Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup media nümayəndələrini təltif edib.
Axar.az xəbər verir ki, təltif olunanlardan biri də məşhur aparıcı Nailə İslamzadədir.
Qeyd edək ki, Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda anadan olub. Evin sonbeşiyi olan Nailənin özündən başqa dörd böyük qardaşı olub. Nailə tələbəlik illərində rəfiqələrinin təkidi ilə diktorluq müsabiqəsinə qatılır və müsabiqə yolu ilə dörd yüz nəfərin içərisindən seçilərək Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunur.
İlk dəfə 1983-cü il fevralın 19-da efirə çıxır.
Nailə İslamzadə diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. İşlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub.
O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan "İş'te kadın" proqramının aparıcısı olub. 2019-cu ilin sentyabr ayından etibarən İTV-də çalışır.
Hazırda Saleh Bağırovla birlikdə "Ötən günlər" proqramının aparıcısıdır.