“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Balakən rayonunda yerli icma nümayəndələri ilə görüş keçiriblər.
QSC-dən Axar.az-a verilən məlumata görə, Balakən Rayon İcra Hakimiyyətində keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının, idarə və müəssisələrin nümayəndələri, Filizçay polimetal yatağının yaxınlığında yerləşən Mazımqaray, Gərəkli, Mahamalar və Salban kəndlərinin sakinləri, ağsaqqallar, eləcə də yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Filizçay polimetal yatağının Azərbaycanın dağ-mədən sənayesi üçün strateji əhəmiyyət daşıyan ən iri layihələrdən biri olduğunu vurğulayıb. Bildirilib ki, layihənin həyata keçirilməsi Şimal-Qərb regionunun, xüsusilə Balakən rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, sənaye infrastrukturunun formalaşmasına, yerli biznes mühitinin canlanmasına, kiçik və orta sahibkarlıq subyektlərinin logistika və təchizat zəncirində iştirak imkanlarının genişlənməsinə şərait yaradacaq.
“AzerGold” QSC İdarə Heyətinin üzvü – sədr müavini İlqar Cəlilov “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas layihələrindən biri olan Filizçay yatağının strateji əhəmiyyəti və resurs potensialı barədə məlumat verib. O, yatağın yalnız Azərbaycan deyil, Avropa miqyasında da ən iri, geoloji quruluşu və metallurgiya xüsusiyyətləri baxımından mürəkkəb dağ-mədən layihələrindən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, yataqda genişmiqyaslı geoloji-kəşfiyyat işləri tamamlanıb və beynəlxalq standartlara uyğun resurs qiymətləndirilməsi aparılıb. Layihə təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq mərhələli şəkildə icra olunur. Hazırda İlkin Texniki-İqtisadi Əsaslandırma mərhələsində olan layihə çərçivəsində filizin emalı üçün flotasiya və hidrometallurgiya texnologiyaları üzrə ətraflı araşdırmalar aparılır. Əsas məqsəd optimal və ekoloji baxımdan ən təhlükəsiz emal texnologiyasını müəyyənləşdirməkdir.
Strateji yol xəritəsinə əsasən, 2030-cu ildə Yekun Texniki-İqtisadi Əsaslandırma mərhələsinin tamamlanması və sənaye miqyaslı istehsalı təmin edəcək emal zavodunun tikintisinə başlanılması planlaşdırılır. İstismar müddətinin 34 il nəzərdə tutulduğu müəssisənin 2032-ci ildə ilkin istismara verilməsi hədəflənir.
“AzerGold” QSC İdarə Heyətinin üzvü – sədr müavini Ayşəm Qələmiyeva layihənin yerli əhali üçün yaradacağı sosial-iqtisadi imkanlardan bəhs edib. Bildirilib ki, zavodun tikintisi və sonrakı istismarı dövründə yerli sakinlər üçün yüzlərlə yeni və daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, peşə hazırlığının gücləndirilməsi, mühəndislik və texniki sahələr üzrə ixtisaslaşmasının dəstəklənməsi də diqqət mərkəzində olacaq.
Görüşdə, həmçinin layihə çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi, su ehtiyatlarının qorunması, tullantıların idarə olunması, torpaq və biomüxtəlifliyin mühafizəsi, ekoloji monitorinq mexanizmlərinin tətbiqi, eləcə də yerli icmaların ekoloji məsələlər üzrə məlumatlandırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən “AzerGold” QSC-nin indiyədək fəaliyyət göstərdiyi bölgələrdə formalaşdırdığı qabaqcıl KSM təcrübəsi Balakən rayonunda da tətbiq ediləcək. Yerli icmaların dayanıqlı rifahının dəstəklənməsi məqsədilə məşğulluq, təhsil, səhiyyə, sosial-iqtisadi inkişaf və ətraf mühitin mühafizəsi istiqamətlərində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda sakinlərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
“AzerGold” QSC-nin KSM Komitəsi Filizçay layihəsinin icra mərhələləri, nəzərdə tutulan fəaliyyətlər və yerli icmalar üçün yaradılacaq imkanlar barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Balakən rayonunun sakinləri ilə görüşləri davam etdirəcək.