİ-nin 7-ci və Nəsimi RPİ-nin 19-cu polis bölmələri ümumiyyətlə hadisədən xəbərsiz olduqlarını bildirdilər? Və nəhayət, niyə DİN mətbuat xidməti bu barədə açıqlama vermədən, Baş Prokurorluqla əlaqə saxlamağı məsləhət görsə də, sonradan açıqlama yaydı?

Deputat oğluna qarşı iddia və hadisə

Zərərçəkən olduğunu bildirən Aynurə Cəfərova iddia edir ki, deputat Ayaz Orucovun oğlu "Mersedes Qalenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı şəxsi maşınından Ramilə Süleymanovanın idarə etdiyi "Nissan Juke" markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu və Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməkdaşları gəlib, araşdırma başlanılıb. Amma istintaq cinayət işinin açılmasından imtina edib.

Polis bölmələri niyə faktı gizlətdi?

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən sahə rəisi Əzənqulu Ağayev "Axar.az"a açıqlamasında bu haqda məlumatının olmadığını söyləmişdi. Polis bölməsinin növbətçi hissəsindən isə ümumiyyətlə bu barədə polis bölməsinə heç bir şikayət ərizəsi daxil olmadığını bildirmişdilər.

Zərərçəkən tərəfin adını hallandırdığı digər - Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin növbətçi hissəsindən də bu haqda məlumatsız olduqlarını demişdilər.

DİN Mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə də məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etməyimizi məsləhət bildirmişdi. O. Mansurzadə şikayət barədə nazirliyə konkret olaraq məlumat daxil olub-olmaması haqda açıqlama verməmişdi: "Gün ərzində DİN-ə yüzlərlə məlumat daxil olur. Şikayət edən və qarşı tərəf də bu barədə açıqlama verib. Əgər zərərçəkən Baş Prokurorluğa müraciət edibsə, onların özü ilə əlaqə saxlayın".

Amma bu açıqlamadan sonra DİN məlumat yaydı və faktın araşdırıldığı, lakin atışma ilə bağlı iddiaların isə təsdiqlənməməsi səbəbindən cinayət işinin açılmadığını bildirdi.

DİN açıqlamasındakı məqam

DİN mətbuat xidmətinin APA-ya verdiyi açıqlamada qeyd olunur ki, həqiqətən hadisədə adıçəkilən "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onun ərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfin izahatı alınıb: "Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə "Mersedes Qalenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı maşında iki gənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə xanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həmin araşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsində olan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrinin izləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Ona görə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələlər öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı".

Bu faktı Binəqədi polisi mediaya ilk gündəcə açıqlaya bilməzdimi? DİN mətbuat xidməti 10 günə yaxındır mediada hallandırılan bu məsələ barədə niyə məlumatsız olduğu açıqlamasını vermişdi?

"Tanış olmaq" maddəsi

Deputat oğlunun "tanış olmaq istəyi" qarşı tərəfin polisə müraciəti səviyyəsinə qədər böyüyürsə, onda polis gecə yarı onlarla tanış olmaq istəməyən və hətta polisi yardıma çağıran gənclərlə bağlı hansı inzibati tədbirlər görüb? Yoxsa Azərbaycanda "tanış olmaq" maddəsi də var və bu maddənin tətbiqi ilə gənc oğlanların gənc xanımlara qarşı psixoloji təzyiqi onu bütün məsuliyyətdən azad edir?

İddiaçı tərəf öz iddiasında qalır

Aynurə Cəfərovanın atası Novruz Cəfərov "Axar.az"a açıqlamasında "Musavat.com"a dediklərini növbəti dəfə təsdiqlədi. Şikayətçinin sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən gəlib sorğu-sual ediblər. Amma cinayət işi açılmayıb:

"Əgər bu qudurğanlığı kimin etdiyi məlum olmasaydı, fikirləşərdim ki, araşdırma aparılır. Ancaq hər şey məlumdur. Qızımın olduğu maşını idarə edən xanıma pul təklif ediblər, o da pulu alıb susub. Ancaq mən nə vaxta qədər susmalıyam? Mən susduqca, hadisəni belə ört-basdır edəcəklər".

N.Cəfərov dedi ki, hadisə ört-basdır edilir: "Polis özü belə bir hadisəni araşdırmaqda maraqlı olmalıdır. Mən qapı-qapı düşüb yalvarmalıyam ki, cinayət işi açılsın? Niyə ört-basdır edirlər ki? Bakının mərkəzində kimsə qudurğanlığından birinə atəş açacaq, polis də bunun üstündən keçəcək?"

A.Cəfərovanın atası deputatın bu işə laqeyd qalmasından da şikayətləndi: "Mən onlara yox, onlar mənə müraciət etməlidir. Bu qudurğanlığı mənim övladım etməyib, Ayaz Orucovun oğlu edib. Mən onun qapısına düşməli deyiləm ki, onlar mənim qapıma düşməli, üzr istəməlidirlər. Mən namuslu, qeyrətli insanam. Ailəmdə də belə qudurğanlıq edən insan ola bilməz. Bu qudurğanlığın nəticəsində mənim qızım ölə bilərdi. Qızımın yerinə başqa bir xanım da ola bilərdi. Onda nə olacaqdı? Onda da belə həll edəcəkdilər məsələni? Kimin əlində pul varsa, etdiyi hər çirkinliyi ört-basdır etməlidilər?"

Deputatın açıqlaması və...

Hələ bir neçə gün öncə mediaya açıqlamasında deputat A.Orucov bildirmişdi ki, oğlunun Bakıda maşın güllələməsi haqda yayılan xəbərlər tamamilə əsassızdır: "Mənim oğlumda tapança hardandı? O, hansı maşındı güllələnib? Nömrəsi hanı? Maşını güllələnən kimdi? Heç biri yoxdu. Mənim oğlumda 30 min hardandı konpensasiya verə, söhbəti bağlaya? Mənim oğlumun belə işlərlə işi yoxdu. Biz dövlətimizə, dövlətçiliyə xidmət edən insanlarıq. Belə məlumatlar mənim və oğlum haqda yazılan uydurma xəbərlərdi".

Ancaq iddiaçı, maşın markası ortaya çıxandan, hadisə təfərrüatı ilə açıqlanandan və DİN rəsmi məlumat verəndən sonra millət vəkili A.Orucov nədənsə inadlı müraciətlərə heç bir cavab vermədən susur.

Təsadüfi deyil ki, bütün bu susqunluqlar və bir-birini təkzibləmələr səbəbindən iddiaçı tərəfin kompensasiya ala bilmədiyi üçün indi səsini qaldırdığı, polisin isə hansısa səbəbdən bu işi artıq bağladığı barədə şübhələr mediada dolaşmaqdadır.

Tarix
2014.03.07 / 10:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla