Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nəqliyyat Nazirliyi
ilə birgə paytaxtda reydlər keçirir.
"Axar.az"ın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov
bildirib ki, noyabrın 7-də keçirilən reydlər paytaxtın metronun
"Koroğlu" stansiyasının yaxınlığındakı avtobus dayanacağından
başlayaraq "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu"
stansiyalarına qədər küçə və yollar boyunca dayanacaqların, eləcə
də yol boyu yolların hərəkət hissəsində, ikinci cərgədə
avtomobilləri saxlayan və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul
olan sürücülərə qarşı, eləcə də avtobus sürücüləri arasında
nizam-intizamın yaradılması məqsədi ilə keçirilib.
Reydlər zamanı yol polisinin və Nəqliyyat Nazirliyinin
əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyən və tədbir
yerində avtomobili yüksək sürətlə idarə edən, hətta əməkdaşların
üzərinə avtomobili sürərək qaçmağa cəhd göstərən 6 sürücü barəsində
tədbir görülməsi üçün raport təqdim edilib. 10 avtobus yol
hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan
dayanacaqlara göndərilib. Dayanma, durma və park etmə qaydalarını
pozduqlarına görə çoxlu sayda sürücüyə inzibati protokollar tərtib
olunub. Avtobus dayanacağı ərazisini zəbt etdiyi üçün
evakuatorların köməyi ilə həmin avtomobillər cərimə meydançalarına
aparılıb.
Sərnişinlər, piyadalar və ətrafdakı insanlar əməkdaşların
fəaliyyətinə müdaxilə etdikləri üçün onlar arasında da geniş
təbliğat işləri aparılıb. Reydlər zamanı taksi fəaliyyəti ilə
məşğul olan bir sürücüdən soyuq silah sayılan bıçaq aşkarlanıb.
V.Əsədov sözlərinə görə, sürücülər arasında tədbirlər davam
etdiriləcəkdir. Bir daha avtomobil sahibləri və sürücülərinin
nəzərinə çatdırılır ki, avtobus dayanacaqlarının ərazisində
avtomobili park edənlərə, yolların hərəkət hissəsində, ikinci
cərgədə, piyada səkilərində, yolların kəsişmə hissəsinə yaxın
məsafələrdə, dayanma-durmanın qadağan edildiyini göstərən
nişanların təsir zonalarında tələbləri pozan avtomobil sürücülərinə
qarşı mütəmadi tədbirlər görüləcək.