Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur.
Axar.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lotereya və idman mərc oyunlarının operatorlarına vergi öhdəliklərinin mövcud dövriyyədən 6% sadələşdirilmiş vergi rejimi saxlanılmaqla, GGR modeli üzrə vergi rejimini seçməklə bağlı hüququn verilməsi təklif olunur.
Qüvvədə olan Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır. Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 faiz dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olunmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.