Türkiyədə fəaliyyət göstərən iki həmyerlimiz — Ankara Bilkent Şəhər Xəstəxanasının Ürək və Damar Cərrahiyyəsi Klinikasının üzvü dosent-doktor Fərid Qasımzadə və Hacettepe Universiteti Tibb fakültəsinin Beyin və Sinir Cərrahiyyəsi kafedrasının müəllimi dosent-doktor Şahin Xanalıoğlu (Hanalioğlu) tibb elmi və səhiyyə sahəsindəki xidmətlərinə, eləcə də Azərbaycan–Türkiyə arasında səhiyyə əməkdaşlığının inkişafına verdikləri töhfələrə görə nüfuzlu mükafatlara layiq görülüblər.
Axar.az xəbər verir ki, 31 oktyabr 2026-cı il tarixində İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında, Türkiyə Sağlamlıq İnstitutları Başkanlığının (TÜSEB) təşkilatçılığı ilə keçirilən 12-ci Türk Tibb Dünyası Qurultayı çərçivəsində “2026 TÜSEB Əziz Səncər Elm, Xidmət, Təşviq və Səhiyyə Texnologiyaları Prestij Mükafatları” mərasimi baş tutub.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə neyrocərrah Şahin Xanalıoğlu “TÜSEB Türk Dünyası Səhiyyə və Elm Fəxri Beratı”na və “TÜSEB Təşviq Mükafatı”na, ürək-damar cərrahı Fərid Qasımzadə isə “TÜSEB Türk Dünyası Səhiyyə və Elm Fəxri Beratı”na layiq görülüb.
Mükafatların təqdimatı zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu və TÜSEB-in sədri Ümid Kervan da yer alıblar.