Ötən gündən başlayaraq respublikanın şimal-qərb bölgəsində qeyri-sabit, yağmurlu hava şəraiti hökm sürür. Axşam saatlarından etibarən yağış qarla əvəz olunub, dağlıq və dağətəyi yaşayış məntəqələrinə ilk qar düşüb. Yağan qar əkinçilər və taxılçılar tərəfindən böyük sevinclə qarşılansa da, dağlıq ərazidə yerləşən Kiş kəndində bir sıra təsərrüfatlarda fəsadlara və kommunikasiya xətlərində zədələnməyə yol açıb. Ağaclar yarpaqlarını hələ tam tökmədiyindən, qarın ağırlığına tab gətirməyən iri budaqlar elektrik və internet xətlərinin üzərinə aşıb.
Axar.az Azərtac-a istinadla xəbər verir ki, Şəki rayonunda qarın ən intensiv yağdığı yaşayış məntəqələrindən biri Kiş kəndidir. Kənd sakinləri vurğulayırlar ki, son 10 ildə ilk dəfədir noyabr ayının ilk ongünlüyündə bölgəyə bu qədər qar yağır. Tezdən düşən qar xüsusilə barı yetişməkdə olan meyvə bağlarına, o cümlədən xurma ağaclarına təsir edib, məhsulun bir hissəsi qarın altında qalıb.
Kiş kənd sakini Əfsər Seyfullayevin sözlərinə görə, havanın kəskin soyuması və intensiv yağıntı səbəbindən kəndin işıq və internet təminatında müvəqqəti fasilələr yaranıb. Sakinlər bildirirlər ki, hazırda kəndin aşağı hissələrində qarın qalınlığı 5–7 santimetr təşkil etdiyi halda, yüksəkliklərdə və dağətəyi massivlərdə 20–25 santimetrə çatır.
Bununla yanaşı, yağan qarı təbiətin böyük bərəkəti kimi qiymətləndirənlər də az deyil. Digər kənd sakini İbrahim Şükürov bildirir ki, tezdən düşən qar ilk növbədə torpağın rütubət balansı və əkinçilik sektoru üçün çox faydalıdır: “Qar torpağı nəmləndirir, zərərverici mikrobları məhv edir və payızlıq taxıl səpini üçün münbit zəmin yaradır. Mövsümi çətinliklər müvəqqətidir, əsas odur ki, torpaqlarımız su ilə doyur”.
Kənd sakinləri ağac budaqlarının elektrik naqillərini zədələməsi nəticəsində bəzi məhəllələrin qaranlıqda qaldığını da diqqətə çatdırıblar.
Məsələ ilə bağlı Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qarın yaratdığı fəsadlarla əlaqədar dərhal operativ tədbirlər görülüb. Aidiyyəti qurumların – işıq və rabitə təsərrüfatı xidmətlərinin briqadaları qar yağan kəndlərə cəlb olunub. Ağac budaqlarının zədələdiyi xətlər bərpa edilib, meydana gələn kiçik fəsadlar aradan qaldırılaraq kəndə elektrik enerjisinin və internetin verilməsi tam təmin olunub.