Ali təhsil müəssisələrini bitirmiş 12 600 nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə cəlb olunması üçün yol xərci, əmlakın daşınması ilə bağlı nəqliyyat xərci, kommunal xidmətlər və yaşayış yerinin kirayə haqqı üzrə kompensasiyaların birdəfəlik ödənilməsi məqsədilə 20 milyon 900 min manat vəsait nəzərdə tutulub.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
O qeyd edib ki, təhsilli gənclərin kəndlərə cəlb olunması üçün təkcə təbliğat kifayət etmir:
“Onları bu istiqamətdə həvəsləndirəcək və cəlbedici edəcək güzəştlərə ehtiyac var. 2026–2027-ci tədris ilindən fəaliyyətə başlayan, mühəndislik və tibb ixtisasları üzrə ümumilikdə 300 tələbənin təhsil alacağı Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6 milyon manat, Qarabağ Universitetinin 2027-ci ildə fəaliyyətinin təmin olunması üçün isə 51 milyon manat vəsait nəzərdə tutulub.
Təhsil insan həyatında bütün cəmiyyəti əhatə edən yeganə sahədir. Təhsil hər bir evdə, hər bir ailədə var və cəmiyyətin bütün üzvləri bu sahədə baş verən dəyişikliklərin birbaşa şahididir. Hər il dağlıq rayonlarda şagirdlərin sayının azalması müşahidə olunur. Bununla bağlı köklü qərarların qəbul edilməsinə ehtiyac var”.
Deputat bildirib ki, Təhsil Tələbə Krediti Fondu ehtiyacı olan hər bir tələbənin kredit imkanlarından yararlana bilməsi üçün müəyyən dəyişikliklər etməlidir:
“Eyni zamanda, pedaqoji təhsilli gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblər aradan qaldırılmalıdır. Müəllimlərin sertifikasiyası müəllim nüfuzunun yüksəldilməsinə və təhsildə savadlı, peşəkar müəllim potensialının gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə şəffaflığın daha da artırılmasına diqqət yetirilməlidir. Hər il kifayət qədər məktəb tikilir və təmir olunur. Lakin bu istiqamətdə büdcə vəsaitlərinin artırılmasına ehtiyac var”.