Ana səhifə Toplum |
"Məhz həmin bildiriş vətəndaşı artıq başağrısından xilas edə bilər".
Bunu "Axar.az"a vətəndaşların fərdi torpaq sahələrində ev tikməsi ilə bağlı problemlərə aydınlıq gətirən hüquqşünas Samir İsayev dedi. O, hesab edir ki, bütün problemlər vətəndaşların qanunu bilməməsindən qaynaqlanır:
"Hüquqlarını bilməmək vətəndaşları çaşdırır. Əgər vətəndaşın sənədləri qaydasındadırsa, o zaman sənədlərini də götürüb getsin icra hakimiyyətinə və başçının adına məktub yazsın. Bu məktubdan sonra vətəndaş 1 ay müddətində gözləməli və bu müddət ərzində ona məktub gəlməlidir. Əgər cavab gəlməzsə, tikintiyə başlamalıdır. Əgər tikinti aparılan zaman icra strukturları mane olmağa çalışsa, sizin əlinizdə məktubu icra hakimiyyətinə təqdim etməklə bağlı sənəd olur. Hansı ki, siz məktubu həmin quruma təqdim edəndə onlar bu ərizəni qəbul etmələri ilə bağlı bildiriş verirlər. Əgər icra hakimiyyəti vətəndaşı məhkəməyə verərsə, məhz həmin bildiriş vətəndaşı artıq başağrısından xilas edə bilər".
Xatırladaq ki, son zamanlar vətəndaşların şikayətləndiyi məsələlər sırasında əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı yaşanan problemlər mühüm yer tutur. Belə ki, Dövlət Rüsumu haqqında Qanunda torpaq üzərində tikinti aparılması ilə bağlı heç bir rüsumun göstərilməməsi bəzilərinə çirkli pul qazanmağa yardım edir. Amma tikintiyə icazənin alınması üçün heç bir ödəniş tələb olunmur. "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları"na əsasən, tikintiyə icazə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsindən alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi göstərilməklə icazə verməkdən imtina edir. Ərizəçi burdakı iradları aradan qaldırıb yenidən müraciət edə bilər. İcazə üçün müraciətə baxan idarə müxtəlif məsələləri, o cümlədən həmin ərazinin altından magistral kəmərlərin keçməsini və s. nəzərə alır. Tikinti üçün icazəni alandan sonra maneəsiz şəkildə fərdi yaşayış evinin tikintisinə başlamaq olar. Qeyd edək ki, fərdi yaşayış evinin hündürlüyü 12 metrdən çox olsa, onun tikintisinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir.
Tarix
2014.03.13 / 17:59
|
Müəllif
Tural İbadov
|