Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bir sıra normativ hüquqi aktlara düzəlişlər ediləcək.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 noyabr tarixli 813 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Ehtiyatları Agentliyi bir ay müddətində İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının layihəsini Nazirlər Kabinetinə təqdim etməlidir.
Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, Dövlət Ehtiyatları Agentliyinin Kollegiya üzvlərinin sayı və tərkibinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, Dövlət Ehtiyatları Agentliyinin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi”nin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunmalıdır.
İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Dövlət Ehtiyatları Agentliyi tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi”nin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Dövlət Ehtiyatları Agentliyinin balansından “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi”nin balansına verilməsi ilə bağlı tədbirlər görməli və Nazirlər Kabinetinə məlumat verməlidir.
Dövlət Ehtiyatları Agentliyi “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin ləğvetmə komissiyasını yaradaraq həmin publik hüquqi şəxsin ləğv edilməsi istiqamətində iki ay müddətində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.